“Zorakılıqla bağlı görüntülər qərəzli və məqsədli şəkildə yayılır” - SOSİOLOQ

Hazırda oxunan: “Zorakılıqla bağlı görüntülər qərəzli və məqsədli şəkildə yayılır” - SOSİOLOQ

101456

Ötən gün Daxili İşlər Nazirliyi sosial media istifadəçiləri və jurnalistlərə azyaşlılara aid zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamaqla bağlı müraciət edib. Müraciətdə azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntülərin yayılmaması tövsiyə olunur.

Bildirilir ki, hansısa məlumat və sual varsa bunu açıq platformada yox, şəxsidə bildirmək, soruşub aydınlaşdırmaq olar. Bu da ümumi marağa daha çox töhfə verə bilər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sosioloq Ağasəlim Həsənovun bildirib ki, azyaşlıya və yaxud qadına qarşı törədilmiş zorakılıq hallarına dair görüntülərin kütləvi şəkildə yayılması doğru deyil:
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən MÜRACİƏT – “Azyaşlılarla bağlı görüntüləri yaymayın”


“Amma belə hallar hansısa ictimai müzakirə yarada bilir. Sadəcə məsələnin konkret olaraq həlli istiqamətində o qədər də effektiv deyil. Nəzərə alaq ki, bu sahə ilə məşğul olan Dövlət Komitəsi var. Bu problemlə onlar məşğul olmalıdır.

Görünür həmin qurumların fəaliyyəti cəmiyyəti qane etmir deyə bu tip məsələlər ictimailəşdirilir. Vaxtında, zamanında həmin qurumlar ən azından lazımınca maarifləndirmə işi aparsaydı vəziyyət bu həddə gəlib çıxmazdı.

Əslində toplum olaraq hər kəs, bu məsələyə öz töhfəsini verməlidir. Məsələn, biz kinolarda da tez-tez rast gəlirik ki, kimsə hansısa zorakılıq görürsə həmən müvafiq dövlət qurumlarının qaynar xəttinə zəng edir, məlumat verir. Bizsə əksinə, zorakılıq hallarını tez videoya çəkib sosial şəbəkədə paylaşırıq. Bu da nəinki, problemi həll etmir, əksinə məsələni çıxılmaz vəziyyətə salır”.

Sosioloq yayılan görüntülərin bəzi hallarda şəxsi maraqlardan qaynaqlandığını da söylədi: 

“Çox təəssüf ki, bəzi hallarda görüntülər qərəzli və məqsədli şəkildə yayılır. O görüntüləri yayanların bəziləri kimlərisə hədəfə alır. Və özünün çirkin niyyətinə çatmaq üçün əlinə düşən istənilən fürsətdən yararlanmağa çalışır. Bəzən olur ki, yayılan videolar konteksdən çıxarılır, şişirdilir və yaxud həqiqəti əks etdirmir. Belələri etdikləri əməlin həm lentə alınan insanların, həm də ona baxanların həyatında hansı travmalar yaratdığını qətiyyən düşünmür”.

Ağasəlim Həsənov maarifləndirmə işinin gücləndirilməsini yeganə çıxış yolu hesab edir: 

“Yaxşı olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətini genişləndirsin. Maarifləndirmə işini gücləndirsinlər. Binaların girişlərinə, ictimai yerlərə plakatlar asılsın. İnsanlar bilsin ki, hansısa zorakılıq halına rast gələndə ilk növbədə nə etməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin