"44 gündə hərbçilərimiz əsl qəhrəmanlıq göstərdilər" - Polkovnik-leytenant Elşən Zeynalov - FOTO

Hazırda oxunan: "44 gündə hərbçilərimiz əsl qəhrəmanlıq göstərdilər" - Polkovnik-leytenant Elşən Zeynalov - FOTO

100516

"Vətən müharibəsi cəmi 44 gün sürdü... Bu zaman kəsiyi kifayət etdi ki, Azərbaycan öz  tarixi torpaqlarını işğaldan azad etsin... Ancaq həmin 44 günün hər saatında baş verən qəhrəmanlıqlar heç bir 44 günə sığmayacaq qədər böyük, şərəfli və əbədi ehtirama layiqdir".

Kəlbəcər cəbhəsində döyüşmüş polkovnik-leytenant Elşən Zeynalov Bizim.Media-ya açıqlamasında deyib ki, bu istiqamətdə döyüş tapşırığı yerinə yetirən hərbçilər əsl qəhrəmanlıq göstərirdilər:  

“Müharibə adi səslənə, asan deyilə bilər, amma onu yaşayanlar müharibənin – döyüşün necə çətin və dəhşətli olduğunu çox yaxşı bilir. Demək olar ki, ölümlə mübarizə aparırsan, hər an öz həyatını itirə bilərsən... Lakin buna baxmayaraq, döyüşlər gedən zaman tabeçiliyimizdə olan şəxsi heyətin necə qəhrəmanlıqlar göstərdiyinin şahidi olduq”. 


E.Zeynalov Vətən müharibəsi zamanı cəbhənin Kəlbəcər istiqamətində döyüşən “N” saylı hərbi hissələrdən birinin zabiti, komandir müavini kimi döyüşə qatılıb. Müharibə zəfərlə bərabər onun yaddaşından silinməyəcək qəhrəmanlıq hadisələri ilə yadda qalıb.

Komandir deyir ki, məcburi köçkün ailəsində doğulmuş əsgər Tural Qasımzadə düşmən postuna hücum edərək düşmən səngərinə girməyi bacarır:  

“Əks-hücum hərbi əməliyyatı zamanı bölmələrimizə çox ciddi müqavimət göstərən post var idi. Əsgər Qasımzadə Tural həmin posta daxil olaraq üzərində olan iki ədəd əl qumbarasını partladaraq özü ilə bərabər bütün post heyətini məhv etdi.

Bundan sonra həmin strateji mövqe işğaldan azad edildi. Sonra yoldaşlar onun əvvəlcədən şəhid olmasını qəbul etdiyini bildirdilər. Döyüşdən öncə şəhid olacağı barədə doğmalarına məktub yazmışdı. O, həmin məktubda valideynlərindən ve sevdiyi qızdan halallıq istəmişdi. Biz belə şeyləri yaşadıqca əmin olurduq ki, mütləq qalib gələcəyik...”. 

Ehtiyatda olan zabit həmin anlardan daha birini dilə gətirir, onun növbəti qəhrəmanı isə gənc zabit Mirhəşim Seyidli olur. Düşmənin Üçtəpələr adlanan mövqeyinə Leytenant Seyidli Mirhəşim arxadan yaxınlaşır.
Şiddətli atışmadan sonra gənc leytenant və onun əsgəri düşmən səngərinə girməyi bacarır. O anidən qarşısında düşmən zabitini görür. Hər ikisi əlini tətiyə atsa da, nə ermənidə, nə də leytenant Seyidlidə güllə olmur. Gənc zabit silahın qundağı ilə düşmənin başına bir neçə zərbə endirib onu yerə sərir. Bundan sonra qarşılaşdığı növbəti silahlı erməni döyüşçüsünü tətiyə əl atmağa imkan vermir. Əlbəyaxa döyüş fəndi işlədərək düşməni yerə yıxır və sinəsinə oturub qışqıra-qışqıra onun üzünə yumruq zərbələri endirir.

Həmin zaman zabitimizin arxasından bir düşmən hərbçisi yaxınlaşır. Əks tərəfdən isə başına qundaq zərbəsi endirilən düşmən zabiti ayağa qalxır. Silahlı düşmənin açdığı atəş Leytenant Seyidli Mirhəşimin əl pəncəsini dəlib əks tərəfdəki erməni hərbçisinə dəyib onu öldürür. Atəş açan erməni hərbçisini isə Mirhəşim Seyidli ilə bərabər səngərə girən əsgər yerindəcə güllələyib zərərsizləşdirir. 

“Biz ora digər istiqamətdən yaxınlaşanda leytenant Seyidlinin yaralı olduğunu, düşmən postunun isə tam dağıdıldığının şahidi olduq. Onun israrla geri – hərbi hospitala getməyini istəsək də, qəhrəman zabitimiz yaralı olduğu halda qələbə gününə qədər döyüşdü”, - deyə E.Zeynalov qeyd edib. 
Polkovnik-leytenant bu kimi hadisələrin hər cəbhədə, hər səngərdə baş verdiyini, Qarabağ – Vətən sevdalısı olan qəhrəman əsgərin göstərdiyi igidliklərdən nə qədər danışsa, yenə az olduğunu bildirir.

O deyir ki, bundan sonra da Azərbaycan Dövlətinin, onun sərhədlərinin təhlükəsizliyi naminə yenə döyüşlərə qatılmağa və bu yolda canından keçəmə hazırdır...  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin