Yanvarda ərzaq məhsulları, martda isə çörək BAHALAŞACAQ – Vacib PROQNOZ 

Hazırda oxunan: Yanvarda ərzaq məhsulları, martda isə çörək BAHALAŞACAQ – Vacib PROQNOZ 

101616

“Növbəti ildən ərzaq məhsullarında bahalaşma qaçılmazdır. Biz bunu istehsal qiymətləri indeksində baş verən dəyişikliklərin təhlili zamanı da müşahidə etmiş olduq”. 

Bu sözləri iqtisadçı-ekpert Rəşad Həsənov növbəti ildə ərzaq məhsullarının qiymətində gözlənilən proqnozlardan danışarkən qeyd edib.

Ekspertin sözlərinə görə istehsalçı qiymətlər indeksi istehlak qiymətləri indeksi ilə müqayisədə daha çox artıb:
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrda ən çox bahalaşan ƏRZAQ MƏHSULLARI  


“Bəzi məhsullar üzrə bir neçə dəfə fərq var və bunu yığılıb qalmış təzyiq kimi də qiymətləndirmək olar. Mərhələli şəkildə bu təzyiq tranformasiya olunacaq istehlak qiymətləri indeksinə, yəni bazarda satış qiymətlərində öz əksini tapacaq. Bu, ən mühüm faktordur. Hətta bütün şərtlər dəyişməsə, sabit qalsa, 2023-cü il ərzaq məhsullarında təkliflə bağlı problem, FAO-nun belə xəbərdarlığı var. Eyni zamanda Ukrayna-Rusiya konfliktinin həlli ilə bağlı gözləntilər aşağı düşüb. Bu da hər iki ölkənin dünya ərzaq təchizatı zəncirində iştirakçılığı imkanlarını məhdudlaşdıracaq”. 

Ekspert əlavə edib ki, bu günlərdə Beynəlxalq Enerji Agentliyinin rəhbərliyi səviyyəsində artıq enerji böhranı ilə bağlı ilk dəfə olaraq dünyada ciddi konyukturun formalaşması xəbərdarlığı edildi:

“Həmçinin enerji qiymətlərinin artması dolayısı ilə ərzaq tədarük zəncirində xərclərin artması, istehsal zəncirində xərclərin artması və ərzaq məhsullarının bahalaşması istiqamətində təzyiq yarada bilər. Əgər dünya bununla bağlı real həll yolu tapa bilməzsə... Ərzaq məhsullarında qiymətlər Azərbaycanda da artacaq. Çünki məhsulların əhəmiyyətli hissəsini və yerli istehsal olan məhsulların da bir çoxunun xammalını idxal edirik. Bütövlükdə bu proses Azərbaycanda da istehlak bazarına təsir göstərəcək”. 

İqtisadçı növbəti ildə taxıl və çörəyin də qiymətlərindəki gözləntidən danışıb. O, deyib ki, indiki halda taxılın qiyməti qismən sabitləşsə, bolluq olsa da mart ayından sonra qıtlıq gözləniləndir:

“Koridorun açılması və Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı razılaşma,  iki mövsüm dövrünün olması, eləcə də bir sıra ölkələrin mövsüm dövrünün başlaması səbəbindən ixraca tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırması nisbətən bolluğa səbəb olub. Təxminən ötən 6 ay ərzində taxılın qiymətində 25 faiz artıq ucuzlaşma müşahidə olunur. Bu baxımdan qısamüddətli dövrdə vəziyyət optimal hesab edilə bilər. Amma növbəti ilin mart ayından sonra yenə bir təzyiqin və qıtlığın yaranması ehtimalı yüksək qiymətləndirilir.

Belə olduğu təqdirdə təbii ki, qiymətlərin də bahalaşması gözlənilən və proqnozlaşdırılandır. Bilirsiz ki, ərzaq məqsədli taxıl istiqamətində 90 faiz asılığımız var. Məhsulun bol olduğu indiki dövr ərzində Azərbaycan ehtiyatlarını artırarsa, vəziyyətə müəyyən qədər müdaxilə etmək olar. Bu istiqamətdə dövlətin də özəl sektora dəstəyə ehtiyac var. İqtidasiyyat Nazirliyinin xətti ilə zaman-zaman buna bənzər dəstək verilir. İdxalçı və tədarükçü şirkətlərə bu kampaniyanın əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var.

İstənilən halda mart ayından sonra böyük ehtimalla yaranmış qiymət artımı istiqamətli təzyiqlərin Azərbaycan bazarına da təsiri ola bilər”.

Rəşad Həsənov müəyyən sosial qrupun istifadə etdiyi bir neçə çeşidli çörəyin qiymətinin az da olsa nəzarətdə saxlanıldığını qeyd edib:

“Amma digər növ çörəklərin qiyməti isə artır. Bu, şirniyyat məmulatları və digər qənnadı məhsullarında da özünü göstərir. Ona görə də növbəti ildə qiymət artımları gözlənilədir”.  

Alçina Amilqızı, Bizm.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin