Bakıda “parklanma dəllalları” yenidən fəallaşıb. İdarəedicisi müəmmalı olan şəxslər əllərinə fürsət düşdüyü ərazilərdə tarifləşməyən parkovka özbaşınalığından istifadə edərək yenidən hərəkətləniblər.
Sürücü avtomobili park edən kimi başının üstünü bəlli olmayan şəxs kəsdirərək, “parkovka” xidməti göstərir. Sonra da özünün müəyyənləşdirdiyi məbləği tələb edir. Bu proses daha çox məhəllələrarası ərazilərdə baş verir. Bu durum artıq sürücüləri hövsələdən çıxarır. Dövlətin pulsuz elan etdiyi parklanma yerlərinin ünvanları cəmiyyətə açıqlanmadığı üçün vətəndaşlar paytaxtın hansı parklanma yerinin pulsuz və ya pullu olduğunu müəyyənləşdirə bilmirlər.
Bizim.Media-ya müraciət edən bir neçə sürücü qanunsuz “parkovşik” lərin əlindən təngə gəldiklərindən şikayətləniblər. Dediklərinə görə parklanmaya görə onlardan 5 dəqiqə və 1 saat üçün də 1 manat tələb olunur. Bu isə yolverilməzdir.
MÖVZU İLƏ BAĞLI:
Parklanma ilə bağlı paytaxt küçələri hazırlığa GƏTİRİLİR – “Parkovka” hələ 1 il də pulsuz olacaq
Tariflər vaxtla həyata keçirilir, saatına və sutkasına görə hesablanır. Paytaxtda yerindən asılı olmayaraq vahid tarif müəyyənləşməlidir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında parklanma tariflərinin Nazirlər Kabinetinin müzakirəsində olduğunu, hələki təsdiqlənmədiyini deyib.
Məlumat üçün bildirək ki, ölkədə parklanma yerləri ilə bağlı tariflər mövcud deyil. Bu ilin yanvar ayında Bakı Nəqliyyat Agentliyi (BNA) parklanma yerlərində qiymətlərin müəyyən edilməsi üçün beynəlxalq təcrübəyə əsaslanan konsepsiya hazırladı və Nazirlər Kabinetinə təqdim etdi.
Həmin konsepsiyada BNA-nın digər məsələlərlə yanaşı tariflərlə də bağlı təklifləri yer alıb.
Hələki tariflərin təsdiqlənməsi ilə bağlı proses gecikir.
Xatırladaq ki, hazırda Bakıda 15 min avtomobillik parklanma yeri müəyyənləşib. Belə ki, bir neçə il əvvəl BNA parklanma yerləri üçün Bakı Şəhər İcra Hakimiyyətindən 10 minə yaxın yer alıb.
Sonradan aparılan analiz və təhlillərdən sonra əlavə olaraq 5 min avtomobillik parklanma yeri də alınıb. Həmin parklanma yerləri müvafiq tariflər təyin olunana qədər pulsuzdur.
İlkin mərhələdə 138 avtomobil üçün parklanma yeri təşkil edilib.
Alçina Amilqızı, Bizim.Media