Viran qalmış NAR BAĞI – “Xudu Məmmədovu öldürməyə gəlmişik”

Hazırda oxunan: Viran qalmış NAR BAĞI – “Xudu Məmmədovu öldürməyə gəlmişik”

102852

“Bu həyəti, bu evi əllərimizin zəhməti ilə qurmuşduq. İşlərin çoxunu yoldaşımla özümüz görürdük... İndi heç nə qalmayıb. Mirzə rəhmətlik həyətə 34 ədəd nar kolu əkmişdi. Deyirdi ki, uşaqlar univerisitetə qəbul olandan sonra bizim də təqaüd yaşımız çatacaq. Bax onda bu həyətdə becərdiyimiz meyvə ağaclarını ailə biznesi kimi istifadə edərik. Buradan qazandıqlarımızı uşaqlara göndərərik. İndi gördüyünüz kimi cəmi üç-dörd nar kolu qalıb. Onlar da pöhrələyib çıxanlardır”, deyir, Məhluqə Atakişiyeva.

Məhluqə xanım 1959-cu ildə Kəlbəcərdə doğulub. Ailə həyatı qurduğu ömür gün yoldaşı Mirzə Atakişiyev daxili işlər nazirliyinin zabiti olduğu üçün keçmiş sovet ölkələrinin müxtəlif ərazilərinə işləyib. Elə buna görə də ailə Kəlbəcərdə o qədər də çox yaşamayıb. Mirzə Atakişiyevin qürbətdə sonuncu xidmət ünvanı Rusiyanın Həştərxan vilayeti olur. Sonra növbəti təyinatla Ağdam rayon ərazisində yerləşən cəzaçəkmə müəssisəsində rəis müavini vəzifəsinə göndərilib. Ailənin Ağdamda daimi yaşamasına da səbəb həmin təyinat olub.

Məhluqə xanım deyir ki, həyat yoldaşının iş yerinə yaxın, - Ağdamın Şahbulaq kəndində özlərinə həyət yeri götürüb ev tikirlər:

“Ağdama köçəndə böyük oğlumuz İlqar və Məzahir varıydı. İlqar 1978-ci ildə Həştərxanda, Məzahir isə 1979-cu ildə Kəlbəcərdə doğulub. Ağdama köçəndən sonra 1982-ci ildə Nicat, 1988-ci ildə isə İlahə doğulub. Hamısını gördüyünüz bu kənddə, bax bu evdə böyütmüşük”, - deyə bildirir Məhluqə Atakişiyeva.

Ermənistanın Azərbaycan torpaqlarına silahlı təcavüzünün başlaması burada yaşayan minlərlə ailə kimi Atakişiyevlər ailəsinin də arzularını yarımçıq qoyur. Belə ki, ailə başçısı Ağdam ərazilərində gedən döyüşlərə biganə qalmır. Erməni ordusunun müxtəlif istiqamətlərdən hücumunu görən zabit döyüşə atılır. Özü də rəhbərlik etdiyi müəssisədə cəzaçəkən məhbuslardan yığdığı dəstə ilə... 

Həmin illər İlqar Atakişiyev yetkinlik yaşında olub. O, atasının şəhid olduğu günü heç vaxt unutmayacağını və ailənin ən kədərli günü olduğunu deyir: 

“Döyüşlər “türmə”nin yaxınlığında gedəndə atam məhbuslarla söhbət edərək onları sərbəst buraxıb və onlardan ibarət 46 nəfərlik dəstəni silahlandırıb döyüşə - ərazinin müdafiyəsinə qalxıb. Bir gün kənddə camaatdan eşitdim ki, atam şəhid olub. Onun meyidini götürə bilmirlər. Qohumlardan birinin maşını ilə döyüş olan tərəfə gedirdik. Kəndin içərisində qarşımıza çıxan maşından atamı sörüşdular. Onlar da cavabında “götürüblər, indi kəndə gətirirlər”, deyildi. Elə hesab etdim ki, maşınla qayıtsam evə gec çatıb atamı görə bilməyəcəm. Kəndin ortasından düz evimizə qədər qaça-qaça getdim. Atamın nəəşini evin zalına gətirdilər. O qədər ağlamışdım ki, özümü itirmişəm...”  - İlqar Atakişiyev 

Daxili İşlər Nazirliyi kapitanı, şəhid Mirzə Atakişiyev rayonun Şahbulaq kənd qəbirstanlığında dəfn olunur. Bundan sonra sözün əsl mənasında ailənin ağır günləri başlayır. Ailə başçısını itirdikdən qısa müddət sonra yaşadıqları kənd də işğala məruz qalır. Köçkünlük illərinin yaşatdığı çətinliklərə baxmayaraq Məhlüqə xanım şəhid olmuş həyat yoldaşından yadigar qalan övladlarının təlim-tərbiyyə işləri işlərinin öhtəsindən gəlməy bacarır. İlqar və Məzahir ali hərbi təhsil alaraq zabit kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayırlar. Nicat və İlahə isə fərqli sahələrdə təhsil alıb həyat atılırıar... 

Bank sektorunda kiçik qardaş Nicat Atakişiyev artıq çətin günlərin geridə qaldığını deyir. O hesab edir ki, indi atalarının ruhu şaddır: 

“Evin ən kiçiyi bacım İlahədir. Atamız şəhid olanda o körpə yaşlarında idi. Rəhmətliyin ən böyük tələbi dərsləri yaxşı oxumaq, ən böyük arzusu isə bizi müstəqil həyatda mövqeyi olan insan kimi görmək idi. Anamız da atamın arzularının həyata keçməsində bizə çox böyük dəstək oldu. Bu bir köçkün ailəsinin imkanları çərçivəsində olmasa da bacara bildik”, - deyə bildirir N.Atakişiyev.

29 il sonra Atakişiyevlər xüsusu icazə ilə Ağdam şəhərinə səfər edib. İlk olaraq Ağdam Şəhidlər Xiyabanını, Ağdam Cümə Məsçidini ziyarət etdikdən sonra Şahbulaq kənd qəbirstanlığına gələrək burada dəfn edilmiş şəhid ailə başçısını, onun yanında dəfn edilmiş digər şəhid məzarlarının qalıqları önünə gül dəstələri düzüb, ruhuna ehtiram ifadə ediblər. Məzarı ziyarət edən İlahə Atakişiyeva həmin illərdən çox az şey xatırladığını deyir.

Bildirir ki, bir Azərbaycan xanımı, bir şəhid qızı kimi 29 il sonra da olsa atasının məzarını qürurla ziyarət edir. İlahə onu belə izah edir: 

“Bura ilə bağlı yalnız uşaq xatirələrim var. Yaşım az olduğu üçün çox şeyi xatırlaya bilmirəm. Ancaq reallıq budur ki, biz atamın ziyarətinə onun arzu etdiyi kimi gəlmişik. Atamın şərəf və ləyaqətlə çiynində daşıdığı rütbələri indi iki qardaşım daşıyır. Digər qardaşım isə başqa sahədə dövlətimizə xidmət edir. Mən buna görə çox xoşbəxtəm... Allah bütün şəhidlərimizə rəhmət etsin”, deyə diqqətə çatdırıb İlahə Atakişiyeva 

Ailə şəhid məzarını ziyarət etdikdən sonra tamamı ilə viran edilmiş evlərini ziyarət edir. Burada demək olar ki, daş üstə daş qalmayıb. Ev tamamı ilə dağıdılıb həyətdə olan bütün əşyalar yağmalanıb, ya da yandırılıb. Ancaq buna baxmayaraq, uzun illər ailənin ağır yükünü çəkən Məhluqə Atakişiyeva bütün övladlarını başına toplayaraq xarabalığa çevrilmiş kənddə yerləşən dağılmış evinin kandarında şəkil çəkdirməklə mesaj verir bütün həyata...

Məhluqə ana bundan da daha gözəl güzəran yaradıb, elə buradaca da ömür sürəcəyini bildirir: 

“Öncə ailəmizin bura səfər etməsində bizə köməklik göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm. Sonsuz təşəkkür edirəm, sağ olsunlar. Mən geridə qalan ömrümü burada keçirəcəm. Mənim üçün doğma olan Şahbulaq kəndində. Mən həyat yoldaşımın timsalında bütün şəhidlərimizin qisasını almaq üçün üç oğlumdan ikisini hərbçi kimi yetişdirib yüksək rütbəli zabit etdim. Bütün hər şeyə Dövlətimiz və Vətənimiz naminə dözm gətirdim. Ancaq buradan açıq şəkildə bildirirəm ki, bizim öz həyətimizi özümüzə versələr onların istədiyi qaydada burada yeni ev tikdirib ən azı bu kəndin bir evinin də bərpa edilməsində ölkəmizə dəstək olacam. Bunu bir şəhid xanımı kimi, iki zabit anası kimi deyirəm”, - Məhluqə Atakişiyeva

Səfər zamanı ən çox diqqət cəlb edən məsələlərdən biri şəhid kapitan Mirzə Atakişiyevin türkçü olması, övladları sayəsində Türkiyəyə səfər edib orada Azərbaycan, Qarabağ haqqında geniş danışması arzuları olub. Əlbəttə ki, bu, həmin illər üçün tək komandirin arzusu deyildi.

Azərbaycan ziyalılalırınin bir çoxu əlində olan bütün resurslardan istifadə edərək əsarət altında qalmış böyük millətdən söz, işarə ediblər. Məsələn, 1967-ci ildə akademik Xudu Məmmədovun Londonda qatıldığı bir elmi konfransdan xəbər tutan türkiyəli tələbələr onunla görüş keçirməyi bacarırlar.

Türk tələbələr Xudu Məmmədova ən böyük arzunuz nədir deyə sual edirlər, akademik türk tələbələrə “Ən böyük arzum Azərbaycandakı evimin qapısı döyülsün, açım ki, silahlı-süngülü türk əsgəri dikilib qarşımda və o, mənə deyir ki, biz türk əsgəriyik sonuncu komnist Xudu Məmmədovu öldürməyə gəlmişik... 
Həqiqətən Şəhid kapitan Mirzə Atakişiyevin ruhu şaddır. Ona görə yox ki, onun qapısını silahlı-süngülü türk əsgəri döyür, ona görə ki, onun məzarını öz qanından törəyən iki türk zabiti ziyarət edib ona türk zabitinin hərbi salamını verir... 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin