Zaqatalada dağların ətəyində yerləşən Car kəndi şabalıd məhsulu ilə məşhurdur. Payızın ilk günlərindən kənddə bu məhsulun yığımına başlanılır. Tikanlı qozanın daxilində yetişən şabalıdın toplanması heç də asan olmur. İnsanlar xüsusi əlcəkdən və maşadan istifadə edir.
Bəri başdan qeyd edək ki, Zaqatalanın təkcə bu kəndində şabalıd ağacları daha geniş yayılıb.
Kənd dağların ətəyində yerləşdiyindən istənilən həyətdə şabalıd ağacına təsadüf etmək mümkündür. Avqust ayında başlayan fındıq yığımı qurtarar-qurtarmaz Car kəndində şabalıdın ağacdan çırpılmasına start verilir.
Bizim.Media-nın ilk qapısını açdığı İsral Səfərov da məhsul yığanlardandır.
Kənd sakini şabalıdı anbara yığıb üzərinə qıca (ya qıja-red) topladıqlarını söyləyir:
“Üstünə ot yığırıq, çürümə verir, iki aydan sonra yaba ilə döyüb qozadan ayırır və satışa çıxarırıq. İki ay qalmalıdır ki, şabalıd çıxsın”.
Digər kənd sakini Əli Dibirov da şabalıdın ağacdan çırpılma mövsümünün yekunlaşdığını deyir.
Əli dayının sözlərinə görə, əvvəlllər həyətində daha çox şabalıd becərib və bol məhsul götürürmüş:
“Bu dəqiqə bizdə şabalıd sezonu başa çatır, anbarlara yığırıq. Lakin şabalıda ağacda da xəstəlik düşüb. Ata-babadan qalan ağacların hamısı quruyub, indi cavan ağaclar qalıb”.
Əli dayı onu da diqqətimizə çatdırır ki, bu il yay şabalıdın meyvəsi formalaşan dövrdə yağışların yağmaması məhsula təsir göstərib:
“Bu il yağışlar çox az oldu, yağmadı. Demək olar ay yarım yağış yağmadı. İndi sulayırsan, su da azdır. Ona görə şabalıd bu il bir az xırda olub”
Yolumuzu davam etdirib kəndin daha ucqarlarına qalxırıq. Həyətlərdə şabalıd toplayan kim, məhsulu anbara yığan kim. 15 yaşından şabalıd çırpmaqla ad çıxaran Ömər dayı ilə həmsöhbət oluruq. Kənddə elə həyət, elə ev yoxdur ki, orada ağac çırpılmasın.
O, hər bir ağacın, budağın dilini bildiyini deyir:
“60 yaşım var, 15 yaşımdan başlamışam ağac çırpmağa , bu işlə məşğulam, ata-babadan qalan məhsuldur. Amma son vaxtlar quruyur. Məhsul zay olur, qurd düşür”.
Sakinlərlə söhbət əsnasında onu da öyrənirik ki, son illər ağaclara naməlum qurd düşüb və onun ən bəhrəli budaq və tingini məhv edir. Bu isə məhsuldarlığa ciddi ziyan vurur.
Sonda onu da qeyd edək ki, şabalıddan mətbəximizdə geniş iştifadə olunur. Ondan müxtəlif yemək və qənnadı məmulatlar hazırlanır. Ona görə fındıq və qozdan qiyməti də fərqlənir.
Belə ki, hazırda fındıq 2 manat 50 qəpik, qoz 3-4 manat arasında dəyişirsə, şabalıd 5-7 manata satılır. Xüsusən yeni il və Novruz bayramı ərəfəsində bu məhsulun qiyməti iki dəfə arta bilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:08 / 06.11.2022
Zaqatalada şabalıd yığımı başa çatır - Kənd sakinlərindən özəl AÇIQLAMA - FOTO
Hazırda oxunan: Zaqatalada şabalıd yığımı başa çatır - Kənd sakinlərindən özəl AÇIQLAMA - FOTO
Hazırda oxunan: Zaqatalada şabalıd yığımı başa çatır - Kənd sakinlərindən özəl AÇIQLAMA - FOTO
103061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.