Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Yaqub Babayev şəxsi münasibətlər zəminində həyat yoldaşı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində “Cavid” ticarət mərkəzinin yaxınlığında baş verib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən Yaqubun sözlərinə görə, Ləman ilə 2017-ci ildə qeyri-rəsmi nikaha daxil olub, onların bir oğlan övladları dünyaya gəlib:
“Təxminən 3 il bundan əvvəl münasibətlərimiz qaydasında getmədiyi üçün ayrılmaq qərarına gəldik. Ayrıldıqdan sonra azyaşlı oğlum Ləman ilə birlikdə yaşamağa başladı. Ayrıldıqdan sonra ara-sıra övladım ilə görüşüb, ona baş çəkmişəm. Lakin övladıma aliment ödəmirəm, çünki Ləman özü bundan imtina edib”.
Təqsirləndirilən şəxs deyib ki, “Cavid” ticarət mərkəzinin qarşısında işdə olan zaman Ləmanın əvvəllər tanımadığı bir şəxslə əl-ələ gəzişdiyini görüb:
“Buna görə əsəbiləşdim. Ona yaxınlaşıb iradımı bildirdim. Aramızda olan münaqişə daha da dərinləşdi. Münaqişə vaxtı Ləmanın sifət nahiyyəsinə bir şillə vurdum”.
Cinayət işi üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, təxminən 2 il Yaqubla bir yerdə yaşayıb:
“Bu münasibətimizdən oğlumuz olub. Yaqubla münasibətlərimiz elə əvvəldən pis olub. O, mütəmadi olaraq spirtli içki qəbul edib. Bu səbəbdən onun bu hərəkəti məni narahat edirdi. Yaqubla dəfələrlə bu barədə profilaktiki söhbətlər aparsam da, sözlərimə əhəmiyyət verməyib”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, bu səbəbdən 2019-cu ildə Yaqubla münasibətlərinə son qoymaq qərarına gəlib:
“Bundan sonra münasibətlərimiz kəsildi. Yaqub arabir iş yerimə gələrək oradan çıxmağımı gözləyirdi. Lakin hər bir halda onunla görüşmək istəmirdim. Hadisə günü xəstə olduğum üçün iş yerimdən məni və iş yoldaşım Şahini müayinədən keçmək məqsədilə Sumqayıt şəhər 2 saylı ailə-sağlamlıq mərkəzinə göndərdilər. Hər ikimiz oradan müayinədən keçdik. Daha sonra dərman almaq məqsədilə “Cavid” Ticarət Mərkəzinin qarşısına getdik.
Orada təsadüfən Yaqubla qarşılaşdıq. Yaqub mənə yaxınlaşaraq uşağı əlimdən alacağını bildirdi. Ona buna nail ola bilməyəcəyini dedim. Bu zaman Yaqub əsəbiləşərək üz nahiyyəmə zərbə endirdi. Başım yaxınlıqdakı dönərxananın divarına dəydi. İş yoldaşım məni Yaqubun əlindən aldı. Biz taksiyə minərək oradan uzaqlaşdıq”.
Zərərçəkmiş bildirib ki, daha sonra bu barədə polisə məlumat verib. O, deyib ki, Yaqubla barışmayıb, ona ən ağır cəza verilməsini istəyir.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə tapşırılıb. Onun üzərinə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvan tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:15 / 31.10.2022
Keçmiş arvadını döyən kişi 6 ay Sumqayıtı tərk edə bilməyəcək
Hazırda oxunan: Keçmiş arvadını döyən kişi 6 ay Sumqayıtı tərk edə bilməyəcək
Hazırda oxunan: Keçmiş arvadını döyən kişi 6 ay Sumqayıtı tərk edə bilməyəcək
101981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.