Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olan hamilə qadının dünyaya gətirdiyi uşaq müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilərkən yolda keçinib.
Bizim.Media-nın yerli bürosuna Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 24 yaşlı Yeni Suvagil kənd sakini Gülsənəm Zamanova oktyabrın 25-də doğum üçün xəstəxanaya daxil olub. İlk hamiləliyi olan qadın qadın təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Lakin həkimlər yeni doğulan körpədə kəskin narahatlıq olduğunu müşahidə edərək, onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsinə qərar veriblər.
MÖVZU İLƏ BAĞLI:
Zaqatalada yeni doğulan körpə ölüb
Məsələ ilə əlaqədar TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, doğuş prosesi ağır keçdiyindən körpənin doğulmasında ləngimə qeydə alınıb:
“Bu səbəbdən körpəyə doğuş zamanı ağır asfiksiya diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilən körpə Bakı şəhərinə təxliyə edilib. Lakin tibb müəssisəsinə yerləşdirilmədən körpədə ölüm halı qeydə alınıb”.
TƏBİB-dən həmçinin bildirilib ki, hazırda körpə ölümü mütəxəssislər tərəfindən araşdırılır və daha dəqiq məlumat araşdırmalar yekunlaşdıqdan sonra bilinəcək.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu