Son 20 gündə ölkəyə külli miqdarda narkotik gətirən daha 37 şəxs tutulub - FOTO

Hazırda oxunan: Son 20 gündə ölkəyə külli miqdarda narkotik gətirən daha 37 şəxs tutulub - FOTO

100606

Son 20 gündə ölkəyə külli miqdarda narkotik vasitələr gətirən daha 37 şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub, onlardan 75 kiloqram narkotik maddə aşkar edilib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Yeni metod və üsullarla ölkəyə külli miqdarda narkotik vasitələr gətirən, bu qanunsuz əmələ cəhd göstərən şəxslərə qarşı informasiya texnologiyalarının da köməkliyindən istifadə olunmaqla xüsusi əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. 

Baş İdarənin son 20 gün ərzində paytaxt və bölgələrdə keçirdiyi əməliyyatlar zamanı onlayn və ənənəvi üsullarla narkotiklərin satışını təşkil edən 4 mütəşşəkkil dəstənin üzvü, o cümlədən 37 nəfər saxlanılıb.
Həmin şəxslərdən 75 kiloqram narkotik vasitə və psixotrop maddə, 809 ədəd psixotrop tərkibli həb, kultivasiya edilən 163 ədəd çətənə kolu, 4 ədəd odlu və soyuq silah aşkar edilib. 

Əməliyyatlar zamanı əvvəlcə Samir Rzayev Yasamal, Samir Hüseynov onun tanışları Fərid Məmmədov və Zulal Cəlilov isə Qaradağ rayonu ərazisində saxlanıblar.

Bu şəxslərdən ümumilikdə 40 kiloqram yüksək təsiredici narkotik maddə heroin, tiryək, marixuana, psixotrop maddə metamfetamin, 809 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib. 

Baş İdarə əməkdaşlarının Yevlax, eləcə də Cəlilabad rayonlarında həyata keçirdikləri digər əməliyyatlar zamanı İsmayıl Qasımovla Rafiq Hüseynov tutulublar. Onlardan 20 kiloqram heroin və marixuana aşkar olunub. 

Qeyd edək ki, Rafiq Hüseynov narkotik vasitələri Cəlilabad rayonuna izi itirmək məqsədi ilə keçilməsi çətin relyef şəraitindən istifadə etməklə atla gətirib. 
Aparılan zəruri istintaq və əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslərin ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olduqları sübuta yetirilib. Onların şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışını təşkil edən, təbliği ilə məşğul olan və əsasən gəncləri narkokuryerliyə cəlb edən daha 31 nəfər saxlanılıb. Həmin şəxslərdən isə 15 kiloqram müxtəlif növ narkotik vasitə və digər maddi sübutlar aşkar olunub. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 

Sonda bir daha vətəndaşları narkotiklərdən uzaq durmağa və bu mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin