Qəbir BİZNESİ - Sağlığında məzar yeri götürmək İSLAM dininə uyğundurmu?

Hazırda oxunan: Qəbir BİZNESİ - Sağlığında məzar yeri götürmək İSLAM dininə uyğundurmu?

102204

Azərbaycanda və digər bəzi islam ölkələrində öncədən qəbir yeri götürmək dəb halını alıb. İnsanlar hələ sağ ikən, nə zaman öləcəklərini bilmədikləri halda, hətta yaxınları üçün qəbir yeri götürüb, onun ətrafını hasarlayırlar. Bu məzar yeri üçün kifayət qədər pul da xərcləməli olurlar.

Dünyasını dəyişən insanın məhz doğmalarının yanında dəfn edilməsinin önəmi olmadığı halda, bu prinsiplə gedənlərin sayı az deyil.

Bəs, İslam nə deyir?

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, nə Quranda, nə İncildə, nə də Tövratda ölməmişdən məzar yeri götürmək, əvvəlcədən özünə qəbir daşı və ya məqbərə düzəltmək var:

“İslam dinində Qurandan sonra ən böyük nümunə Həzrəti Məhəmməd Peyğəmbərdir. O da sağlığında harada dəfn edilməsi haqda bir söz deməyib, sağlığında ona qəbir yeri hazırlanmayıb. Əksinə o bir çox yerdə buyurub ki, mənim qəbrimin üstündə məqbərə tikməyin, ziyarətgaha çevirməyin, pərəstiş etməyin mənə.
Mən sadə və adi insanam, mənim sizdən bir fərqim odur ki, sizdən fərqli olaraq Allahdan mənə nida və vəhy gəlir. Ona görə də insanların sağlığında özünə qəbir yeri alıb hasarlaması düzgün deyil. Vacib deyil ki, bir nəsil bir yerdə dəfn edilsin. İslama görə kim harada vəfat etsə orada da, yəni həmin qəsəbədə, həmin ölkədə dəfn edilməlidir”.

İlahiyyatçının sözlərinə görə ölkəmizdə bu məsələ çox bərbad və nəzarətsiz şəkildədir:

“Vəzifəli şəxslər var ki, az qala bir hektar yeri on nəsli üçün zəbt edib. Özü də qəbiristanlığın mərkəzi hissələri məmurlara aiddir. Yəni, ən yaxşı yerləri özləri üçün götürüblər. Halbuki hər rayonun, hər kəndin tanınmış ziyalıları, alim və şairləri var.

Qəbiristanın önəmli yerlərində onlar dəfn edilməlidir. Xalq üçün, el - oba üçün fayda verən adamlar öndə dəfn edilməlidir ki, kənar bir adam o məzarlığa girəndə qabağına ilk olaraq korrupsioner, rüşvət üstündə tutulub həbsxanada ölmüş harın məmur məzarı çıxmasın, yaxşı adamın, yazarın, şairin məzarı çıxsın. Ancaq əfsus ki, belə deyil.
Məzarlıqda yerləri əvvəlcədən bron edib satanlar var. Biz həmişə demişik ki, əvvəlcədən yer almaq, qəbirləri ayrı - ayrı hasara almaq, uca və bahalı qəbir daşları qoymaq İslam dininə görə doğru deyil və qınanır. Ancaq gərək bununla bağlı ciddi nəzarət olsun. O da yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin