Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun vəkilləri vəsatətlərlə çıxış edib.
Vəkillər Nərmin Quliyevanın nənəsi Minayə İsmayılovanın, İlkinin bacısının evdə dərs keçdiyi iki şagirdin, Dondar Quşçu kəndinin bir sıra sakinlərinin, bu cinayət işi üzrə rəy vermiş ekspert Aysel Cavadovanın da məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırıblar.
Məhkəmə şagirdlərin dindirilməsi ilə bağlı vəsarəti təmin edib.
İlkin Süleymanov işgəncəyə məruz qalması faktının təsdiqlənməsi üçün onunla Bakı İstintaq Təcridxanasında eyni kamerada saxlanmış Mehman Həsənovun da məhkəmədə dindirilməsini istənilib.
Vəkillər İlkin Süleymanovun telefonuna aid anket məlumatlarının alınması barədə də vəsatət qaldırıblar. Məhkəmə bu vəsatəti təmin edib. Növbəti proses oktyabrın 26-da davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:54 / 20.10.2022
İlkin Süleymanovun işi üzrə iki məktəbli İFADƏ VERƏCƏK
Hazırda oxunan: İlkin Süleymanovun işi üzrə iki məktəbli İFADƏ VERƏCƏK
Hazırda oxunan: İlkin Süleymanovun işi üzrə iki məktəbli İFADƏ VERƏCƏK
100335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.