ARB telekanalı televiziya və radio işçilərinin peşə bayramında maraqlı bir ilkə imza atıb. "Yaxşı ki, varsan" verilişinin bu günkü qonağı Azərbaycan teleməkanında ilk fiziki məhdudiyyətli aparıcı olan Amid Həsənquliyev olub.
Bu barədə Bizim.Media-ya "Yaxşı ki, varsan" verilişinin redaktoru Çimnaz Şıxverdiyeva məlumat verib.
Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud olan şəxslərin həyat tərzini işıqlandıran verilişin çəkilişi maraqlı anlarla yadda qalıb.
Çalışdığı "ARB"nin qonağı olan Amid Həsənquliyev 28 yaşında keçirdiyi qəzadan danışıb.
Əlil arabasına məhkum olmasına baxmayaraq Amid həyata olan bağlılığını heç vaxt itirmədiyindən danışıb:
"İlk dəfə əlil arabasına əyləşəndə tək qalmaq istədim, kənara çəkilib bir özümə, bir də arabaya baxdım, bir az gözüm yaşardı. Sonra bir il müddətində özümə qapanıb həyat barəsində düşündüm. Sonra anladım ki, mənə 2-ci həyat verilib".
Qeyd edək ki, 42 yaşlı Amid Həsənquliyev ARB TV-də yayımlanan "Biz birik" verilişinin aparıcısıdır. Bu layihə fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası mövzusundan bəhs edir.
O, həm də "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin təsisçisidir. Həmkarımız ailəlidir, bir övlad atasıdır.
Məlumat üçün bildirək ki, hər bazar günü ARB TV-də yayımlanan "Yaxşı ki, varsan" verilişinin layihə rəhbəri ARB Günəş-in direktoru Məhsim Məhsimov, aparıcısı isə Coşqun Viləşdir.
Çimnaz Şıxverdiyeva bu verilişin məqsədinin izləyicilərə ötürmək istədiyi mesajı da açıqlayıb:
"Fiziki məhdudiyyətlər onların qüsuru deyil, taleyidir. Bu taleyi xoşbəxt yaşamaları üçün sevgimizi və şəfqətimizi əsirgəməyək" .
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu