Hacı Məmmədovun anasının evini sökürlər

Hazırda oxunan: Hacı Məmmədovun anasının evini sökürlər

30634

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili, məşhur qanqster Hacı Məmmədovun anası Almaz Məmmədovanın Saray qəsəbəsindəki evi zorla əlindən alınır. Moderator.az-ın “Yeni Müsavat” qəzetinə istinadən məlumatına görə, vaxtilə H.Məmmədova məxsus olan, onun həbsindən sonra isə dövlət tərəfindən müsadirə edilən mülk zərərçəkmişlərə verilib. Zərərçəkmişlər isə yerdə qalan ərazidəki digər kiçik mənzilin də yerlə-yeksan edilməsinə nail olmaq istəyirlər. Məhkəmə qərarı olmadığı halda A.Məmmədovanın evini başına uçurmağa cəhd göstərirlər.

H.Məmmədovun anası isə bununla razılaşmır. O, məhkəmə qərarı olmadan söküntü işlərinin aparılmasına etiraz edir. Buna baxmayaraq, iyulun 9-da Səbayel Rayon Məhkəməsinin icraçıları Oqtay Yeqanov və Araz Hüseynov Saray qəsəbəsində yerləşən sözügedən bağ evinə gələrək söküntüyə başladılar. Hadisə yerində olarkən mülkiyyət mübahisəsinin təfsilatını öyrəndik.

Məhkəmə icraçıları gəlməzdən əvvəl A.Məmmədova mülkiyyətin ona aid olduğu barədə qeydiyyat vəsiqəsini bizə təqdim etdi. Həmin ünvanda pasport qeydiyyatında olduğunu deyən A.Məmmədovanın sözlərinə görə, həyətyanı torpaq sahəsindən 0,13 hektar ayırıb və daşdan hasara alıb. 2004-cü ildən onun qızı ailəsi ilə birlikdə burada yaşayır.

Torpağın bir hissəsindən əkin sahəsi, qalan hissəsindən isə bağ kimi istifadə olunur. Zərərçəkmişlər isə onlara verilən mülklə razılaşmayıb qalan əraziyə də sahiblənmək iddiasındadırlar. Onlar hesab edirlər ki, yerdə qalan həyətyanı sahə də əslində onlara aiddir. Sadəcə, H.Məmmədovun anası daşdan hasar çəkib ərazini zəbt edərək qanunsuz olaraq özünə ev tikdirib. Odur ki, onlar məhkəmə icraçılarını çağırıb daş hasarı sökdürmək niyyətindədirlər.

A.Məmmədova 2005-ci ilin martında oğlunun həbs edilməsindən sonra problemlərin başlandığını bildirdi: “Hacının əmlakı zərərçəkmişlərə verildi. Eyni zamanda mənim Saray qəsəbəsindəki 3 mərtəbəli evim də Hacının evi sayılaraq müsadirə edilib zərərçəkmişə verildi. May ayında Səbayel rayon icra məmurları mənə dedi ki, evimin mənim mülkiyyətimdə olması barədə Abşeron ərazi idarəsində məlumat yoxdur. Ona görə də evimi söküb, 0,13 hektar həyətyanı torpaq sahəmi Hacının işi üzrə zərərçəkmişə verəcəklər. Evimin qeydiyyat vəsiqəsini göstərdim, məhkəmə qaydasında ləğv olunmadığını bildirdim. Lakin nəzərə almadılar”.

A.Məmmədova iddia edir ki, oğlunun cinayət işi üzrə nə onun evinə, nə də həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulub: “O cinayət işinin mənə heç bir aidiyyəti yoxdur. Vəkilim evimin Abşeron ərazi idarəsində qeydiyyatda olmaması faktını aydınlaşdırdı. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciətimizə cavabda bildirildi ki, onlarda qeydiyyat barədə məlumat yoxdur. Təkrar araşdırmalar nəticəsində bilindi ki, Hacının işi üzrə zərərçəkmişə verilmiş Saray qəsəbəsindəki evin qeydiyyat vəsiqəsinin nömrəsi 9155-dir, yəni mənim qızıma bağışladığım evə səhvən bir nömrə verilib. Ancaq məhkəmə qərarı olmadan heç kimsə mülkiyyətimə toxuna bilməz”.

Bundan sonra biz elə qəsəbədə ikən məhkəmə icraçıları həyətə daxil oldular. H.Məmmədovdan müsadirə olunub zərərçəkmiş Rəna Paşayevaya verilən mülklə A.Məmmədovanın evi arasındakı daş hasarı dağıtmağa başladılar. R.Paşayeva ərazinin ona aid olduğunu söylədi. İcraçılar isə məhkəmə qərarı olmaya-olmaya hasarı fəhlələrə sökdürdülər. Bu zaman tərəflər arasında mübahisə yarandı. Buna baxmayaraq, icraçılar söküntünü dayandırmadılar.

A.Məmmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə yerinə polisləri çağırdı. Ardınca onun vəkili Aydın Nəzərli hadisə yerinə gəldi. Vəkil icraçılara məhkəmə qərarı olmadan söküntü aparılmasının qanunsuz olduğunu desə də, buna məhəl qoymadılar. Amma hasar söküləndən sonra mənzilə müdaxilə edə bilmədilər. Onlar mənzilin dağıdılması haqda məhkəmə qərarı olmadığını başa düşüb çıxıb getdilər.

Vəkil bildirib ki, hamının gözü qarşısında icraçılar qanunsuzluğa yol verdi. Onun sözlərinə görə, məsələ yalnız hüquqi müstəvidə həll olunmalıdır və məhkəmə hökmündən asılı olaraq H.Məmmədovun ailəsi addım ata bilər: “Reyestr Xidmətindən Almaz xanımın qızı Arifə Məmmədovanın qeydiyyatda olmadığı bildirildi.

2004-cü ildə əmlak onun adına rəsmiləşdiriləndə “A” yazılmalı idi. Bunu etməyiblər. Biz Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət etmişik. İddia ərizəsinə baxılmalıdır, Reyestr Xidməti səhvini düzəltməlidir. Arifə xanımın adına olan mülkə ayrı nömrə verilməlidi. Son sözü məhkəmə deyəcək. Bu gün isə məhkəmə qərarı olmadan hasarı sökdülər. Ancaq evi sökə bilmədilər".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin