Sumqayıt Səhiyyəsinin özünə təcili yardım lazım imiş...

Hazırda oxunan: Sumqayıt Səhiyyəsinin özünə təcili yardım lazım imiş...

100124
Bir neçə gün öncə Moderator.az - da Sumqayıtın yeni icra başçısı Zakir Fərəcovun səhiyyə işçiləri ilə görüş zamanı şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevi danladığı ilə bağlı "Zakir Fərəcov Sumqayıt səhiyyəsi qarşısında tələb qoydu..." başlıqlı yazı getmişdi. 

Saytın əməkdaşı həmin görüşdən 3 gün sonra Sumqayıt Şəhər Səhiyyə Şöbəsində olub icra başçısının tapşırıqlarının qurumda necə qəbul edildiyi ilə maraqlanıb. Saytın əməkdaşına verilən cavab gerçəkdən icra başçısının Sumqayıt səhiyyəsinin mövcud acınacaqlı durumu ilə bağlı qayğılarının əsassız olmadığını bir daha ortaya qoyub. Belə ki, yazılı şəkildə ona təqdim olunan aşağıdakı suallardan ibarət sorğunu oxuyub əsəbləşən şöbənin baş pediatrı, əməkdar həkim Xalidə Quliyeva gileylənib ki, sizdən qabaq gün ərzində 11 jurnalist gəlib və onların hamısını yola salmaq məcburiyyətində qalıblar. Əməkdaşımız ona ünvanı səhv saldığını və bizim sadəcə rəsmi sorğuya cavab istədiyimizi bildirdikdə əməkdar həkim deyib ki, onsuz da hər gün Sumqayıt səhiyyəsindəki nöqsanlar barədə ağızlarına gələni yazırlar:
"Bir də həkimlər rüşvət alırlar özləri bilər, biz onları güdməyəcəyik ki. İstəyirlər versinlər məhkəməyə. Həm də qəzet - jurnalın çoxluğundan təngə gəlmişik".

Xalidə xanım açıq şəkildə bildirir ki, onlar bu sualı cavablandıra bilməyəcəklər, yaxşı olar ki, sualları mərkəzə (?) göndərək. Şöbənin baş pediatrının sualdan yayındığını görərək əməkdaşımız ona başa salmağa çalışır ki, bizim istənilən yerdən sərbəst informasiya almaq hüququmuz var. Amma yenə də bir nəticə olmur və cavab belə olur ki, bizim bu suallara cavab vermək səlahiyyətimiz yoxdur. Sanki bura səhiyyə müəssisəsi deyil, qapalı hərbi obyektdir... 
Moderator.az Sumqayıt Səhiyyə Şöbəsindən ala bilmədiyi aşağıdakı sualları Səhiyyə Nazirliyinə ünvanlayır və fürsətdən istifadə edərək hörmətli Zakir Fərəcovun diqqətinə çatdırmağı vacib hesab edir ki, obrazlı ifadə olunsa, şəhər səhiyyəsinin özünə təcili yardım lazımdır, yoxsa gerçəkdən də bu sahə kliniki ölüm keçirəcək durumdadır...


1.İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın səhiyyə sistemində olan problemləri gündəmə gətirənə kimi doğum evlərində baş verən neqativ hallardan, rüşvətxorluqdan sizin xəbəriniz olmayıbmı?

2. Təkcə doğum evlərində deyil, digər xəstəxanalarda da rüşvət halları geniş yayılıb. Bütün müayinələr, cərrahiyyə əməliyyatları üçün rüşvət alınması danılmazdır. Bu faktla bağlı nə deyə bilərsiniz?

3. Bir sıra tibb işçiləri hər ay xəstəxana və poliklinikalardan "aylıq" yığılması barədə söhbətlər yayırlar. Bu nə deməkdir və bu "haqq" kimə çatdırılır?

4. Bir müddət əvvəl də mətbuatda Sumqayıtın tibb müəssisələrində ərzaq və digər ləvazimatların alınması adı ilə külli miqdarda vəsaitin “silinməsi”x9d barədə xəbərlər yayılırdı. Bu iddiaların əsası varmı? Döğrudanmı Sumqayıt səhiyyəsində təchizat üçün bu qədər vəsaitə ehtiyac var? 

5. Tibb müəssisələrində xeyli sayda qeyri-peşəkarların çalışması haqqında məlumatlar var. Bunu necə izah edərsiniz?

6. Cənab Prezident də hər zaman əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün dövlətin bütün işləri gördüyünü bəyan edir. Belə olan halda Sumqayıt səhiyyəsinin xidmət səviyyəsi niyə bu qədər aşağıdır?

7. Siz Sumqayıt səhiyyəsində olan xoşagəlməz hallara son qoyacağınızı söz verdiniz. Bu halların qarşısını almaq üçün hansı tədbirləri görməyi planlaşdırırsınız? Sumqayıt sakinləri bu vaxta kimi ciblərini soyan həmin müəssisə rəhbərləri barədə hansısa ciddi addımlar atıldığını biləcəklərmi?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin