Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, baş naziri Nikol Paşinyan oktyabrın 31-i Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq.
"Məndə olan məlumatlara görə, Paşinyan səfər edəcək. Düşünürəm ki, görüş baş tutacaq”, deyə Simonyan söyləyib.
Qeyd edək ki, Əliyevlə Paşinyan arasında son görüş 6-7 oktyabr tarixlərində Praqada keçirilib.
Ona cavab olaraq Putin Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyev və Nikol Paşinyanı Rusiyada görüşməyə dəvət edib. İndi bəlli olur ki, belə bir görüş oktyabrın son günündə olacaq.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Soçidə ciddi, qızğın, həm də Moskvanın İrəvana təzyiqləri baxımından yadda qalan danışıqlar olacaq:
“2021-ci ilin noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə görüş keçirilib. O vaxtdan bəri belə görüşlər formatına Brüssel sahiblik edirdi. Hazırda regionda yeni proses və tendensiyalar müşahidə olunur. Bu reallıqda da Putin tərəflər arasında görüşün keçirilməsini zəruri hesab edib. Qeyd edək ki, yeni tendensiyaları Moskva özü üçün təhlükə hesab edir. Yeni tendensiyaların yaranmasına da səbəbkar İrəvandır. Paşinyanın təşəbbüsü ilə Praqada əldə olunan razılığa əsasən Avropa İttifaqının mülki missiyası artıq Ermənistana gəlib.
Paşinyan hətta iki aya gələn missiyanın əbədi ola biləcəyinə də işarə vurub. Ermənistan baş naziri ATƏT-in missiyasını da ölkəsinə gətirmək istəyir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın ABŞ-a səfəri, habelə onun ölkəsinin KTMT-dən çıxmaq niyətini bəyan etməsi də Moskvanın gözündən yayınmayıb.
Bundan başqa, İrəvana antirusiya bəyanatları ilə çıxış edən Amerika konqresmenlərinin səfərləri də intensivləşib. Bu əsasda Kreml hesab edir ki, Paşinyan artıq Qərbə tərəf meyllənir.
Moskva bütün bunları özü üçün təhlükə hesab edir. Bu baxımdan Moskvanin belə bir görüşü təşkil etməsi anlaşılandır. Kremldə düşünürlər ki, Qərb Ukrayna ssenarisini Cənubi Qafqaza da transfer etmək və bununla da Rusiyanı həmin regiondan da vurub çıxarmaq istəyir.
Bunları nəzərə almaqla düşünürəm ki, Soçidə ciddi, qızğın, həm də Moskvanın İrəvana təzyiqləri baxımından yadda qalan danışıqlar olacaq. Görüşün gedişi zamanı Moskvanın İrəvana ciddi təzyiqləri olacaq. İrəvanın Zatulin və Simonyanın Ermənistana gəlişinə qadağa qoyması da artıq Rusiya Ermənistan münasibətlərindəki çatların getdikcə dərinləşdiyinə işarədir”.
Rüfət Sultan, Bizim.Media