Qonşularımızdan sosial-iqtisadi baxımdan xoşbəxtdikmi?

Hazırda oxunan: Qonşularımızdan sosial-iqtisadi baxımdan xoşbəxtdikmi?

38952


Ötənlərdə ölkə mediası qarşısında çıxış edən prezident İlham Əliyev Azərbaycan xalqının sosial-iqtisadi durumuna toxunaraq, bu sahədə vəziyyətin ildən-ilə yaxşılaşdığını vurğulayıb. Ölkə başçısının sözlərindən belə məlum olub ki, Azərbaycanda kommunal qiymətlər baxımından heç bir problem və narazılıq müşahidə edilmir. Qonşu dövlətlərlə müqayisədə Azərbaycanda işıq, qaz, su və s. kommunal xərclərin aşağı olduğunu qeyd edən ölkə başçısı, bunu Azərbaycan hakimiyyətinin uğuru, onun xalqın maraqlarına hesablanan sosial-iqtisadi siyasəti kimi dəyərləndirib. Lakin ölkə başçısının kommunal xərclərlə bağlı səsləndirdiyi fikirlər müstəqil iqtisadçı ekspertlər tərəfindən heç də birmənalı qarşılanmayıb. Azərbaycanda kommunal xərclərin qonşu dövlətlərlə müqayisədə heç də ucuz olmadığına diqqət çəkən ekspertlər, hətta bəzi müqayisələrin Azərbaycanın zərərinə işlədiyini qeyd etdi.

 

Sözdə irəlidə, reallıqda geridə qalan Azərbaycan

 

Ekspertlərin sözlərinə görə, Azərbaycanda benzinin və elektrik enerjisinin qonşu dövlətlərin hamısından ucuz olması ilə bağlı səslənən fikirlər absurtdur və gerçəkliyi əks etdirmir. Ekspertlərin fiokrincə, reallıq bundan ibarətdir ki, bu gün qonşu İranda benzinin qiyməti Azərbaycandan ucuzdur. Eyni sözləri elektrik enerjisinin qiymətləri haqqında da söyləmək olar. Azərbaycan kimi İranın da neft-qaz ölkəsi olduğuna diqqət çəkən ekspertlər, Azərbaycanın məlum müqayisədə İrana uduzduğu qənaətindədir. Habelə, ekspertlər hesab edir ki, İranda 70 milyondan çox insanın yaşadığını və bu dövlətə qarşı son illər tətbiq edilən beynəlxalq embarqoların sayının kəskin surətdə artdığı nəzərə alınarsa, o zaman İrandakı benzin və işığın qiymətinin nə qədər ucuz olduğu daha aydın anlamaq olar. Bundan başqa, ekspertlər son illər ciddi iqtisadi çətinliklərlə üzləşən Rusiyada da benzinin qiymətinin Azərbaycanla təxminən eyni olduğuna diqqət çəkir. İqtisadçılar hesab edir ki, Azərbaycanın bu məsələdə İran kimi Rusiyanın da qarşısında öyünməsi üçün heç bir səbəb yoxdur.

 

Ermənistan və Gürcüstana da uduzuruq?

 

Ekspertlər qonşu dövlətlərdən Ermənistan və Gürcüstanın da bəzi məsələlərdə Azərbaycanı üstələdiyi fikrindədir. Məsələn, ekspertlərin məlumatına görə, Gürcüstan və Ermənistanda elektrik enerjisnin qiyməti Azərbaycanla müqayisədə daha ucuzdur. Halbuki, mövcud resurslar baxımından Azərbaycanın imkanları hər iki ölkədən daha genişdir və bu baxımdan Azərbaycanda işıq və qazın qiyməti bu ölkələrlə müqayisədə ən azı iki dəfə ucuz olmalıdır. Məhz bu baxımdan ekspertlər hesab edir ki, Azərbaycanın əhaliyə göstərilən kommunal xidmətlərin müqabilində onlardan tələb olunan pulun qonşu dövlətlərdən aşağı olması fikri həqiqətdən uzadır. Mütəxəssislərin qənaətincə, belə bir mövqe həqiqətin açıq-aşkar inkar edilməsinə xidmət edir ki, bu da qəbuledilməzdir.

 

Nə geridəyik, nə irəlidə

 

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, Azərbaycanda kommunal xidmətlərin dəyərinin bütün qonşu dövlətlərdən ucuz olduğunu qəti şəkildə iddia etmək doğru deyil: “Azərbaycanda kommunal xidmətlərin hamısının qiymətinin birmənalı şəkildə ucuz olduğunu iddia etmək olmaz. Çünki elə kommunal xidmət var ki, onun qiyməti ucuz, eləsi də var ki, bahadır. Məsələn, əgər söhbət Gürcüstanla müqayisədən gedirsə, bu ölkəyə baxanda Azərbaycanda benzinin qiyməti ucuzdur. Amma elə dövlət də var ki, orada işığın qiyməti bizdən ucuzdur. Bu baxımdan kommunal xidmətlərin dəyərinin birmənalı şəkildə ucuz olduğunu irəli sürmək doğru deyil”.

Ekspertin sözlərinə görə, bu məsələdə Azərbaycanı Avropa dövlətləri ilə də müqayisə etmək məntiqi baxımdan qəbuledilməzdir: “Azərbaycanı Avropa ölkəsi ilə müqayisə eləmək doğru deyil. Avropa ölkələrində kommunal xidmətlər Azərbaycandan bahadır. Lakin yaşayış səviyəsi amili də var ki, bu da çox mühüm şərtdir. Azərbaycanda orta aylıq əmək haqqı 410 manatdır. Lakin Avropa ölkələrində orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıqdır. Orada əhalinin gəliri bizdən daha yüksəkdir. Buna görə də Azərbaycanın bu məsələdə Avropa dövlətləri ilə də müqayisə edilməsi düzgün deyil”.

 

410 manatın arxasındakı sirr

 

S.Əliyevin bildirdiyinə görə, Azərbaycanda orta aylıq əmək haqqının 410 manat təşkil etməsini şərtləndirən əsas amil bəzi iri müəssisələrdə əmək haqqının yüksək olması ilə bağlıdır: “Alıcılıq qabiliyyəti portreti deyilən bir anlayış var. Bu anlayışın mahiyyəti ondan ibarətdir ki, insanlar öz qazandıqları pula görə nə ala bilərlər. Azərbaycanda orta aylıq əmək haqqı 410 manat olsa da, büdcədən asılı olan müəllim və həkim kontingentinin orta aylıq əmək haqqı təxminən 200 manatdır. Orta aylıq əmək haqqı ona görə 410 manatdır ki, iri neft şirkətlərində əmək haqları kifayət qədər yüksəkdir. Neft Fondunun orta aylıq əmək haqqı 1800-1900 manatdır. Əgər Azərbaycan hökuməti kommunal və nəqliyyat xidmətlərini Avropa dövlətləri səviyyəsinə çatdırırsa, o zaman Azərbaycanda yaşayış səviyyəsi də Avropa dövlətləri səviyyəsinə qalxmalıdır. Buna nail olmadan kommunal xidmətlərin dəyərini artırmaq düzgün deyil”.

 

Şamil Əlibəyli

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin