Gəncədə Vətən müharibəsi şəhidi Rauf Əsgərovun anım tədbiri keçirilib - FOTO 

Hazırda oxunan: Gəncədə Vətən müharibəsi şəhidi Rauf Əsgərovun anım tədbiri keçirilib - FOTO 

101686

Gəncədə şəhid baş leytenant Rauf Əsgərovun şəhadət günü anıldı.

Bizim.Media–nın yerli bürosunun məlumatına görə, bu gün vətəninə, xalqına, torpağına bağlılığı sayəsində könüllü olaraq 44 günlük Vətən Müharibəsinə yollanan, hər kəsin Hacı Rauf kimi tanıdığı Rauf Vaqif oğlu Əsgərovun şəhadətə yüksəldiyi gündür.

Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. 1985-1996-cı illərdə Gəncə şəhərində İ.Nəsimi adına 44 nömrəli tam orta məktəbdə, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb.
Hacı Rauf 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul hadisələrində - düşmən təxribatı ilə başlayan Tovuz döyüşləri zamanı 42 yaşlı Rauf Əsgərov könüllü olaraq orduya yazılıb. 44 günlük Vətən müharibəsində isə ehtiyatda olan zabit kimi orduya çağırılıb. 

Dostları və yaxınlarının sözlərinə görə, Rauf Əsgərov Qarabağın, işğal altında olan digər torpaqların azad olunmasının bir qeyrət işi olduğunu söyləyib.

Odur ki, 2020-ci ilin sentyabr ayının 27-də Ali baş komandan İlham Əliyevin Vətənin müdafiəsinə və torpaqlarımızın erməni vandallarından azad olunması üçün silaha sarılmaq çağırışına böyük ruh yüksəkliyi ilə qatılıb.

Belə ki, şirkətlərin birində Təmir-tikinti və Energetika Şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışan Rauf Əsgərov Vətən müharibəsi başlayanda işini, ailəsini, 3 övladını geridə qoyaraq döyüşə yollanıb.
Şəhidin anası Briliyant Əsgərovanın sözlərinə görə, oğlu hərbi komissarlığa getdiyini hər kəsdən gizlədib:

“Tovuz döyüşlərində könüllü olaraq iştirak etmək üçün özü müraciət etmişdi. Vətən müharibəsində ehtiyatda olan zabit kimi orduya çağırıldı. Rauf çox mərd, sədaqətli və vətənpərvər biri idi. Mən yas mərasimi zamanı oğlumu sanki yenidən kəşf etdim. Tanımadığım insanlar mənə yaxınlaşaraq dərdimə şərik olur, oğlumun onlara etdiyi yaxşılıqlardan ürək dolusu danışırdılar. Mən də şəhid anaları, ataları kimi öz balamla, bütün şəhidlərimlə fəxr edirəm. Onların mərdliyi, qorxmazlığı, döyüşkənliyi sayəsində bu gün artıq Qarabağ azaddır”.

Briliyant Əsgərova  Ali Baş Komandan İlham Əliyevə, birinci vitse Prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdiyi diqqət və qayğı üçün minnətdar olduğunu qeyd edib.

Anım tədbiri Gəncə Şəhidlər Xiyabanından başlayıb. Yüzlərlə insan şəhidin məzarını ziyarət edib. Daha sonra tədbir şəhidin yaşadığı binanın qarşısında davam etdirilib. Burada şəhidin adının əbədiləşdirilməsi məqsədilə yaradılan güşənin aşılış mərasimi keçirilib.

Tədbirdə çıxış edənlər Hacı Raufun həyat yoluna bir daha nəzər salaraq onun qəhrəmanlıq səlnaməsini xatırlayıblar.

Tədbir məktəblilərin ifasında şəhidlərə həsr olunan şeir və mahnılarla davam edib. Sonda şəhidin ruhuna ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Rauf Əsgərov Füzuli rayonunun kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə öz bölməsi ilə bərabər iştirak edib. Baş leytenant oktyabrın 26-da Mərdinli kəndinin düşməndən azad edilməsi uğrundakı döyüşlər zamanı əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub.
Baş leytenant Rauf Əsgərov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin