Dünyanın istənilən ölkəsində vergi sisteminin dövlət və vətəndaş həyatındakı rolu olduqca böyükdür. Vergi sadəcə dövlət büdcəsinin doldurulması prosesi deyil, vergi daha çox cəmiyyət həyatının, çoxsaylı dövlət və qeyri-dövlət institutlarının fəaliyyətinin tənzimlənməsi, dövlət adlı nəhəng maşının bütün çarxlarının vaxtında və lazımi keyfiyyətlə işləməsini təmin edən bir sistemdir.
Vergi ödənişlərinin dövlət üçün əhəmiyyəti nədən ibarətdir?
Dövlət büdcəsinə müxtəlif
istiqamət və sahələrdə müxtəlif miqyasda daxilolmalar gəlsə də, hər bir dövlətin
əsas gəlir sahəsini vergi ödənişləri təşkil edir. Bu, bəzi Avropa dövlətlərində
75-80%, Fransa kimi yüksək iqtisadi inkişaf göstəricisinə malik dövlətdə isə
90%-dir. Vergi ödənişlərinin digər ödənişlərdən əhəmiyyətli fərqi onun daha
stabil və idarəolunan olmasıdır. Məsələn, idxal-ixrac əməliyyatları yerli və
dünya iqtisadiyyatındakı proseslərdən asılı olduğu üçün bu sahədən dövlət büdcəsinə
gələn gəlirlər kəskin surətdə arta və ya azala bilər. Necə ki, son iki
devalvasiyadan öncə Azərbaycanın dövlət büdcəsinə ən çox vəsait neft gəlirlərindən
gəlirdi. Lakin dünyadakı iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin
surətdə aşağı düşməsi neft gəlirlərinin kəskin şəkildə azalmasına səbəb oldu.
Bu fakt bir daha sübut etdi ki, hətta neft bumunu yaşayan dövlətlər belə daha
çox vergi daxilolmalarına arxalanmalıdır. Çünki vergi daxilolmaları digər gəlirlərə
nisbətən daha stabil, daha sistemlidir və bu gəlirlərin qısa zamanda kəskin dəyişilmələrə
məruz qalma ehtimalı daha aşağı olduğu üçün məhz vergi gəlirlərinə arxalanaraq
uzunmüddətli layihələr həyata keçirmək, sosial proyektləri daha etibarlı şəkildə
reallaşdırmaq mümkündür.
Vergi ödənişləri dövlətin
maliyyə siyasətinin icrası, sosial layhilərin, əmək haqlarının, pensiyaların
vaxtı-vaxtında ödənilməsini təmin etmək baxımından müstəsna əhəmiyyətə
malikdir. Ölkədəki həkim, müəllim, polis, məmur, pensiyaçı və s. kontingentin
pulu məhz vergi daxilolmaları hesabına ödənilir. Vergi daxilolamalarında hər
hansı problemin yaranması bu nəhəng və mürəkkəb sistemin normal fəaliyyətini əngəlləməklə
yanaşı, minlərlə, milyonlarla insanın sosial keçimində müxtəlif çətinliklərin yaranmasına
səbəb olur.
Vergi daxilolmaları sosial-iqtisadi təhlükəsizliyin və ictimai
sabitliyin təminatçısı rolunda
Dünyanın bütün qabaqcıl ölkələrində
vergi daxilolmaları ölkənin iqtisadi təhlükəsizliyinin və ictimai sabitliyinin
qarantı rolunda çıxış edir. Beynəlxalq təcrübənin təhlili göstərir ki, şəffaf və
optimal vergi sisteminə malik olan dövlətlərdə sosial-iqtisadi təhlükəsizlik,
habelə ictimai sabitlik daha yüksək səviyyədə olur. Məsələn, dövlət büdcəsinin
80%-i vergi daxilolmaları hesabına formalaşan, 50-ə yaxın vergi növünün tətbiq
edilən Almaniyada vergi sistemi sosial-iqtisadi stabillik, ictimai sabitliyin
qorunmasında mühüm rol oynayır. Aktiv və davamlı islahatlara meyilli vergi sistemi
sosial layihələrin, dövlət və qeyri-dövlət institutlarının fəaliyyətinin saat
mexanizmi kimi dəqiq və qüsursuz fəaliyyətini tənzimləyir, ictimai təlatümlərin,
sosial narazılıqların meydana çıxmasına imkan vermir.
Geridə qalmış, qeyri-şəffaf,
özündə böyük boşluqlar ehtiva edən vergi sisteminə malik dövlətlərdə isə maliyyə-iqtisadi
və sosial-ictimai kataklizmlər qaçılmaz olur. Bu qəbildən olan dövlətlərdə
vergi sistemi
mövcud reallıqlarla
ayaqlaşmadığı üçün dövlət büdcəsinə çatması gərəkən vəsaitlərin bir qismi və ya
böyük bir hissəsi öz ünvanına yetişmir. Nəticədə, dövlət öz yaşamı, mövcudluğu
üçün gərəkli olan vəsaiti tapa bilmir. Məhz bu halda sosial layihələrin təxirə
salınması və ya bu layihələrdən tamamilə imtina edilməsi, əmək haqlarının,
pensiyaların azaldılması və ya onların ödənişinin ləngiməsi halları baş verir
ki, bu da ciddi sosial narazılığa, ictimai sabitliyin pozulmasına, bəzi
hallarda isə vətəndaş qarşıdurmasına səbəb olur.
Müstəqilliyimizin bir nömrəli qarantı: ordu, yoxsa vergi sistemi?
Silahlı Qüvvələrin hər bir
dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün təminində müstəsna rol oynadığı hər
kəsə bəllidir. Hər il dünya dövlətlərinin Silahlı Qüvvələrə milyardlarla dollar
məbləğində vəsait sərf etməsi də bu zərurətdən qaynaqlanır. Lakin məntiqlə
yanaşanda bəlli olur ki, əslində hər bir dövlətin, eləcə də Azərbaycanın müstəqilliyinin
bir nömrəli qarantı ordu yox, vergi sistemidir. Çünki ordunu ayaqda tutmaq, Silahlı
Qüvvələrin maddi-texniki təchizatını təmin etmək üçün gərəkən bütün vəsaitlər
dövlət büdcəsi hesabına həyata keçirilir ki, dövlət büdcəsi də vergi əsasında
formalaşır. Dövlət büdcəsinə vergi daxilolmalarının dayanması əsgərin ac və
silahsız, topun, tankın, aviasiyanın mərmisiz qalması və məhvi deməkdir. Hər il
yüzlərlə zabitimizin dünyanın qabaqcıl ölkələrində təkmilləşdirmə kusrlarına
göndərilməsi, əcnəbi mütəxəssislərin təlimatçı qismində ordumuza cəlb edilməsi,
silah arsenalının durmadan modernləşdirilməsi və s. vergi pulları hesabına
reallaşır.
Odur ki, vergi ödənişlərinə
sıradan bir prosedur kimi deyil, dövlətin müstəqilliyini, güc və qüdrətini təmin
edən zəruri və şərəfli bir iş kimi yanaşılmalı, bu məsələdə ən xırda səhlənkarlığa,
boşluğa yol verilməməlidir.Hər bir vergi ödəyicisi dərk etməlidir ki, insanın
yaşamı üçün oksigen nə dərəcədə zəruridirsə, dövlət üçün də vergi ödənişi bir o
qədər zəruridir. Insan oksigensiz yaşaya bilmədiyi kimi, dövlət də vergisiz yaşaya bilməz. Dövlətə
çatası vergini mənimsəmək dövləti yaşamı üçün zəruri olan oksigendən məhrum etmək
deməkdir ki, bu da hər şeydən öncə vətənə və dövlətə xəyanət deməkdir.
Vergi sistemi milli, dini və bəşəri humanizmin keşiyində
Vergi sisteminin digər mühüm
xüsusiyyətlərindən biri bu sistemin milli və bəşəri humanizmin keşiyində durması
gerçəyidir. Belə ki, vergi ödənişləri əsasında büdcədə qərarlaşan vəsaitlər
yuxarıda qeyd olunduğu kimi, sadəcə əmək haqları və pensiyalara,
abadlıq-quruculuq prosesinə, ordunun inkişafına və s. sərf edilmir. Bu vəsaitlər
sosial baxımdan aztəminatlı ailələrə, fiziki və əqli qüsuru olan şəxslərə, əlillərə,
uşaq və qocalar evlərinin saxlanılmasına və s. sərf edilir ki, bu da həm milli,
həm dini, həm də bəşəri humanizm baxımından vacibdir. Bu, həm də dövlətin öz vətəndaşının
rifah və sosial təminatının keşiyində durması baxımından zəruridir.
Odur ki, vergi ödənişində
süni problemlər yaratmaq, vergi ödənişindən hər hansı vasitəsi ilə yayınmaq dövlətin
humanizm siyasətinə qarşı çıxmaq, bu siyasəti əngəlləmək cəhdidir ki, bu da mənəvi
suç olmaqla yanaşı, həm də qanun
pozuntusu kimi məsuliyyət doğurur.
Dərk olunması gərəkən borc, yaxud ekspertdən sahibkarlara çağırış
Vergiləri vaxtı-vaxtında ödəməyin
həm bir borc, həm də bir mədəniyyət nümunəsi olduğuna diqqət çəkən iqtisadçı
ekspertlər də hesab edir ki, sahibkarlar bu borcun, onun əhəmiyyətinin fərqinə
varmalı, üzərlərinə düşən missiyanı nümunəvi şəkildə yerinə yetirməlidirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
rəhbəri, iqtisadçı alim Vüqar Bayramov saytımıza açıqlamasında sahibkarları bu
məsələdə aktiv və məsuliyyətli olmağa səsləyib:
“Azərbaycanda sahibkarlıq mədəniyyəti
lazımi səviyyədə deyil. Məhz bu səbəbdən də bəzi sahibkarlar vergidən yayınmağa
cəhd edir, müxtəlif üsullarla buna nail olmağa çalışırlar. Halbuki, sahibkarlıq
fəaliyyəti ilə məşğul olanlar anlamalıdırlar ki, vergi vermək onların borcudur.
Hesab edirəm ki, ölkədə sahibkarlıq mədəniyyətinin artırılmasına ehtiyac var.
Çünki bütövlükdə vergi sahəsindəki vəziyyətin yaxşılaşması Vergilər
Nazirliyinin həyata keçirdiyi islahatlarla yanaşı, həm də sahibkarlıq mədəniyyətinin
yüksəlməsindən asılıdır”x9d.
ABŞ-ın vergi nümunəsi, yaxud gəlir naminə beynəlxalq əməkdaşlıqdan
imtina”¦
Vergilərin dövlət və onun fəaliyyətində
hansı rola malik olduğunu anlamaq üçün ABŞ-ın vergi sisteminə, bu sistemin bəzi
incəliklərinə nəzər yetirmək kifayətdir.
Vergi sistemi və bu sistemin
qüsusuz fəaliyyətinə böyük önəm verən ABŞ-da vergi siyasəti bütün mümkün
yollarla dövlət büdcəsinin doldurulması prinsipinə xidmət edir. Məhz bu səbəbdən
də ABŞ hökuməti beynəlxalq vergi-maliyyə şəffaflığını təmin etmək məqsədilə
yaradılan bir sıra beynəlxalq təşkilatlara daxil olmaqdan açıq şəkildə imtina
edib. İşin daha maraqlı tərəfi isə ABŞ-ın ölkə ərazisində fəaliyyət göstərən əcnəbi
şirkət və müəssisələri, onların gəlirləri, ödədikləri vergilər və s. ilə bağlı
həmin əcnəbilərin vətəndaşı olduğu dövlətlərin rəsmi sorğusuna belə cavab verməməsidir.
ABŞ rəhbərliyi belə hesab edir ki, hökumət ABŞ-ın dövlət büdcəsinə vergi ödəyən
əcnəbilərə məxsus istənilən müəssisənin uzunmüddətli fəaliyyətini təmin etməli,
ona qarşı istənilən basqı və müdaxilənin qarşısını almalıdır. Çünki həmin müəssisə
və obyektin hər hansı səbəbdən öz fəaliyyətini dayandırması ABŞ dövlət büdcəsi
üçün itki deməkdir. Bu isə ABŞ hökuməti, onun milli maraqlara söykənən siyasəti
baxımından yolverilməzdir. Məhz bu səbbədən də Ağ Ev dövlət büdcəsinə vergi
pullarının mütəmadi axınını təmin etmək üçün beynəlxalq təşkilatların şəffaflıq
və qarşılıqlı yardımla bağlı təklif və
iradlarına belə göz yumur, bu prinsiplərə asanlıqla arxa çevirir.
ABŞ nümunəsi bir daha
verginin dövlət üçün nə qədər əhəmiyyətli və vazkeçilməz olduğunu göstərir.
Vergi sistemindəki boşluqların davamlı axtarış mexanizmi ”“ Qərb nümunəsi
ABŞ və ümumilikdə Qərb dövlətlərinin vergi
sisteminin daha bir özəlliyi isə artıq oturuşmuş olan
vergi sisteminin hər il
yenidən gözdən keçirilməsi, sistemdəki ən xırda boşluqlaırn belə təsbit edilib
aradan qaldırılmasıdır. Vergi sistemini sadəlikdən mükəmməlliyə doğru aparmaq,
sistemin daha optimal və çevik fəaliyyətini təmin etmək, kimsənin vergi
sistemindən yayınmasına imkan verməmək, habelə vergi ədalətini təmin etmək üçün
bu dövlətlərdə vergi sistemi hər il ciddi şəkildə təhlil edilir ki, bu da ilk
baxışda görünməyən, sezilməyən boşluqları aşkar etməyə, vergi sistemini hər il
bir addım daha irəli götürməyə imkan verir. Bununla yanaşı, həmin dövlətlər
vergi sistemini yaxşılaşdırmaq üçün sadə vətəndaşlardan, iqtisadçılardan, vergi
mütəxəssislərindən də təkliflər almağa böyük maraq göstərir və ictimaiyyəti bu
cür təkliflərə həvəsləndirir.
Bu baxımdan Qərb dövlətlərinin
oxşar təcrübəsinin Azərbaycanda da tətbiqinə çox böyük ehtiyac var. Praktikada
özünü təsdiqləyən bu cür təcrübələrin tətbiqi Azərbaycanın dövlət büdcəsinə
daxil olan vəsaitlərin artmasına, vergi mühitinin yaxşılaşmasına təkan verə bilər
ki, bu da dövlətin vətəndaş qarşısındakı öhdəliklərini daha yüksək səviyyədə
yerinə yetirməyə, sosial rifah şəraitini yüksəltməyə imkan verər.
Seymur Əliyev
Məqalə Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi
sistemi yeni iqtisadi inkişaf mərhələsində”x9d mövzusunda fərdi yazı müsabiqəsinə
təqdim olunur və “Dövlət və vergilər: Dövlət büdcəsinə ödənilən vergilər nəyə xərclənir?”x9d
istiqamətini əhatə edir.




































































































