Noyabrın 5-də “Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu keçiriləcək.
Bizim.Media xəbər verir ki, forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Təhsil İnstitutunun, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda keçiriləcək.
Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
"Daha təhsilli gələcək" şüarı ilə keçiriləcək beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək. Forum "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini, İƏİT-in "Təhsil və bacarıqların gələcəyi - 2030" sənədini, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı inkişaf məqsədlərindən biri olan keyfiyyətli təhsil məqsədini rəhbər tutur.
Forumun əsas məruzəçisi İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer olacaq.
Xatırladaq ki, noyabrın 2-dən 4-dək Bakıda PISA İdarə Heyətinin 54-cü görüşü keçirilib. PISA İdarə Heyətinin iclası ilə əlaqədar dünyanın 46 ölkəsindən 70-dən çox ekspert Bakıda səfərdə olub.
PISA ilə bağlı qısa videoçarxı təqdim edirik:
Bizim.Media