“Azərbaycanda yeganə hüquqşünasam ki, bu sistemi obyektiv qiymətləndirmək imkanım var”

Hazırda oxunan: “Azərbaycanda yeganə hüquqşünasam ki, bu sistemi obyektiv qiymətləndirmək imkanım var”

44243
Qondarma ittihamlarla artıq 3-cü məhbəs həyatını yaşayan məhşur hüquqşünas Qurban Məmmədov zindandan Moderator.az-a növbəti yazısını göndərib. Qurban bəy Penitensiar Xidmətdəki yenilikləri və əvvəlki 2 məhbəs həyatı ilə indiki şəraiti müqayisə edərək maraqlı təhlillər aparıb. Düşünürük ki, oxucular yazını oxuyub obyektiv qiymətləndirəcəklər:

Bu mövzuda hələ 15 iyun 2013-cü ildə, həbs edilərək Bakı İstintaq Təcridxanasına gətirildiyimin 10-cu günü yazmaq istəmişdim. Bəzi qeydlər də etmişdim. Ancaq o vaxt fikrimdən daşındım, düşündüm ki, düzgün başa düşülmərəm və rejim nökərləri mənim yazımdan mənə və cəmiyyətə qarşı əks-təbliğat məqsədi ilə istifadə edə bilərlər: “Qurban Məmmədovu da sındırdıq, indi bizə tərif deyir və s.”. Çünki bu rejimin əxlaqına yaxşı bələdəm.

Ancaq son vaxtlar mətbuatda bu sistem barədə yazılan bəzi məqalələri və yayılan mənfi şayiələri görüb, qərara gəldim ki, artıq yazmaq olar, özü də nəinki olar, həm də zəruridir. Çünki bu məqalələr və şayiələr dolayısı ilə həm də gənclərin siyasi mübarizədən, fəallıqdan  çəkinməsinə də xidmət edir. Bir qorxutma, vahiməyəsalma vasitəsi kimi mənfi rol oynayır və ictimai şüurda xof yaradılmasının bir elementinə çevrilir.

Bu hakimiyyət Avropa dəyərlərinin faydalı olanlarını və onların mahiyyətini götürmək əvəzinə, çox vaxt onların pisini, milli mentalitetimizə yad olanlarını və zahiri əlamətlərini götürməklə guya avropalılara kələk gəlirlər, baş aldadırlar, “siyasi pripiska” ilə məşğuldurlar.

Nədir Penitensiar sistem?  “Penitensiar” sözü nə deməkdir? Dilimizdə olmayan, dilimizə yatmayan bu sözün qarşılığı dilimizdə yoxdurmu? İngilis dilində penitentiary (penitenşəri) - islah evi, həbsxana deməkdir. Dilimizdə zindan, qazamat, həbsxana,  türmə, həbs yeri, islah evi, islah müəssisəsi və s. sözlər ola-ola, bu sistemin “Penitensiar” adlandırılmasının mənası nədir, başa düşülmür. Məqsədimiz bu deyil. Qeyd etmək istədim ki, başqa dillərdə də qanunu pozub cinayət törədən şəxslərin saxlandığı yerlərə bizdəki kimi həbsxana, zindan, qazamat, türmə deyilir. 
 
Bura həbsxanadır. Qanunu pozduğu, cinayət etdiyi güman edilən və sonra da təqsiri məhkəmə hökmləri ilə təsdiqlənən adamların saxlanma yeri. Burada daha çox cəsur ürəkli, kişi xarakterli, qorxmaz, riskə meylli, qətiyyətli və qərarlı insanlar (kişilər və qadınlar) saxlanılır. Taleyi ilə barışan, müti, qul psixologiyası ilə yaşayan, yaltaq, qorxaq, xoşqeyrət adamlar buranı heç vaxt görə bilməzlər. Çünki bura kişi xislətli (cinsi fərq etməz) insanlar üçündür. Dünyanın hər yerində belədir. Ela adamlar var ki, onlar, onları  haqsız və əsassız davranış çərçivəsinə salan qanunlarla yaşamaq istəmirlər. Elələri də var ki, ondan savadsız və qabiliyyətsiz olan kəslərin rüşvət, korrupsiya və monopoliya ilə milyonlar qazanmasını təmin edən sistemlə barışmır, öz haqlarını öz bildikləri kimi  (çünki qanunverici - sistem, rejim onlara başqa şans tanımır) əldə etməyə çalışırlar. Bu da adam oğurluğuna, qətllərə və s. qorxulu cinayətlərə aparıb çıxarır. Hər kişi, hər adam cinayət edə bilməz. Bununçün ürək, cəsarət, mətanət, qərarlılıq lazımdır. Birilərinin gözündə cinayət kimi görünən əməl digərlərinin gözündə öz təbii haqlarını əldə etmə vasitəsi kimi görünür. İnsan qanunu pozmasından, cinayət etməsindən öncə özünü bu addıma psixoloji olaraq hazırlayır, bu hərəkəti etmək ücün özündə mənəvi haqq formalaşdırır və həbsxanaya -“penitensiar sistemə” düşəçəyini əvvəlcədən göz altına alır. Bu sistem “azadlıq sistemindən” yaxşı olsaydı insan burada olanda azadlığa can atmazdı. Deməli, penitensiar sistemə düşəcəyini bilən adam əvvəlcədən özünü ruhən müəyyən məhrumiyyətlərə hazırlayır - mənim kimi. Elə başqa məhbus qardaşlarımız da bu həyatı şüurlu olaraq qəbul edirlər.

Bir sözlə, cinayət deyilən əmməllərin törədilməsinin əsas səbəbi cəmiyyətdəki ədalətsizlikdir, maddi nemətlərin, milli gəlirin, dövlət büdcəsinin  qanunsuz və ədalətsiz bölgüsüdür. Yoxsa, hansı normal adam quldurluq edib, qətl törədib 15 il və ya ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmaqdansa, başını aşağı salıb əmək haqqı hesabına ailəsi ilə birlikdə yaşamağa üstünlük verməzdi ki?

1996-cı ildə Bakı Şəhər Məhkəməsində aralarında dünya və Avropa çempionları da olan bir qrup gənc, adam oğurluğuna, pul tələb etməyə görə ittiham edilirdi. Həmin prosesdə Azərbaycan vəkillərinin  ağsaqqallarından və sağlığında vəkilliyin simvoluna çevrilmiş rəhmətlik Teymur İsmiyev üzünü sədrlik edən hakim Azər Hüseynova tutaraq dedi: “Yoldaş hakim, bu gənclərə yaxşı baxın: sağlam, fiziki cəhətdən güclü, gül kimi uşaqlardır. Anaları onları cinayətkar doğmayıb. Baxın görün, bir nəfər də olsun kasıb adama toxunublarmı? Səhvən bir dəfə Göçaydan bir kasıb uşağı aparıblar, bilən kimi ona da 500 dollarlıq kostyum alıb aparıb evlərinə buraxıblar. Hardandır bu pullar o adamlarda? Namuslu adamda indiki vaxta o qədər pul ola bilərmi? Yox! Deməli, rüşvətlə, oğurluqla yığıblar. Qarşınızda oturan bu gənc balalarımız da Azərbaycanın dövlət bayrağını beynəlxalq yarışlarda göylərə qaldırmaq əvəzinə, dolanmaq üçün bu yola baş vurublar. Dövlət, cəmiyyət onlara sahib çıxsaydı, onların normal qazanmaları və yaşamaları üçün şərait yaratsaydı, cəmiyyətimiz ədalətlə idarə edilsəydi, bu gənc oğlanlar həbsxana yolunu seçərdilərmi? Əlbəttə yox! Deməli, deyirlər ki, onlar cəmiyyətin sanitarlarıdırlar. Bizi bu bataqlığa salan rüşvətxor, korrupsioner, oğru məmurlardan pul alıb kasıblara verirlər. Onlar kişi adamlardır. Mən onlara bəraət tələb edirəm!”. Təbii ki, o vaxt Teymur müəllimin bu sözləri həm hakim, həm də zalı ağzınadək dolduran zərərçəkmişlərin qohumları (onların arasında icra başçısı, pambıq zavodlarının və digər zavodların da rəhbərləri var idi) tərəfindən birmənalı qarşılanmadı.

Demək istəyirəm ki, cinayət törədən hər bir adam onu  müəyyən məhrumiyyətlərin gözlədiyini əvvəlcədən bilir və  psixoloji olaraq buna hazır olur.

Bəri başdan bir şeyi xüsusi ilə vurğulayım ki, həbsxana şəraitinin necə olmasından  asılı olmayaraq, hətta bura cənnət olsa belə, qanunsuz və əsassız həbs edilən adamçün bura həqiqətən  dözülməzdir və mənəvi, elə həm də fiziki baxımdan ölüm düşərgəsidir. Çünki qanunsuz həbs edilən adam üçün bura gözlənilməz, təsəvvüredilməz məkandır, o buna ruhən, psixoloji  olaraq  hazır deyil. Belələrinin çox vaxt ruhi problemləri yaranır və onlar ağır problemlərə mübtəla olurlar. Bəzən intihar edir, insan kimi sıradan çıxırlar, onları təkrarən cəmiyyətə qazandırmaq mümkün olmur. Ədalətsizliyin, haqsızlığın və hüquqsuzluğun  yaraladığı şəxsi labüd mənəvi və fiziki ölümdən xilas etmək çox çox çətindir. Bəlkə də, mümkün deyil. Bu adamların talelərində penitensiar sistemdəki reallıqlar az rol oynayır, əsas olan ədalətsizlik faktının özüdür.

Ancaq siyasi məhbuslar istisnadır. Yaşından, gəncliyindən asılı olmayaraq, siyasətə qoşulan hər bir adam elə birinci gündən şüurlu olaraq dərk edir ki, o, istənilən vaxt bu rejim  tərəfindən haqlı-haqsız həbs edilə bilər. Üzünə yalançı şahid qoyular, cibinə  narkotik maddə atılar, evinə-maşınına silah qoyular, tində döyülər, Elmar Hüseynov, Rafiq Tağı kimi evinə gedəndə, yolda öldürülə bilər və s. Yəni siyasilər penitensiar sistemin yolunu şüurlu tutduqları üçün bu sistemin məhrumiyyətlərinə psixoloji baxımdan hazır olurlar. Zəiflik göstərənlər, sınanlar, dözməyib yolunu  dəyişənlər demək ki, başdan öz yollaraını peşələrini səhv seçiblər. Siyasət şüurlu, götür-qoylu, psixoloji cəhətdən tam sağlam adamların məşğul olmalı olduqları fəaliyyət sahəsidir. Təsadüfü adamlar burada tezliklə sıradan çıxacaq və çıxmalıdır da, buna görə isə biz həm də penitensiar sistemə - həbsxanalarımıza borcluyuq.

Hərbi xidmət keçmə kimi, həbsxana da kişilik məktəbidir. Sınaq məqamıdır. Qurani-Kərimdə ALLAH buyurur: “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (ALLAHa) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib ALLLAHdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir” (Ali-İmran, 186-cı ayə). “Əlbəttə, Biz Sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can, (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum, belə imtahanlara) səbr edən şəxslərə müjdə ver. (Əl-Bəqərə, 155).

Diqqət edin: Qorxu... Aclıq... Mal... Can (övlad)... Məhsul... qıtlığı kimi, insan həyatı üçün vacib olan bu 5 şeylə ALLLAH bəndəsini imtahana çəkəcəyi barədə xəbərdarlıq edib. Səbrlə bu imtahalara dözənləri də müjdələyib. Həbsxana da bu imtahana çəkilmənin bir üsuludur. Burada qorxu, aclıq, mal, can (övlad) qıtlığı var

İndi həbsxana, zindan (türmə, cərimə təcridxanası) - penitensiar sistemdə vəziyyət necədir?

Təbii ki, hər şey müqayisədə fərqləndirilə bilər və buna görə də müqayisə etmək üçün oxşar obyektlər olmalıdır ki, hansının yaxşı, pis olması ortaya çıxsın. İndi sərəncamımızda 3 belə obyekt var:
- Bizim indiki sistem,
- Avropa və başqa ölkələrdəki eyni sistem,
- Bizim 5 il, 10 il, 20 il öncəki sistem!

Mən şəxsən Avropa həbsxanalarında olmamışam və buna görə də o barədə fikir bildirmək imkanım yoxdur və yəqin ki, heç vaxtda olmayacaq. Çünki bunun üçün mən Avropada yaşamalıyam və o ölkədə də bizdəki kimi öz siyasi rəqiblərini şərlətdirib tutduran bir rejim olmalı, hakimləri isə bizim hakimlər kimi lakeyxislətli olub, özlərini əmr qulu kimi aparmalıdırlar. Bu isə bir xəyaldır. Deməli, mənim bir imkanım var: indiki sistemi 10-20 il öncəki vəziyyətlə müqayisə etmək.

Mən bəlkə də Azərbaycanda yeganə hüquqşünasam ki, 1990-cı ildən bu günədək, 8-10 il fasilələrlə bu sistemi içindən, daxilindən görmüşəm, bu dəyişiklikləri yaşamışam və obyektiv qiymətləndirmək üçün imkanım var. Bu imkanı mənə verənlərə “təşəkkürlərirmi” bildirirəm. 

Dərhal, bəri başdan qeyd edim ki, dəyişikliklər inqilabidir. Daha doğrusu, 1990-1998-ci illərlə müqayisədə inqilab, 1998-2014-cü illərlə müqayisədə isə çox böyük müsbət dəyişikliklər var. 
Mən yaxşı xatırlayıram. Bayıl İstintaq Təcridxanasına ilk daxil olduğum gün, 1990-cı ilin iyun ayı idi. “Qarantin” deyilən otaqda 20-25 çarpayılıq otağa 40-60 adam toplanmışdı. Axşam “nara”lara 5-6 nəfər bir təhər uzanıb dincəlmək istəyəndə onlara daraşan taxtabitiləri və qısa müddətdən sonra dalama nəticəsində şişən, səpən bədənlər indi də gözlərimin önündədir. Mənim taxtabitinə heç dözümüm olmadığı üçün şalvarımın balağını corabımın içinə salıb səhərədək “tasovkalamışam”. Gündüz yatıb yuxumu almaq istəyəndə isə, nə qədər bürünsəm də taxtabitilərin qanımı içmələrindən özümü qoruya bilməmişəm və pişik boyda krısaların-siçovulların civiltisindən yata bilməmişdim. Siçovullar az qala üstümüzə dırmaşırdılar, eyni bəzi HƏYASIZ HAKİMLƏR kimi. Daş kimi quru çörəklə nə qədər vuruduqsa, yuvasına girəndən sonra yenə çıxır, bizə yaxınlaşırdılar. Bir sözlə, tam antisanitariya, xəstəlik, qeyri-insani şərait, siçovul özbaşınalığı, bit dərəbəyliyi.

3-4 gündən sonra 10 nəfərlik kameraya köçürüldüm. Hərə öz yerində yatırdı. 1993-cü ildən sonra isə, xüsusilə 1994-1997-ci illərdə bir yerə 4-5 adam hesabı ilə, kameraları ferma kimi doldururdular. O vaxt ümumiyyətlə “siyasiləri” dustaqların arasına çox buraxmırdılar ki, birdən onların da tərbiyəsini pozarlar. Kameralarda 1 m 20 sm hündürlüyündə kənarları olan, “qapısı” mələfədən tualet var idi. Təbii ehtiyaclarını icra etmək üçün özünü sıxdığından çoxlarının mədə-bağırsağı, təbii instinktləri, əsəbləri pozulurdu. Orda tualet, yanında da yemək stolu. Bir sözlə, insan ləyaqətini alçaldan bir şərait.

10 gündən bir hamam verirdilər. Hamam çirkin içində, iyrənclikdən adamın ödü ağzına gəlirdi. 5-10 dəqiqə isti su verib, kəsirdilər. Adam kimi çimmək istəyirdinsə, pul verməli idin. Yedməkdən isə danışmağa dəyməz. Üfunət iyi verən supu, borşu görəndə ürək bulanırdı. Ancaq əlac yox idi. Yanına sovqat gəlməyən adamlar məcburən yeyir və səhərə qədər tualetdə növbədə dururdular. Mədə-bağırsaq pozuntusu, xora - mədə yarası və s. kimi xəstəliklər, “zon”larda vərəm tüğyan edirdi.

1998-2003-cü illərdə, ardıcıllıqla 10, 5 və 13 saylı “zon”larda, 2001-2002-də isə Qobustan qapalı türməsində olmuşam. Səhər-axşam yoxlama gedəndə, sırada duran cavan oğlanların necə ağız dolusu qan qusmağının şahidi olmuşam. Həm də dəfələrlə. Adamlar toyuq kimi qırılırdı. Məhbusa münasibət isə heyvana olan münasibətdən də pis olub. Təkcə 5 saylı - Xələc cəzaçəkmə müəssisəsində 1994-cü ildə 105, 1995-ci ildə 84 nəfər dustaq dünyasını dəyişmişdi. Mən özüm 1999-2000-ci ildə Xələcdə 5 saylı Cəzaçəkmə müəssisəsində olanda məhbuslara olan o qeyri-insani, vəhşi münasibətin şahidi olmuşam. 1999-cu ildə 10 saylı Cəzaçəkmə müəssisəsində nəzarətçilər məhbusu döyə-döyə öldürdüklərinə  görə o vaxt mən etiraz etdim, prokurorluğa müraciət etdim, gəldilər, məni 15 sutka cərimə təcridxanasına salıb bəzi məhbuslardan ifadə aldılar ki, sən demə dustaq döyülməyib, özü elə ölməyi arzulayırmış. 

O dövrdə nəzarətçilər öz vəzifələrini məhbusu vəhşicsinə döyməkdə, onu incitməkdə, “yandırıb”, “torbasını tikib” pul qazanmaqda görürdülər. Qapalı həbsxanada - Qobustanda 1998-ci ilədək “ölüm koridoru”, “ölüm otağı” adlanan ilkin yoxlama kameraları olub. Bu günə qədər bilinmir orada işgəncə ilə öldürülən, şikəst edilənlərin sayı nə qədərdir? 

2001-ci ildə mən ora gedəndə artıq həmin yer ləğv edilmişdi. Mən oranı görmədim. Ancaq mənə qədər neçə-neçə vətəndaşımızın, cavan balalarımızın qanı o divarlara səpələnmiş, nahaq qanları tökülmüş və batırılmışdı. O vaxtkı hakimiyyət Avropanı inandırmağa çalışırdı ki, bizim xalq geri qalıb, demokratiyaya keçidə hazır deyil, onu asta-asta başa salmaq lazımdır - döyə-döyə, təhqir edə-edə, öldürə-öldürə. 

O vaxt dustaq elə istintaq təcrdxanasına və ya “zona” daxil olduğu andan, “Şmon” - fərdi axtarış otağından alçalmağa, təhqir olunmağa başlayırdı. 30-40 nəfər cavan oğlanı lüt soyundurub dar bir otağa yığır, bir müddətdən sonra çıxardıb paltarlarını qaytarır, sonra “zon”dakı “qarantin otağına” aparırdılar. Qarantindən zona çıxmağa pul verməli idin. Yoxsa, orada işgəncələrə məruz qalmaqda davam edəcəkdin. İndi hələ ki, “zon”larda necə olduğunu bilmirəm, ancaq o vaxt məhbus hər addımda pul verməli olurdu. Başqa sözlə, taxta dülgər üçün, köhnə ayaqqabı pinəçi üçün hansı rol oynayırdısa, dustaq da “penitensiar” əməkdaşı üçün həmin rolu oynayırdı - qazanc mənbəyi idi. 

2013-cü il 05 iyun. İlk dəfə Bakı İstintaq Təcridxanasına ayaq basanda, elə ilk müşahidə etdiyim də, 20 il öncəki ilə müqayisə edilə bilməyəcək münasibətlər oldu: nəzarətçi-məhbus münasibətləri. Məni ən çox təəcübləndirən “axtarış otaqlarında” olduğum 2-3 saat ərzində söyüş və çığırtı səsləri eşitməməyim oldu.

Oxucu üçün aydın olsun deyə, istər o dövrdə, istərsə də indiki olanlar barədə yazdıqlarım şəxsən mənə - Qurban Məmmədova aid deyil. Mən vəkil olduğuma görə, əvvəlcədən çoxları ilə tanış olduğuma görə mənə münasibət 1990-cı ildə də, 1998-2003-cü ildə də fərqli olub. 2013-cü ildə isə mən bu fərqi görmədim. Hamı ilə necə davranırlarsa, mənimlə də eləcə davrandılar. Azadlıqdakından fərqli olaraq, məhkəmələrdəkindən fərqli olaraq, burada mənə qarşı ayrı-seçkilik edilmədi. 

Mən heyrətə gəlmişdim. Nəzarətçilərin dustaqlarla gülərüz, şirindilli söhbət etmələri məni sanki nağıllar aləminə salmışdı. Köhnə dustaqlar, yəni 15-20 il öncə Bayılı, Şüvəlan Təcridxanasını görənlər mənim nə demək istədiyimi yaxşı başa düşərlər. 

Axtarış və gözləmə otaqlarında qapalı tualet və daimi su. Əvvəl elə bilmişdim ki, məni qəsdlə belə yaxşı şəraitli otağa salıblar ki, narazılıq yaratmayım. Köhnə işçilərin çoxu mənim vaxtilə Bayılda, zonlarda etdiklərimdən xəbərdar idilər. Sonralar başqa otaqlarda da eyni şəraiti görəndə başa düşdüm ki, deyəsən dəyişən təkcə insani münasibətlər yox, həm də saxlanma şəraitidir. Nəzarətçi ilə “pole çudes” oynamaq istədim. Üstümü axtarmaq istəyənə pul təklif etdim ki, üstümü axtarmasın. Əslində heç bir qanunsuz əşyam yox idi. Eşitdiyim cavab məni dəhşətə gətirdi: “Yox müəllim pula ehtiyac yoxdur, mən vəzifəmi icra edim, Sizə pul kamerada lazım olar, özünüzə xərcləyin o zamanlar keçdi, zəhmət olmasa ...”.

Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin