Alimlərimizin imtina alan elmi işləri – ACINACAQLI STATİSTİKA...

Hazırda oxunan: Alimlərimizin imtina alan elmi işləri – ACINACAQLI STATİSTİKA...

595404

2023-cü ilin yanvar ayında müxtəlif elm sahələri üzrə dissertasiya işi müdafiə edən bir çox alimlərə Ali Attestasiya Komissiyası tərəfindən mənfi cavab verilib. Daha doğrusu, onların komissiyaya təqdim etdikləri elmi işlərdən imtina edilib.

Moderator.az xəbər verir ki, Prezident yanında  Ali Attestasiya Komissiyasının bu ilin yanvarında elmi adlar və dərəcələrin verilməsi və imtina edilməsi barədə məlumatına əsasən, ən çox filologiya elmləri sahəsində yazılan dissertasiya işlərinə “yox” deyilib.

Belə ki, ilin ilk ayında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq istəyən 4 alim namizədin dissertasiya işindən imtina edilib. Qeyd edək ki, yanvarda bu kateqoriya üzrə cəmi 11 dissertasiya işi təqdim edilmişdi.

Hələ bu da son deyil. Filologiya elmləri üzrə ötən ay dosent elmi adını almaq istəyən 7 alimdən  3-nün elmi işinə imtina verilib. Bu isə, antirekord göstərici deməkdir. Təqdim olunan elmi işlərdən cəmi 4-nün qəbul edilməsi çox şeydən xəbər verir.

Daha çox imtina alan alimlərin təmsil etdiyi növbəti elm sahəsi isə biologiyadır. Yanvarda Biologiya üzrə cəmi 5 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 3 elmi işdən isə imtina edilib. Bu sahənin daha bir mənfi göstəricisi isə dosent elmi adının alınmasındadır. Ötən ay dosent adını almaq istəyən cəmi iki bioloqdan yalnız birinə müsbət cavab verilib. Digərinin isə elmi işindən imtina edilib.

Riyaziyyat sahəsində də durum ürəkaçan olmayıb. İlin ilk ayında bircə nəfər də olsun, riyaziyatçıya fəlsəfə doktoru elmi adı verilməyib. Əvəzində iki namizədin elmi işindən imtina edilib.

Eyni hal psixologiya elmləri üzrə də yaşanıb. İlin ilk ayında heç kəsə psixologiya üzrə fəlsəfə doktoru adı verilməsə də, əvəzində iki namizədin elmi işindən imtina edilib.

Pedaqogika elmləri üzrə də yanvar göstəricisi eynilə psixologiyada olduğu kimidir: fəlsəfə doktoru elmi dərəcəsi üzrə 0 qəbul, 2 imtina.

Texnika elmləri üzrə isə vəziyyət nisbətən qənaətbəxşdir. Doğrudur, bu sahə üzrə də 2 elmi işdən imtina edilib. Amma 6 elmi iş məqbul sayılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin