Azərbaycan Mərkəzi Bankı (AMB) Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpağımız olan Qarabağın azadlığı uğrunda apardığı və qalibiyyətlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Savaşı qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə xatirə pul nişanlarının dizaynının yaradılması ilə bağlı müsabiqə elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, müsabiqənin mövzuları aşağıdakılardır:
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Bank tədavülə yeni pul nişanları buraxacaq - ÖZƏL
1. “Vətən Müharibəsinin qəhrəman əsgəri” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
2. “Şuşa - Azərbaycanın mədəniyyət və musiqi beşiyidir” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
3. “Azərbaycanın memarlıq incisi- Xudafərin körpüsü” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
4. “Ulu öndər Heydər Əliyev - “Bir millət, iki dövlət” qardaşlıq səlnaməsi” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
5. Düşmən tapdağından azad olunmuş ərazilərimizin tarixi və mədəni irsi mövzusunda xatirə sikkələri:
- “Cəbrayıl rayonu”
- “Füzuli rayonu”
- “Zəngilan rayonu”
- “Qubadlı rayonu”
- “Ağdam rayonu”
- “Kəlbəcər rayonu”
- “Laçın rayonu”
- “Xocavənd rayonu”
- “Suqovuşan kəndi”
Müsabiqədə iştirak etmək üçün iştirakçıların şəxsiyyət vəsiqəsinin surəti və xatirə pul nişanlarının eskizləri 22 fevral 2021-ci il, saat 18:00-a qədər AMB-yə təqdim olunmalıdır.
Təqdim olunacaq eskizlərin qiymətləndirilməsini və qalibin müəyyən edilməsini münsiflər heyəti aparacaq, qalib gəlmiş eskiz əsasında xatirə pul nişanlarının dizaynı hazırlanacaq.
Xatirə sikkələri üzrə müsabiqənin qalibi üçün hər mövzu üzrə 1 000 manat pul mükafatı müəyyən olunub.
Əlaqə: [email protected] tel. 012 4931122 (daxili 264)
Bizim.Media