Bakı şəhər Prokurorluğunun müstəntiqi Hindistan vətəndaşlarından rüşvət almaqda ittiham edilir

Hazırda oxunan: Bakı şəhər Prokurorluğunun müstəntiqi Hindistan vətəndaşlarından rüşvət almaqda ittiham edilir

101088

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və onunla birlikdə mühakimə olunan sabiq polis əməkdaşı Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Ramin Talıbovun vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkilin ilk vəsatəti müdafiə etdiyi şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi olub.

O bildirib ki, müdafiə etdiyi şəxsin barəsində istintaq orqanı tərəfindən verilən ittihamda heç bir sübut yoxdur: “20 il əvvəl istintaqa ifadə verən Hindistan vətəndaşları deyiblər ki, Samir Kərimovun yanında bir cavan polis əməkdaşı olub, həmin polis əməkdaşı kənarda dayanıb, heç bir halda müdaxiləsi olmayıb. Bundan başqa, müdafiə etdiyim şəxsin həmin şəxslərlə telefon danışığı da olmayıb”.

Prokuror isə deyib ki, bu məsələyə məhkəmə araşdırmasının sonunda qiymət verilməlidir. O, vəsatətin baxılmamış saxlanılmasını istəyib. Hakimlər də hazırkı mərhələdə vəkilin bu vəsatətini baxılmamış saxlayıb. 
Daha sonra vəkil prosesin audio yazı ilə aparılması barədə vəsatət verib. Hakimlər hazırkı mərhələdə prosesin audio yazı ilə aparılması üçün texniki imkanları olmadığını deyiblər. Bu səbəbdən vəsatət təmin olunmayıb. 

Bundan sonra vəkil müdafiə etdiyi Ramin Talıbovun əleyhinə ifadə vermiş bəzi şahidlərin dindirilməsi barədə vəsatət verib. Vəkil qeyd edib ki, həmin şahidlər 13 il əvvəl prokurorluqda dindirilsələr də, cinayət işi sonradan yenilənən zaman həmin şahidlərin dindirilməsini, təqsirləndirilən şəxslərlə üzləşdirilməsi təmin olunmayıb. 

Müşavirə keçirən hakim heyəti isə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb. Hakim İradə Həsənzadə deyib ki, cinayət işi üzrə əsas şahidlər dindirildikdən sonra əlavə şahidlərin dindirilməsi məsələsi müzakirə olunacaq. 

Samir Kərimovun vəkili Kamandar Nəsibov isə müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. 

Samir Kərimov bildirib ki, onun bu işlərdə heç bir günahı yoxdur: “Məhkəmə araşdırması zamanı da bu müəyyən olunacaq. Mən də bu işə aydınlıq gətirilməsini istəyirəm. Bu işi Abbas Abbasovun oğlu Aydın Abbasov qurub”. 

Prokuror isə deyib ki, təqsirləndirilən şəxs hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Onun sözlərinə görə, Samir Kərimov Rusiyaya gedib və bundan sonra da ad-soyadını dəyişib:

“2006-cı ildə isə Rusiya vətəndaşlığını alıb. Başqa ad-soyadla Azərbaycana gəlməsindən heç kim xəbərdar ola bilməzdi”.

Bu zaman prokurorla vəkil Kamandar Nəsibov arasında mübahisə yaranıb. Hakim isə vəkilə xəbərdarlıq edib. Bundan sonra müşavirə keçirən hakim heyəti Samir Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib. 

Daha sonra çıxış edən Samir Kərimov deyib ki, o, hələ müstəntiq olan zaman Zakir Qaralovun göstərişi ilə barəsində araşdırma aparılması başlanılıb:

“Digər otaqda bununla bağlı araşdırmalar aparılırdı. Mənə bir söz deyilmirdi. Hiss edirdim ki, mənimlə bağlı nəsə bir iş görürlər. Bununla bağlı özüm Baş Prokurorluğun Ağır Cuinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getdim. Orada məni Nürəddin adlı müstəntiq dindirdi.

Ondan sonra məni heç kim heç yerə çağırmayıb, dindirən olmayıb. Burada iş axtarsam da, tapa bilmədim. 2004-cü ildə Rusiyaya getdim. Orada vəkil olmaq üçün sənəd verdim. Rusiyada olduğum zaman səfirliyin tədbirlərindən iştirak etmişəm. Qanuna görə cinayət işinin cəlb etmə müddətinin vaxtı 12 ildir. Amma bu işin üstündən 12, 14 il yox, düz 18 il keçib”.

Samir Kərimov cinayət işi üzrə adı keçən 11 nəfər Hindistan vətandaşının yerinin müəyyən edilməsini və məhkəmədə dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. 

Məhkəmə baxışı oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və onunla birlikdə mühakimə olunan Ramin Talıbovla qabaqcadan əlbir olub, Hindistan vətəndaşlarından rüşvət alıb.
İstintaq sənədlərinə görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşı polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə  Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib. 

Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.

Bundan sonra müstəntiq məsələnin bağlaması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb.

Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla  birgə gedib.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib. 

Faktla bağlı Samir Kərimov və  Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

İttiham olunan Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiq Samir Kərimov cinayət hadisəsi törətdikdən sonra ölkədən çıxdığı üçün iş 20 il ərzində dayandırılıb. Bu ilin əvvəlində isə cinayət işi yenilənib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Təqsirləndirilən şəxslərdən Samir Kərimov həbsdə, Ramin Talıbov isə zamindədir. 

Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin