Ötən ay Sumqayıtda narkotikə görə saxlanılan qadın yenidən tutulub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.
Nəticədə əvvəllər məhkum olunmuş Xanlar İbayev, Teymur Məmmədov, İlham Mirzəyev və Ruqiyyə Əsgərova tutularaq isitntaqa təqdim ediliblər.
Onlardan ümumilikdə 3 kiloqrama yaxın heroin və psixotrop tərkibli metadon həbləri aşkar olunub. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əlaqə yaratdıqları naməlum şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri bildiriblər.
Qeyd edək ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Ruqiyyə Əsgərovanın oğlu Pərviz Əsgərov da bir neçə ay bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Ruqiyyə Əsgərova da ötən ay narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün bir dəfə polislər tərəfindən tutulub. Amma onun qadın olması və yaşı nəzərə alınaraq barəsində məhkəmə tərəfindən həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Buna baxmayaraq Ruqiyyə Əsgərova ona qarşı atılan bu humanist addımdan sui-istifadə edərək yenidən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
"Ümumilikdə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 453 fakt aşkar edilib.
Nəticədə qanunsuz dövriyyədən 30 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, tiryək, marixuana və metamfetamin, eləcə də 290 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Sumqayıt şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir", - məlumatda qeyd edilib.
Bizim.Media