Dəyərli dostlar, hörmətli həmkarlar!!
Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərə düz bir həftə vaxt qaldı. Gələn bazar günü artıq bu saatlarda hamı ilkin olaraq seçkilərin nəticələrini həm Mərkəzi Seçki Komissiyasının (MSK) onlayın rejimdə açıqlayacağı rəqəmlərdə, həm ekzit-poll aparan təşkilatların məlumatlarından, konkret rəqəmlərdən, həm də namizədlərin məntəqələr üzrə müşahidəçi və vəkilləri tərəfindən edilən qeydləri əsasında bilinəcək.
Artıq tam əminliklə deyə bilərəm ki, 33 saylı Xətai birinci seçki dairəsindən Milli Məclisə 2015-ci ildə tam yeni, tam fərqli bir namizəd seçiləcəkdir. Bu adam nə hakim Yeni Azərbaycan Partiyasının siyahı üzrə verdiyi namizədi, Xətai rayon təşkilatının sədri, 2 dəfə, 10 il bu dairədən "qutudan çıxan" hörmətli Hüseynbala Mirələmov, nə də "ana müxalifət" partiyası kimi dairə üzrə qeydiyyata alınmış namizəd Müsavat başqanı hörmətli Arif Hacılı olacaq. Bunu apardığımız iki həftəlik saysız-hesabsız görüşlər, fərdi və qrup halında etdiyimiz söhbətlər və müşahidələr deməyə əsas verir.
Ancaq bu gün bu qeydlərimi tam fərqli bir məsələ ilə bağlı yazıram.
Müşahidələrim onu deməyə əsas verir ki, deyəsən 2015-ci ildə də bəzi natəmiz əllər və onların ağaları olan vicdan hissini itirmiş şəxslər seçkiyə haram qatmaq istəyirlər. İndidən deyirəm ki, alınmayacaq. Bu dəfə siz çox yanılırsınız, hörmətli icra strukturlarının, təhsil və digər qurumların bu "tamaşada" iştrak etməyə razılıq vermiş şəxsləri və hələlik adlarını açıqlamadığım "gözəgörünməz" qüvvələr.
Peşəkar hərbçi və Vətənini canından çox istəyən şəxs kimi demək istəyirəm ki, bizi sadəlöhv, avam saymayın. Harda nə olmasından və kimin nə oyunlardan çıxmasından -haram pullarla ehsan süfrələrinin təşkil edilməsindən tutmuş, ən xırda detallarına kimi hər addımdan məlumatımız var.Hətta təkzibolunmaz faktlarımız da kifayət qədərdir. Bu əməlləri etməyə göstəriş verən şəxslər bir önəmli məsələni unutmamalıdırlar ki, onlar Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, və onun 100 minlərlə ordusunun, eləcə də Müharibə Veteranları, Şəhid ailələri, Qarabağ qazilərinin və əlillərinin, Əfqanıstan və Çernobıl hadisələrinin iştrkçılarının təmsilçisinə qarşı bu yolverilməz addımı atmaq istəyirlər.
Nə qədər gec deyil, mən Xətai rayon icra strukturlarının rəhbər şəxslərinə, təhsil naziri Mikayıl Cabbarova, həmçinin adları və soyadları bəlli olan bəzi məktəb, litsey direktorlarına və baxça müdir və müdirələrinə müraciət edirəm. Özünüzü "yandırmayın". Vəzifələrinizə görə yanlış və səhv addım atmayın. Sizə bu qanunsuz və hansısa maraqlar naminə öz nəfsinə sahib çıxa bilməyən bəzi saxtakar, nəfəsi yalanla gedib-gələn şəxslər kömək edə bilməyəcəklər. İnanın buna. Bu gün burada çox şeyləri açıqlamadım. Amma, indidən sizi Allaha və Azərbaycan qanunlarına tapşırmağı özümə vacib sayıram.
Unutmayın ki, Milli Məclisə 2015-ci il seçkilərinin bütövlükdə taleyi məhz 33 saylı Xətai birinci seçki dairəsində həll olunacaqdır. Kim bilmir bir daha xırda bir izahat verməyi lazım bilirəm.
Bu il seçkilərdə hakim partiya olan YAP-ın 10 il deputat olmuş və bu müddət ərzində seçicilərini xeyli məyus etmiş hörmətli Hüseynbala Mirələmov və "ana müxalifət" partiyası kimi Müsavat başqanı Arif Hacılı üz-üzə gəlir. Nəzərə alsaq ki, bu ilki parlament seçkiləri AXCP, Milli Şura, ADP və digər cəmiyyətdə tanınmış partiya və qüvvələr tərəfindən boykot edilib, məhz YAP ilə Müsavat 33 saylı Xətai birinci seçki dairəsində mübarizəyə qatılıblar. Yuxarıda qeyd etdiyim kimi, seçkilərin bitməsinə düz 7 gün qalıb, amma nə hakim partiya, nə də müxalifəti təmsil edən Müsavat başqanının komandası və özü demək olar ki heç bir təbliğat və təşviqat işləri aparmayıb və heç aparmır da. YAP öz namizədinin təşviqat materaiallarını lövhələrə yapışdırsa da, hörmətli Arif Hacılı bu günə kimi 1 dənə də olsun nə görüş, nə də təşviqat materaialı dairə üzrə yerləşdirməyib. Seçicilərlə yeganə davamlı şəkildə görüşən, onların arzu və təkliflərini, qayğı və problemlərini dinləyən, onlarla maraqlanan 3 nəfər bitərəf namizədlər - Ülkər xanım Musazadə, Ruslan İzzətli və mən olmuşuq. Belə olan halda hansı haqla artıq indidən vicdanlı insanların əhval-ruhiyyəsini korlayan və buna cəhd edən bəzi natəmiz adamlar bu ən önəmli və mən deyərdim strateji əhəmiyyətli seçki dairəsində Azərbaycanın taleyinə çox böyük xətər və ziyan toxundura biləcək addımlar atmaq istəyirlər?? Məgər 70 dairədən birində, məhz bu strateji dairədə YAP-ın nümayəndəsi o qədər önəmli və əvəzedilməz şəxsiyyətdir ki, bəzi dayaz düşünən adamlar ölkəni 10 il müddətində millət vəkili kimi heç də layiqincə təmsil etməyən birisinə yenidən qurban vermək istəyirlər?? Tam səmimi deyirəm ki, söhbət heç də mənim seçilib-seçilməməyimdən getmir. Əgər bu dəfə də bu dairədə saxtakarlıq və insanların iradəsinə zidd addım atılacaqsa, bunun bədəli bütövlükdə ölkəmiz üçün çox ağır olacaq. Bunu düşünmək lazımdır. Bu dairədən bəzi nəfsi xarab və Azərbaycana düşmən mövqedə duran şəxslər saxta və ya hər hansı hoqqabazlıqla zorla YAP nümayəndəsini "qutudan çıxaracaqsa", bu artıq uzun müddətli çəkişmələrə, söz-söhbətə səbəb olmaqla yanaşı həm də ölkəmiz adına böyük utancverici hərəkət olacaqdır. Necə deyərlər, məndən demək, sizlərdən isə yaxşı-yaxşı düşünmək, hörmətli seçkiyə cavabdehlik daşıyan şəxslər. Gəlin Azərbaycanımızın naminə doğru və düzgün addım və qərar qəbul edək. Ən yaxşısı isə saxtakarlıq və hansısa maraqları naminə bu seçkiyə xələl gətirmək istəyən qüvvələri ortalıqdan yığışdırın. İmkan verin ki, insanlar öz istəkləri ilə azad və demokratik şəraitdə seçimlərini etsinlər. MSK sədri Məzahir Pənahovun da yazdıqlarım qeydləri nəzərə alması çox önəmlidir. Yoxsa, sonra gec olar...
P.S. Bütün məsələlər bizim tərəfimizdən seçkiyə 3 gün qalmış açıq və şəffaf şəkildə ictimailəşdiriləcəkdir.
Tanrı mərdimazarlara, nəfsi xarab olan, öz şəxsi maraqlarını dövlətimizin, xalqımızın maraqlarından üstün tutan istənilən şəxsə min lənət etsin!.
Tanrı Azərbaycanımızı qorusun!!






























































































