“Maşından yerə düşməyimlə atəş açılması bir oldu...”

Hazırda oxunan: “Maşından yerə düşməyimlə atəş açılması bir oldu...”

44353

Milli Qvardiyanın komandiri olmuş polkovnik Əzizağa Süleymanov 90-cı  illlərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş vermiş bir sıra maraqlı olayların birbaşa iştirakçısı kimi bir müddətdir ki, saytımıza ilginc materiallar göndərir. Polkovnik indi də 93-cü ilin aprelin əvvəllərində Füzuli istiqamətində baş verən döyüşlər barədə xatirələrini Moderator.az vasitəsilə oxuculara təqdim edir. Çoxlarımızın bilmədiyi şok məqamlar və rüsvayçı epizodlarla zəngin bu materialın hər kəs üçün maraqlı olacağına şübhəmiz yoxdur”¦

(əvvəlini axtarış verməklə xəbər lentlərimizdən oxuya bilərsiniz)...11 aprel 1993-cü il tarixində cəbhə xətti boyu elə bir dəyişiklik olmamışdı. Alaydan göndərilən ərzaq və silah-sursatlar gəlib çıxmışdı. Briqadanın qərargahında Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində hücum planı hazırlanırdı. Bu istiqamətdə kəşfiyyat aparmağı briqada komandiri bizə tapşırmışdı. Aşağı Veysəlli kəndi istiqamətində yerləşən ermənilərin əlində olan məşhur Qızılqaya yüksəkliyi geri alınmalı idi. Briqada komandirinin mənə verdiyi yeni döyüş tapşırığına hazırlıq barəsində Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Nəsirova məruzə etmişdim. Bu barədə qərargah rəisi ilə məsləhətləşmişdik. Tariyel Nəsirov mənə tapşırmışdı ki, get  yeni hücum əməliyyatı keçirdəcəyiniz ərazini aralıdan da olsa nəzərdən keçir. Briqada komandirinin göstərişi ilə yerli taborun komandiri Abış Alışov və Müdafiə Nazirliyinin bir məsul zabitiylə bərabər Aşağı Veysəlli kəndinə getmişdik. Biz bu kənddə yerləşən taborun şəxsi heyəti ilə yaxından tanış olmalı idik. Milli Qvardiyanın döyüşçüləri yeni hücum tapşırığı yerinə yetirərkən Füzuli bölgəsində bu zonanı qoruyan iki taborun şəxsi heyəti bizə hücum zamanı yaxından köməklik göstərməli idi. Aşağı Veysəlli kəndi istiqamətində olan ərazini düşmən hücumundan qoruyan taborun komandiri Yapon ləqəbli Səfa Əliyev idi. Biz Veysəlli kəndinə çatan zaman hava qaralmaq üzrə idi. Biz bu kəndin ərazisi istiqamətdə yerləşən Qızıl Qaya adlanan yüksəkliyi erməni döyüşçülərindən geri almalı idik. Qızıl Qaya yüksəkliyi kəndindən bir neçə min metr  aralıda idi. Təxmini də olsa bu istiqamətdə aparacağımız döyüş mövqeyini özlüyümdə müəyyənləşdirmişdim.Veysəlli kəndindən geri qayıdanda maşını kəndə gedəndə gördüyüm fermanın daxilindən sürməyi Abış Alışovdan xahiş etmişdim. Fermaya getməkdə məqsədim vardı. Briqada qərargahında mənə göstərilən döyüş xəritəsinə əsaslansaq erməni postları bu fermadan bir az aralıda olmalı idi. Bura gələndə xəritədə qeyd olunan erməni postlarına yaxın məsafədə bir neçə mal otlayırdı. Fermadakı çobandan malların kimə məxsus olduğunu öyrənmək istəyirdim. Fermada qarşımıza Kəlbəcər rayonundan olan bir qaçqın çoban çıxmışdı. Abış Alışov Müdafiə Nazirliyindən olan zabitlə maşından düşüb bir az aralıdakı mal tövləsinin yanında söhbət edirdilər. Mən maşında arxa oturacaqda oturub aralıdan gələn çobanı gözləyirdim. Maşının farası yanılı qalmışdı. Maşını qapısı da açıq idi. Yanımdan keçən çobanın həyat yoldaşı maşının işığını yanılı görüb mənə demişdi ki, qardaş, ya işığı söndür, ya da ki maşından düş, bu dəqiqə maşını vuracaqlar. Xanımın sözü ilə maşından yerə düşməyimlə maşının atəşə tutulması bir olmuşdu. Adi bir anda “UAZ” maşının gövdəsinə  bir neçə güllə dəydi. Maşından düşüb “UAZ”a yaxın məsafədə  yerə uzandım. Maşının işığına atılan güllənin haradan atıldığı mənə çox maraqlı idi. Odur ki, bizə yaxınlaşan Kəlbəcər qaçqının qoluna girib heç nə olmamış kimi ondan hal-əhval tutub onu kənara çəkmişdim. Tərəkəməçilikdən az- çox başım çıxdığı üçün çobanların necə məlumatlı olduqularını bilirdim. Ondan erməni postlarının hansı istiqamətdə olduğunu öyrənmək istəyirdim. Həmin postlarda gündüzlər erməniləri görüb görmədiyini soruşacaqdım. Çoban mənə bildirmişdi ki, mal-qaranı həmin postların yaxınlığında otarır. Hələ bu günə kimi orada bir erməni görməyib. Çobanın verdiyi məlumat çox vacib məlumat idi. Bu məlumat çobanın dediyi kimidirsə, deməli, Qızılqayanı almaq çox asan olardı. Bizə atılan güllələr də müəmmalı istiqamətdən atılmışdı. Cobanın verdiyi  məlumatı yoxlamaq lazım idi. Hava da qaralmışdı, artıq gec idi. Səhər mütləq bura gəlməli idik. Biz maşına minərək işıqsız öz qərargahımıza qayıtmışdıq. Milli Qvardiyanın qərargah rəisi  Nəsirovun yanına gedib çobanın söylədiklərini və mindiyimiz maşının atəşə tutulması barədə  məlumat vermişdim. Milli Qvardiyanın qərargahında sovet dövləti vaxtından qalmış rayonlar üzrə məxfi hərbi xəritə var idi. Tariyel Nəsirov Füzuliyə gələndə həmin xəritəni özü ilə gətirmişdi. Xəritədə çobanın göstərdikləri postları qeyd edib, torpaq üzərində onun maketini hazırlamaq qərarına gəldik. Mən köməkçim qvardiyaçı Qasımov Həsən Rəfael oğlunu Nəsirovun yanına çağırıb planımız barədə onu məlumatlandırdım. Həsən Türkiyədə hərbi təlim keçmiş çox savadlı və bacarıqlı bir gənc idi. Xəritədən əla başı çıxır və yerin gözəl relyefini qururdu. Ona səhərə qədər xəritədə qeyd etdiyimiz yerin relyef maketini torpaq üzərində qurmağı tapşırdıq. Nəsirovla belə məsləhətləşdik ki, Yuxarı Veysəlli kəndi istiqamətindəki həmin yerləri yoxlamaq üçün səhər ora bir yerdə gedək.
      Üçtəpə dağı istiqamətində biz Füzuli rayonuna gələn zaman Milli ordunun hərbi hissələrinin birinə məxsus  bir zirehli yük daşıyan hərbi texnika atılıb qalmışdı. 12 aprel tarixində kapitan Vəliməmmədov onu qoşqu ilə qərargaha gətirmişdi. Hal-hazırkı şəraitdə qaldığımız qərargahda onu təmir etmək mümkün deyildi. Qərargah rəisi ilə məsləhətləşəndən sonra Milli ordu əsgərləri tərəfindən döyüş mövqeyində atılan zirehli texnikanı təmir etmək üçün Bakıya yola salmaq qərarına gəldik. Milli qvardiya döyüşçülərinin döyüş hazırlığını qərargah rəisi ilə yoxlayıb birlikdə Aşağı Veysəlli kəndinə yola düşmüşdük. Aşağı Veysəlli kəndinə bir az qalmış yol kənarında  dünənki çobana yenidən rast gəldik. O dünən bizə söylədiklərini bir daha təkrar etdi və bildirdi ki, sizin bura gəlməyiniz yerli camaatda pis fikir əmələ gətirib, guya ermənilər bu mövqedə kənd camaatına hücum etmək fikirləri bu günə qədər olmayıb. Əgər Milli Qvardiya döyüşçüləri bu kənd istiqamətində ermənilərə hücum edərsə bu kəndin ərazisində də döyüş qızışacaq. Kəndin döyüşçüləri ilə bu kənd istiqamətində erməni döyüşçüləri arasında saziş kimi bir şey var. Atma mənə, atmayım sənə. İndi kəndə vəlvələ düşüb. Söhbət gəzir ki, prezident qvardiyası buradan ermənilərə hücum edəcək. Ermənilərdə məcbur olub kəndi top atəşinə tutacaqlar.  Sizin dünən mənim yanıma gəlməyinizdən camaat şübhələnib...
Aşağı Veysəlli kəndi istiqamətdə yerləşən özünümüdafiə taboruna yuxarıda qeyd etdiyim kimi “Yapon” ləqəbli Səfa Əliyev rəhbərlik edirdi.  Həqiqətən də o sifət quruluşuna görə yapon millətinə oxşayırdı. Hərbi təhsili yox idi. Söhbət zamanı xəritədə düşmənin yerləşdiyi yerləri bizə göstərməyi ondan xahiş etdikdə, o səmimi olaraq demişdi ki, xəritədən başı çıxmır...
      Kəndə gəldiyimizi görən kənd camaatından beş-altı ağsaqqal yerli taborun qərargahına gəlib bizlə maraqlanırdılar. Kənd camaatı  bizim gəlişimizin məqsədi ilə maraqlananda kəndlərinə tanışlıq üçün gəldiyimizi bildirmişdik. Kənd ağsaqqallarından biri qayıdıb demişdi ki, elə bilirsiniz biz sizi tanımırıq, əli ilə məni göstərib bildirmişdi  ki, bu komandiri bütün Füzuli əhalisi tanıyır. O elə- belə gəlməz. Bura gəlməkdə nəsə planınız var ki, gəlmişiniz. Biz dinməyəndə ağsaqqallardan biri söyləmişdi ki, elə bilməyin biz sizin ermənilərə hücum etməyinizdən narazıyıq, əsla yox. Bizim başqa dərdimiz var, bu kənddə döyüşənlərin çoxu yerli kənd əhalisidir. Bir tikə çörək dalınca hərəsi bir tərəfə gedir. Çox vaxt postlar boş qalır. Siz buradasınız deyə qorxumuz yoxdur. Siz gedəndən sonra necə olacağını bilmirik. Nəsirov görəndə ki, onlar yavaş-yavaş çox şeylərlə maraqlanırlar, kənddən  getməyimizi  məsləhət görmüşdü. Biz kənd cahamatına hər şeyin yaxşı olacağını bildirib kənddən çıxmışdıq. Yolda söhbət zamanı belə bir qənaətə gəlmişdik ki, çoban tərəfindən bizə göstərilən postlar həqiqətən boşdur. Orada nə erməni var, nə də bizimkilər. Kənd camaatı düz deyir. Postların bəzilərində heç kim olmur. Biz öz qərargahımıza gəlib Həsən Qasımovun torpaq üzərində yaratdığı hücum edəcəyimiz  yerin maketinə baxmağa getmişdik. Həsənin xəritə əsasında hazırladığı  maket tam hazır idi. Həsən sanki torpaq üzərində bir möcüzə yaratmışdı. Nəsirov maketi görən kimi Həsənə demişdi ki, Bakıya qayıdan kimi Süleymanovla xüdahafizləşə bilərsən. Səni qvardiyanın qərargahına öz yanıma işə keçirəcəm. Günortadan sonra Nəsirovun göstərişi ilə hücum zamanı döyüşə rəhbərlik edəcək komandirlərin siyahısını ona təqdim etmişdim. Bunlar baş leytenant Babayev Arif Binyamin oğlu, baş leytenant Yaqubov Məhəmməd Camal oğlu, qvardiyaçı Məhərrəmov Ədalət Şirin oğlu, xüsusi təyinatlı dəstədən leytenant Ələkbərov Namiq Adil oğlu, leytenant Rəhimov Fazil Yaqub oğlu, Novruzov Məhəddin Firudin oğlu idilər. Adları çəkilən komandirləri qərargaha Nəsirovun yanına dəvət etmişdim. Toplantıda qərargah rəisi onlara qısa bir müddət ərzində Aşağı Veysəlli kəndi istiqamətində kəndən bir az aralı yerləşən  hərbi strateji  cəhətdən mühüm əhəmiyyət kəsb edən Qızılqaya yüksəkliyini ermənilərdən təmizləyəcəyimizi bildirmişdi. Komandir heyətini qvardiyaçı Qasımov Həsənin dünən axşamdan  hücum olunan yerin coğrafi relyefinin torpaqdan hazırlanmış maketinin önünə gətirtmişdi.  Qərargah rəisi əlinə uzun xəritə çubuğu götürərək maket üzərində düşmənin durduğu mövqeləri bir-bir komandirlərə göstərirdi. Milli Qvardiya qərargah rəisi Tariyel Nəsirovun hazırladığı hücum planına əsasən Qızılqaya yüksəkliyini götürmək üçün birinci olaraq dağ ətəyi erməni postları götürülməli idi. Qərargah rəisi erməni postlarını maket üzərində göstərdikcə mən həmin postu götürəcək qrup komandirinin adını elan edirdim. Köməkçim Qasımov Həsən də mən ad çəkdikcə maket üzərində işarə qoyurdu. Beləliklə, komandirlər əyani olaraq bilirdilər ki, kim hansı erməni postlarına hansı istiqamətdən hücum edəcək. Qərargah rəisi maket üzərində komandirlərə bir neçə dəfə döyüş təlimi keçəndən sonra göstəriş verildi ki, sərbəst şəkildə maket üzərində döyüş mövqeləri ilə bir daha yaxından tanış olsunlar...

Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin