Laçın-Xankəndi yolunda 2022-ci ilin 12 dekabr tarixindən başlayan və bütün dünyada ciddi rezonans doğuran etiraz aksiyası bu gün də davam edir.
Məlum olduğu kimi, aksiya Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji terrorun dayandırılması, təbii sərvətlərimizin talanmasının qarşısının alınması zərurətindən irəli gəlsə də, sonrakı mərhələdə etirazçılar tərəfindən əlavə tələblər irəli sürülüb, yeni şüarlar səsləndirilib.
Aksiyanın ilk günündən bugünə qədər müxtəlif təşkilat və vətəndaş cəmiyyəti institutlarının, könüllülərin, media nümayəndələri və ziyalıların, cəmiyyətin bütün təbəqə və kateqoriyalarının ekofəallara ciddi dəstəyi müşahidə edilməkdədir. Bu isə məlum aksiyanın ictimai və dövlət maraqların baxımından önəmini, ümummilli maraqlarımızın müdafiəsi nöqteyi-nəzərindən əhəmiyyətini göstərir.
Bütün dünya üçün yeni presedent: Ekoloji terrora qarşı dinc mübarizə vasitəsi
Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiya ictimai və dövlət maraqlarının qorunması baxımından xüsusi əhəmiyyətə, təkrarsız unikallğa malikdir və məhz bu özünəməxsusluğu ilə bütün dünyada yeni presedentin formalaşmasına səbəb olub. Ekofəalalrın aksiyasını bütün bəşəriyyət üçün əhəmiyyətli edən ən başlıca amil isə dünya tarixində ilk dəfə olaraq ekoloji terrora qarşı dinc və mütəşəkkil mübarizə vasitəsinin ortaya qoyulması, terror olayının bu yolla beynəlxalq miqyasda ifşa edilməsidir. Çünki məhz ekofəalların fasiləsiz aksiyalarından sonra Ermənistan tərəfi Azərbaycan torpaqlarında qanunsuz olaraq istismar etdiyi “Qızılbulaq” və “Dəmirli” yataqlarının talan edilməsini dayandırmaq məcburiyyəti qarşısında qalmış, rəsmi İrəvanın terrorçu fəaliyyəti bütün dünyanın, o cümlədən beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır. Ölkəmizdəki bir sıra QHT-lər, ictimai-siyasi təşkilatlar ekoloqlarımızla dəstək nümayiş etdirməklə yanaşı dünyanın aparıcı dövlətlərini, beynəlxalq təşkilatları Ermənistan Azərbaycan torpaqlarında həyata keçirdiyi terrora biganə qalmamağa səsləmiş, bununla bağlı bir-birindən kəskin bəyanatlar səsləndirmişdilər.
Laçın-Xankəndi yolundakı aksiya sübut etdi ki, ictimai və dövlət maraqlarının müdafiəsində ortaya qoyulan mütəşəkkillik, milli maraqların qətiyyətlə və kütləvi şəkildə müdafiəsi bu maraqların təmin edilməsi baxımından son dəırəcə effektiv və səmərəlidir.
Dövlət maraqlarının müdafiəsi fonunda Azərbaycan insanının humanizminin təbliği...
Laçın-Xankəndi yolundakı etiraz aksiyasının özünəməxsus xüsusiyyətlərindən biri də aksiyanın gedişində Azəbaycan dövlətinin, Azərbaycan xalqının humanizminin, beynəlxalq qanunlara və mənəvi dəyərlərə sonsuz ehtiramının nümayiş etdirilməsidir. Hansı ki, məhz bu cür yüksək siyasi-əxlaqi davranış düşmənlərin məlum aksiyadan Azərbaycan əleyhinə istifadəsinə imkan vermir, bu aksiyanın mahiyyətini təhrif etməyə, onu beynəlxalq aləmə başqa formada təqdim etməyə bəhanə vermir.
Qeyd edək ki,12 dekabr tarixində başlanan aksiya çərçivəsində də Azərbaycan insanı tarixən ona məxsus olan humanizmi təkrarlamaqda davam etməkdə, dinc ermənilərin sosial rifahına, gündəlik yaşamına, təhlükəsizliyinə risk təşkil edəcək hər cür adımdan çəkinməkdədir. Aksiyanın tamamilə dinc xarakter daşıması da bunu göstərir. Azərbaycan xalqı eynilə Vətən müharibəsində olduğu kimi, aksiya zamanı atdığı addımlarla da göstərir ki, o, hər zaman mübarizəni insani dəyərlər və beynəlxalq qanunlar çərçivəsində aparır. Qalib gəlmək, uğur qazanmaq üçün anti-insani vasitələrə əl atmaq, hüquqi və mənəvi dəyərləri tapdalamaq Azərbaycan insanının təbiətinə, dövlətçilik ənənəmizə yaddır. Məntiq və faktlar sübut edir ki, qanlı hərb meydanında belə düşmənin mülki vətəndaşlarına zərrə qədər xətər yetirməyən bir xalqın sülh dönəmində anti-humanist davranış sərgiləməsi mümkünsüzdür.
Bu baxımdan ekofəalların etiraz aksiyasını sadəcə ictimai və dövlət maraqlarının müdafiəsi baxımından deyil, həm də xalqımızın zəngin mənəvi xüsusiyyətlərinin təbliği baxımından uğurlu addım hesab etmək olar.
Milli maraqların müdafiəsində dövlətlə yanaşı, həm də ictimaiyyət dayanmalıdır
Laçım-Xankəndi yolundakı etiraz aksiyası və bu aksiyanın ortaya qoyduğu uğurlar ictimai və dövlət maraqlarının müdafiəsi ilə bağlı daha bir həqiqəti növbəti dəfə təsdiqləmiş oldu. Aksiyaçılarımız öz qətiyyətləri və uğurları ilə sübut etdilər ki, milli maraqların müdafiəsində sadəcə dövlət deyil, həm də ictimaiyyət, cəmiyyət, onun bütün təbəqə və fərdləri iştirak etməlidir. Milli maraqların müdafiəsini sadəcə dövlətə məxsus bir məsuliyyət hesab etmək, bu mübarizədən kənarda durmaq olmaz. İctimaiyyət ümummilli məsələlərdə öz dövlətiə dəstək olmalı, bəzi məqamlarda təşəbbüsü öz üzərinə götürərək lokomotiv rolunda çıxış etməlidir. Məhz belə olduğu təqdirdə ictimai və dövlət maraqlarının müdafiəsini effektiv şəkildə təşkil etmək, bütün sınaq və çətinliklərdən uğurla çıxmaq mümkün olur.
Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu kimi məsələlərdə ictimaiyyəin bütün təbəqələrinin, o cümlədən vətəndaş cəmiyyəti institutlatının aktivliyinin önəmini qeyd edib, bu cür aktivliyin qürur doğurduğunu vurğulayıb:
“Dekabrın 12-dən etibarən azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin Şuşada başlatdığı etiraz aksiyası davam edir. Aksiyaçılar Azərbaycana məxsus təbii resursların qanunsuz istismarının dayandırılmasını, ekoloji terrorun qarşısının alınmasını tələb edirlər.
Məlum aksiya Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu aksiya göstərdi ki, Azərbaycan xalqı ona məxsus təbii sərvətlərin talan edilməsinə, təbiətin məhv olmasına imkan verməyəcək. Xalqımız sərvətlərinə sahib çıxmaqda qərarlıdır və aksiyanın fasiləsiz şəkildə davam etdirilməsi, günü-gündən genişləndirilməsi buna sübutdur.
Bu aksiya QHT-lərin özünün imici üçün də təsirsiz ötüşmədi. Vətəndaş cəmiyyəti institutlarının önəmi, onların rolu cəmiyyət tərəfindən bir daha dərk edildi. Hər kəs başa düşdü ki, vətəndaş cəmiyyətləri sadəcə daxili problemlərin həllində deyil, ümummilli maraqların qorunmasında mühüm əhəmiyyətə malikdir. Vətəndaş cəmiyyəti institutları lazım gələndə səslərini beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə, ən ali tribunalara belə çatdıra bilirlər. Buna nümunə olaraq aksiya və onun mahiyyəti ilə bağlı QHT-lərin beynəlxalq təşkilatlara ünvanladıqları müraciətləri göstərmək olar.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də aksiya və onun səbəbləri ilə bağlı beynəlxalq təşkilatlara ayrıca bəyanat ünvanlamışıq. Həmin bəyanatda, həm də aksiyada irəli sürülən tələblərə, bu tələblərin yerinə yetirilməsinin vacibliyinə toxunmuşuq. Bildirmişik ki, bu tələblərin yerinə yetirilməsi regionda ekoloji fəlakətin qarşısının alınması, sülh və sabitliyin təmini baxımından vacibdir və dünya bu məsələdə Azərbaycanın haqq işinə dəstək verməlidir”.
QHT-lərin həm dövlət, həm də cəmiyyət maraqlarının dəstəklənməsi baxımında rolu böyükdür. Odur ki, vətəndaş cəmiyyəti institutlarının daha da güclənməsi, mahiyyət etibarı ilə dövlət maraqlarımızın daha etibarlı müdafiəsi deməkdir. Baş verənlər göstərdi ki, QHT-lərin daha da güclənməsi, onların möhkəmlənməsi və inkişafı üçün mövcud perspektivlərin daha effektiv qiymətləndirilməsinə ehtiyac var. İnanıram ki, bu istiqamətdə də bütün gərəkli addımlar atılacaq və yaxın gələcəkdə QHT-lərimizin daha da gücləndiyinə, öz təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdığına şahid olacağıq”.
Seymur ƏLİYEV
Moderator.az


Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. istiqaməti üzrə ( İctimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.

































































































