İqtisadçı ekspert Rövşən Ağayev mediada və sosial şəbəkələrdə nəqliyyat naziri Ziya Məmmədovun "vurulması"yla bağlı yazıların çoxluq təşkil etməsinə özünəməxsus şərh verib:
"Ziya Məmmədovun qol-budad edilməsi prosesinə hakimiyyətdəki rəqiblərinin nə qədər sevindiklərini nəzarət etdikləri mediadan aydın görmək olur. Bu dəqiqələrdə sayt və qəzetlər sevinc göz yaşları içərisində yağış sularından leysan yaranmış kanalizayasız Bakı küçələrini xatırladır.
Əgər bilsəm ki, hakimiyyətdəki korrupsiyanın kökü, yollarda sürücülərə divanlar Ziya Məmmədovla bitəcək, mən də öz sevinc göz yaşlarımdan məmnuniyyətlə pay ayırmağa hazıram.xa0
Bir hadisəni xatırladım. 2000-ci ildə mediada iqtisadçı-jurnalist kimi çalışanda bir qalmaqallı yazı ilə ilə bağlı Ziya Məmmədov məni görüşə dəvət etmişdi. Təxminən yarım saat söhbət etdik, müstəqli media haqda tərfli fikirlər söylədi. O zaman Dövlət Dəmir Yolu İdarəsinin rəhbəri olan bu adam amma nazir olduğu 13 ildə bir dəfə olsun müstəqil mediaya açılmadı. Niyə? Çünki 2000-ci illərin əvvəlində ölkədə mediaya münasibət, mətbuatın gücü tamam fərqliydi - yəni dəyişən məmur yox, onun içərisində olduğu siyasi sistem və mühitdi.
Mən Ziya Məmmədovu müdafiə eləmirəm, onun vurulmasını da düzgün sayıram. Amma "daşı ilk olaraq günahı olmayanlar atsın" prinsipini həmişə düzgün saymışam. Nəzarətindəki mediasında Məmmədova "sağdan da, soldan da" döşədənlərin daş atmağa nəinki haqları çatır, onların özləri də "daşlanmalı"dılar.xa0
Ölkədə sistem dəyişməlidir - Məmmədov, Heydərov, Əhmədov, Quliyev və s. soyadlı nə qədər desən oliqarx üçün divan tuta-tuta Azərbaycanda parlamentə təyinatla deputat təyin edilirsə, deməli sistem dəyişmir - sadəcə öz balalarını yeyir.
Ən çox narahat olduğum budu ki, xalq bu prosesdə tamaşaçı rolundan o qədər məmnundur ki, elə bil tamaşanın baş qəhrəmanı Məmmədov və onu əzən Baş Qəhrəman yox, bizik. Təsəvvür edin ki, səhnədə cek-potu 100 milyon dollar olan loteriya oyunu gedir və sonda ondan sizə heç nə çatmayacaq - nəyə və niyə sevinirsiniz ki?


































































































