Respublika Klinik Xəstəxanasında FACİƏ – Ana doğuşdan sonra ÖLDÜ

Hazırda oxunan: Respublika Klinik Xəstəxanasında FACİƏ – Ana doğuşdan sonra ÖLDÜ

100617

36 yaşlı qadın Respublika Klinik Xəstəxanasında doğuşdan sonra dünyasını dəyişib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə 7 aylıq hamilə olan qadının vəziyyəti qəfil pisləşib və Siyəzəndən Respublika Klinik Xəstəxanasına gətirilib.

Uşaq əməliyyat üsulu ilə dünyaya gətirilib və palataya köçürülüb. Bir gün sonra səhhəti ağırlaşan qadın keçinib. 

Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) məlumatı təsdiqləyib.

Qurum rəsmisi Zamira Adilovanın sözlərinə görə 1986-cı il təvəllüdlü Ə.E. 05.10.2022-ci il tarixdə Siyəzən rayonundan göndəriş əsasında Respublika Klinik Xəstəxanasına qəbul olunub:

““Ağır dərəcəli anemiya, aşağı ətrafların varikozu” diaqnozu ilə Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilib. Hematoloq, kardioloq, nefroloq və digər həkimlər tərəfindən müayinə olunub, varikoz həkimi üçün digər tibb müəssəsindən ixtisaslı həkim müayinəsi təşkil edilib. 17-dən 18-nə keçən gecə vəziyyətində ağırlaşma, təzyiqində yüksəlmə, qanaxma  müşahidə olunub  və konsultasiya əsasında əməliyyata qərar verilib.

Əməliyyat zamanı xəstəyə qan köçürülüb, 28 həftəlik, cinsi kişi, çəkisi 900 qram, boyu 31 sm diri döl xaric edilib. Əməliyyatdan sonra pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Oktyabrın 19-da vəziyyətində olan stabilləşmə səbəbilə palataya köçürülüb. 
20.10.2022-ci il səhər saatlarında özünü yaxşı hiss etmədiyini bildirib. Reanimasiya şöbəsinə köçürülən göstərilən xəstəyə zəruri bütün tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.

Zamira Adilova doğulan körpə ilə bağlı da məlumat verib. O, qeyd edib ki, uşaq süni tənəffüs aparatındadır, monitorda, həkim nəzarətindədir. Vəziyyəti çox ağırdır.

Qeyd edək ki, doğuşdan sonra dünyasını dəyişən qadının daha iki övladı var. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin