Azərbaycan siyasi arenasındakı düşmən QARDAŞLAR – SİYAHI

Hazırda oxunan: Azərbaycan siyasi arenasındakı düşmən QARDAŞLAR – SİYAHI

102847

Azərbaycan siyasəti arenasında təmsil olunan qardaşların sayı kifayət qədərdir. Onlardan bəziləri oxşar siyasi görüşlərə sahib olsalar da, bəziləri bir-birinə tamamilə zidd mövqelərdə dayanıblar. Bəzən isə narazılıqlar küsülülüklərə, hətta düşmənçiliklərə belə gətirib çıxarıb.

Məsələn, Azərbaycan Sosial Demokrat Partiyasının qurucuları olan Araz və Zərdüşt Əlizadə qardaşları buna ən uyğun örnək idi. Hətta Araz Əlizadə dünyasını dəyişdikdə belə, Zərdüşt Əlizadə onun ölümündən bixəbər olduğunu bildirmişdi.

Yaxud, Rüstəm və Maqsud İbrahimbəyovları qeyd edə bilərik. Mərhumlar yaşadıqları dönəmdə bir-birləri ilə soyuq münasibətə sahib idilər.

Dünyasını dəyişənlərlə yanaşı, bu gün də siyasi arenada düşmən qardaşlara rast gəlmək mümkündür. 

Sərdar Cəlaloğlu – Qurban Məmmədov

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə qardaşı Qurban Məmmədov uzun illərdir küsülüdürlər. Bununla bağlı 2013-cü ildə mətbuata danışan S.Cəlaloğlu qardaşı ilə 5 ildir danışmadığını bildirmişdi. O, 2021-ci ildəki açıqlamasında da qardaşı ilə heç bir əlaqəsinin olmadığını təkrarlamışdı. Uzun müddət eyni partiyada olan, hazırda isə yolları tamamilə ayrı düşən qardaşlar, deyilənə görə, hətta bir-birinin şəxsi məclislərinə qatılmırlar. 

İsa Qəmbər – Rövşən Qəmbər

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə qardaşı Rövşən Qəmbər arasında münasibətlər də gərgindir. Partiyanın 2014-cü ildə keçirilən qurultayı öncəsi müsavatçılara müraciət edib, onları Qubad İbadoğluna səs verməyə çağırması və qardaşına qarşı "cihad etməsi" İsa Qəmbərin xoşuna gəlməyib. Sabiq Müsavat başqanı ilə qardaşının münasibətləri də məhz bundan sonra korlanıb.

Rəsul Quliyev – Telman Quliyev

Milli Məclisin sabiq spikeri, 1996-cı ildən ABŞ-da mühacirət həyatı yaşayan Rəsul Quliyevlə qardaşı Telman Quliyev də siyasətçi qardaşlardandır. Lakin onların da siyasi baxışları üst-üstə düşmür. Belə ki, 2013-cü ildə keçirilən Prezident seçkilərdən Telman Quliyevin İlham Əliyevi dəstəklədiyini açıqlaması, Rəsul Quliyev tərəfindən heç də birmənalı qarşılanmamışdı. Sabiq spiker həmin vaxt qardaşının mövqeyini dəstəkləmədiyini elan etmişdi.

Qubad İbadoğlu – Vüqar Bayramov

Bitərəf millət vəkili Vüqar Bayramovla müxalifət cəbhəsində təmsil olunan Qubad İbadoğlunun da siyasi baxışları üst-üstə düşmür. Vüqar Bayramov qardaşı ilə bağlı mətbuata verdiyi açıqlamada deyib: “Qubad İbadoğlunun qardaşı kimi, nə də ona Vüqar Bayramovun qardaşı kimi yanaşılması doğru deyil: hər birimizə fərdi yanaşılıb və fəaliyyətimizə uyğun qiymətin verilməsinə ehtiyac var”.

Qənimət Zahid – Mirzə Sakit

Qənimət Zahid və Mirzə Sakit qardaşları da düşmən qardaşlar siyahısında yer alır. İkincinin birinciyə “Səni qoyun otlağında otararam” fikirləri yəqin ki, heç kimin xatirindən silinməyib. Hər ikisi müxalifət cəbhəsində təmsil olunsalar da, biri AXCP-nin, digəri isə Müsavatın təbliğatçısı kimi cəmiyyətdə ad qazanıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin