“Aparıcı bunu normal hesab edərək deyir: “Əgər efirə, radioya biz ədəbi dili çıxarsaq, onda televiziya və radio ilə insanlar arasında çox böyük uçurum yaratmış olarıq”. İ.Mikayıloğlunun sözlərindən belə çıxır ki, aparıcıların hər biri hər hansı bir ləhcənin nümayəndəsidirsə, verilişdə də o şəkildə danışmalıdır. Təəssüf ki, həmin verilişdə Mir Şahin də belə bir fikir söyləyib ki, “Biz telefon dilində nə qədər sərbəstiksə, mən bir televiziya jurnalisti olaraq hesab edirəm ki, televiziyada da o qədər sərbəst olmalıyıq”.
Hesabatda o da qeyd edilib ki, bu norma pozmaları ilə yanaşı, nitqləri aydın olan, əksər hallarda ədəbi dilin normalarına uyğun şəkildə qurulan, veriliş zamanı nitqlərində çox nadir hallarda normadan kənara çıxma halları müşahidə edilən aparıcılar da var. Bunlara isə “Xəzər Xəbər”də Anar Nəcəfli, “Günə başlarkən”da Türkay Verdiyeva, “Mövqe”də (“Lider”) Elşən Musayev, “ATV Aktual”da Aytən Əhmədova, “ATV Gündəm”də Xoşqədəm Hidayətqızı, “Növbətçi”də Rəşad Abbasov və digərləri daxildir.






























































































