Surət Hüseynovun planı baş tutsaydı...- VİDEO

Hazırda oxunan: Surət Hüseynovun planı baş tutsaydı...- VİDEO

57398
4 oktyabr hadisələrindən 20 il ötür. 
Moderator.az həmin hadisələrin mərkəzində olan və Surət Hüseynovun dəstəsini, eləcə də OMON-u zərərsizləşdirməkdə xüsusi xidmətlər göstərən Milli Qvardiyanın keçmiş komandiri Əzizağa Süleymanova müraciət edərək 20 il öncəyə qısa ekskurs etməsini xahiş edib:

 Əvvəli burada---moderator.az/?xeber=57337

...Gecə sakit keçmişdi. Hamımız sevinirdik ki, şükr Allaha, yaxşı qutardıq, ikinci dəfə qardaş qırğınına yol verilmədi. Neçə günün əsəb gərginliyi, yorğunluq, yuxusuzluq Qvardiyanın şəxsi heyətinin canında idi. Təhlükə hələ tam ötüşməsə də OMON-çularla yenidən toqquşmaq ehtimalı bir qədər səngimişdi. Arada yaranan sakitliyi nəzərə alaraq Milli Qvardiya komandanı Tofiq Rəsulovun icazəsi ilə şəxsi heyətin bir hissəsinə müəyyən olunmuş yerdə dincəlmək üçün icazə vermişdim.  XDMX-nin rəisinin göstərişi əsasında yaranmış sakitçilikdən istifadə edib,  komandanla bərabər “Azadlıq Meydanı”na gəlib Hökümət evinin ətrafını nəzərdən keçirmişdik. Sonra da qərargah rəisi Vaqif Mustafayevə göstəriş vermişdik ki, bir dəstə qvardiyacı ilə “Azadlıq Meydanı”nı mühafizəyə götürsün.  Vaqif Mustafayev komandanın göstərişi ilə gecə ilə bir dəstə qvardiyaçı ilə bərabər “Azadlıq Meydanı”na gedərək Hökümət evinin giriş çıxış qapılarını və ölkə prezidentinin çıxış edəcəyi tribunaya yaxın ərazini mühafizəyə götürmüşdü.  

Prezident Aparatında əksər siyasi partiyaların rəhbərliyinin iştirakı ilə ölkə başçısı Heydər Əliyevin iştirakı ilə toplantı keçirilirdi. Toplantı başa çatandan sonra ölkədə yalnız axşam saatlarında iki aylıq fövqəladə vəziyyət elan edilmişdi. 

5 oktyabr səhər sübhdən XDMX-nin rəisinin və birinci müavini- Milli Qvardiya komandanının iştirakı ilə “Azadlıq Meydanı”nın mühafizə şəraitinə baxış keçirilmiş, rəis tərəfindən mühafizənin təhlükəsizliyinə cavabdeh olan “Alfa” və “Betta” dəstələrinin komandirlərinə, o cümlədən Milli Qvardiyaçıların komandiri olaraq mənə təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi göstərişlər verilmişdi.

XDMX rəisi general Vaqif Axundov kabinetində keçirilən toplantı zamanı bizə xüsusi tapşırıq vermişdi ki, 6 oktyabr 1994-cü il tarixində ölkə başçısı cənab Heydər Əliyevin yanında günortadan sonra ölkənin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə toplantı keçiriləcək. Görüşdən qabaq Milli Qvardiyanın komandanı Tofiq Rəsulovla idarənin rəisi Vaqif Axundov arasında ciddi bir məsələnin müzakirəsi gedirdi. Baş nazir Surət Hüseynov prezidentin yanında çağırılan toplantıya gəlməsə və yaxud Nazirlər Kabinetinə gəlib, prezidentin yanında keçirilən tədbirə qatılmasa, ölkə başçısının qərarı ilə Surət Hüseynovu müşayət edən qanunsuz silahlı dəstənin tərksilah olunması ilə bağlı müəyyən tədbir görülə bilərdi. Bu ehtimal olunan əməliyyatı İdarə rəisinin tapşırığı əsasında “Alfa” dəstəsi və bu sahəyə cavabdeh olan şöbənin əməkdaşları yerinə yetirlməli idi. Lakin baş nazir 6 oktyabr 1994-cü il tarixində səhər saat 11 radələrində 100 nəfərdən artıq hər növ silahlarla silahlanmış silahlı dəstənin müşayəti ilə Nazirlər Kabinetinə gəlmişdi. Baş nazirin silahlı dəstəsini Nazirlər Kabinetinə buraxmamaq göstərişi alan “Alfa” dəstəsinin üzvləri və mühafizə şöbəsinin əməkdaşları verilən tapşırığı yerinə yetirə bilməmişdi. Artıq hamıya bəlli idi ki, baş nazir güc nümayiş etdirmək qərarına gəlib. Yəqin ki, bu da ölkə başçısına qarşı bir təzyiq vasitəsi idi. Milli qvardiyaçıların mənə verdikləri məlumata görə baş nazir Surət Hüseynovun silahlı dəstə üzvləri Nazirlər Kabinetinin binasının üstünə qalxmaq istəsələr də qvardiyaçılar onlara bu imkanı verməmişdilər. Bu fakt Milli Qvardiya komandanı polkovnik Tofiq Rəsulovu bərk narahat etmişdi. O Vaqif Axundova “Alfa” dəstəsinin əməliyyatı yerinə yetirə bilməyəcəyini bildirmişdi. Prezidentə baş nazirin böyük silahlı dəstə ilə işə gəldiyi barədə məlumat verilməsini məsləhət görürdü. Çox gözlənilməz bir vəziyyət yaranmışdı. Rəis öz  müavini, prezidentin şəxsi mühafizə xidmətininn rəisi Bəylər Əyyubovun vasitəsi ilə baş nazir Surət Hüseynovun böyük bir silahlı dəstə ilə işə gəldiyi barədə ölkə başçısına xəbər çatdırmışdı. Baş mühafizə idarəsinin rəisi Milli Qvardiya komandanın məsləhətindən sonra məni yanına çağırmışdı. Milli Qvardiyanın komandanı ilə birlikdə Baş mühafizə idarəsinin rəisi mənimlə yarım saatdan artıq söhbət etmişdilər. Ölkə başçısı hər an baş nazirin silahlı dəstəsinin tərksilah olunması barəsində göstəriş verə bilərdi. Bu yarım saat ərzində rəisin yanında 3-lükdə taktiki döyüş planını nəzərdən keçirib müzakirə etmişdik və general mənə konkret göstərişlər vermişdi. Hərbi sirr olduğu üçün bu göstərişlərin nədən ibarər olduğunun detallarına toxunmuram. Qısası onu bildirirəm ki, general Vaqif Axundovun komandan Tofiq Rəsulovla bərabər mənim qarşıma qoyduqları tapşırığı Milli Qvardiyaçılarla və Milli Qvardiyanın tərkibində olan xüsusi təyinatlı bölüyün üzvləri ilə birlikdə zərgər dəqiqliyi ilə yerinə yetirdik. Prezident Aparatında ölkə başçısının yanında keçirilən toplantıya silahlı dəstənin müşayəti ilə gedən baş nazirin silahlı dəstəsinin qabağını məharətlə aldıq və baş nazirin silahlı dəstəsinin bir üzvü belə Prezident Aparatına daxil ola bilmədi. Həyətdə ortalıqda qalan baş nazirin silahlı dəstəsi Aparatın və Nazirlər Kabinetinin hündür yerlərindən onlara sarı Milli Qvardiyaçıların tuşladıqları silahları görəndə sakit olaraq silahlarını çiyinlərinə alıb Aparatın həyətini tərk etdilər...

P.S. Moderator.az "Youtube”da yerləşdirilən tarixi müşavirəni ikinci dəfə bu yazıya yerləşdirmək zorundadır. Çünki əgər plan baş tutsaydı Heydər Əliyevin Surət Hüseynovu uşaq kimi danladığı həmin müşavirənin ssenarisi başqa cür olmalıydı. Yəni 100-dən artıq silahlı dəstə üzvü Prezident Aparatına soxularaq müşavirə gedən otağın qapısınadək getməli və artıq bu dəfə prezident deyil, baş nazir ultimatumla çıxış etməliydi. Ancaq Milli Qvardiya bu dəfə də prezident Heydər Əliyevi xilas etməyi bacardı. Məhz ona görə də planının baş tutmadığı xəbərini alaraq müşavirə otağında təklənmiş vəziyyətdə qaldığını anlayan baş nazir prezidentin danlağına səbrlə dözməyə məcbur oldu...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin