Binəqədi bələdiyyəsinin sədri və bacısından 200 min manatlıq dələduzluq - MƏHKƏMƏ

Hazırda oxunan: Binəqədi bələdiyyəsinin sədri və bacısından 200 min manatlıq dələduzluq - MƏHKƏMƏ

101101

Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Zərinə Məmmədova ifadə verib. O bildirib ki, zərərçəkmiş Gülnaz Məmmədovanın qızıdır. Şahid deyib ki, təqsirləndirilən şəxslər onlara ümumilikdə 189 min 500 manat ziyan vurublar. 

Zərinə Məmmədovanın sözlərinə görə, 2021-ci ilin əvvəlində bacısı Aygünün vasitəsi ilə Aytacı tanıyıblar: "Aytac bacıma dedi ki, qızıl alveri ilə məşğul olurlar. Bizi də iş qurmaq məqsədilə bu işə cəlb etdilər".

Şahid deyib ki, həmin ilin yanvar-mart aylarında Aytac və İlknura pulları veriblər: "Martın 8-də bizə gəlir verilməli idi. Amma verilmədi. Dedilər ki, martın 21-ə kimi ödəniş olacaq. Amma ödəniş olmadı".
Şahid deyib ki, sonradan Aytac onlara ziyanın ödənilməsi üçün torpaq sənədi verib: "Biz həmin sənədi yoxladıq. Sənədin saxta olduğu məlum oldu".

Prokuror Vüqar Quliyevin suallarını cavablandıran şahid deyib ki, onun anasının adına olan, lakin özünə məxsus olan evini, avtomobilini satıb, həmin pulu da Aytac və İlknura verib. Onun sözlərinə görə, anası, bacısı və özü tərəfindən verilən pulların ümumi dəyəri 189 min 500 manat olub.

Növbəti proses noyabrın 1-də davam edəcək.

İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.

Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmiş şəxslər vəd ediblər.
Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.

Onlar zərərçəkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin