Universitetdən Moderator.az-a verilən məlumata görə, A. Hacıyev qonaqlarla söhbət zamanı rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, burada 2010-cu ildən etibarən fəaliyyət göstərən Çex dili və mədəniyyəti Mərkəzi, bu dilin tədrisi, eyni zamanda BSU-nun Şərqi Avropa, Slavyan ölkələri ilə sıx əməkdaşlığı barədə məlumat verib. Rektor BSU nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksi, universitetin elmi işləri, dərc olunan jurnallar və tərcümə sahəsindəki uğurlarından da söz açıb. Bildirilib ki, bir çox xarici universitetlərdə Azərbaycançünaslığın və multikulturalizmin təbliğinə və tədrisinə xüsusi diqqət ayrılıb.
Mendel Kənd Təsərrüfatı və Meşə Sənayesi Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsinin dekanı, professor Libor Qreqa fəaliyyət göstərdiyi universitetin təhsil sahəsindəki uğurlarından danışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıqdan söhbət açan qonaq BSU və Bilik Fondu ilə müştərək əməkdaşlıq etməyə maraqlı olduqlarını deyib. Nəzərdə tutulmuş layihələr sırasında Mendel Kənd Təsərrüfatı və Meşə Sənayesi Universitetində Bilik Fondunun filialının yaradılacağını bildirib. Bu addımın BSU ilə gələcəkdə möhkəm əməkdaşlıq qurulmasında vacib rol oynayacağını vurğulayıb.
Görüş çərçivəsində əməkdaşlığın gələcək perspektivləri, habelə hər iki universitet arasında professor-müəllim və tələbə mübadiləsi barədə müzakirələr aparılıb. Sonda qonaqlar Bakı Slavyan Universitetinin Çex dili və mədəniyyəti Mərkəzi ilə tanış olublar.






























































































