Muğan ”“ titanlar diyarı və ya tarix içindəki tarix....

Hazırda oxunan: Muğan ”“ titanlar diyarı və ya tarix içindəki tarix....

137959

Azərbaycanın bəşər tarixində ən qədim insan məskənlərindən biri olduğu, vətənimizdə qədim sivilizasiyaların sürətlə bir-birini əvəzlədiyi tarix elminin inkaredilməz dəlillərlə isbatladığı məlum həqiqətlərdən biridir. Lakin Azərbaycan daxilində elə şəhərlər, yaşayış massivləri, tarixi məkanlar var ki, onlar öz tarixiliyi, əzəliliyi, qədim adət-ənənələri ilə daha çox diqqət cəlb edir, daha çox heyrət və ehtiram doğurur. Bu cür qədim yaşayış massivlərindən biri də Muğandır.

 

Şöhrəti sərhədlərinə sığmayan Muğan

 

Muğan Azərbaycanın cənub-şərq hissəsində yerləşir. Şimalda Şirvan, qərbdə Qarabağ, cənubdan isə Cənubi Azərbaycanla sərhəd olan Muğanın şöhrəti onun mövcud sərhədlərindən qat-qat böyükdür. Muğanı şöhrətləndirən bir neçə ciddi amil var ki, bunlardan da biri ərazidə antik abidələrin, svilizasiya nümunələrinin çox olması, öz qədimliyi, təkrarsızlığı ilə başqalarından fərqlənməsidir.

Muğanın ən qədim abidələrindən biri Muğan Babazanlı abidələridir. Yaşı üç min ilə yaxın olan bu abidələr insanların Muğanda min illər bundan öncə məskunlaşdığını göstərir. Qeyd edək ki, 2014-cü ildə prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Muğan Babzanlı abidəsinin 2800 illiyi böyük təntənə ilə qeyd olunmuş, çoxsaylı tədbir iştirakçılarına sözügedən tarixi abidə haqqında ətraflı məlumat verilmişdir.

Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində eradan  əvvəl II-III minilliklərə aid xeyli sayda tarixi abidələr aşkarlanıb ki, onların bir çoxu rayon tarix-diyarşünaslıq muzeyində saxlanılır.

 

Muğanı itmiş Atlantida ilə eyniləşdirən nədir?

 

Muğanın zəngin tarixiliyinin digər bir isbatı isə vaxtiylə bu ərazidə Muğan adında şəhərin mövcud olmasıdır. Hansı ki, bu faktor onu əfsanəvi, itmiş Atlantida ilə eyniləşdirir. Lakin Atlantidadan fərqli olaraq Muğan şəhərinin mövcudluğu tapılan saysız-hesabsız maddi-mədəniyyət nümunələri əsasında öz təsdiqini tapıb və belə bir şəhərin mövcudluğu kimsədə şübhə doğurmur. Belə ki, məşhur tədqiqatçı V.A.Kvaçidzenin Şirvan qoruğunun sahilyani ərazilərində apardığı araşdırma nəticəsində bu şəhərin mövcudluğunu isbatlayan tədqiqatlar həyata keçirmiş, IX-XIV əsrə aid şəhərin qalıqlarını aşkarlamışdır. Dəniz dibindən çıxarılan saxsı qablar, müxtəlif  alətlər Muğan şəhərinin mövcudluğu ilə yanaşı, bu şəhərdə sənətkarlığın və ticarətin yüksək səviyyədə inkiaşf etdiyini təsdiqləyir. Muğanın həm çar, həm də sovet Rusiyası dönəmində rus elmi-siyasi sferasının daimi diqqət mərkəzində olması, rus alimlərinin bu ərazilərdə geniş tədqiqat işləri aparması da Muğan tarixinin düşmən üçün belə maraq və ehtiram doğurduğunu göstərir.

 

Əmək titanlarından geriyə qalan izlər, yaxud dünyanı heyrətləndirənin heyrəti...

 

Muğanda əkinçilik və heyvandarlığın qədim dövrlərdən təşəkkül tapdığı, bu diyarda o dövr üçün heyrətamiz sayılacaq böyük təsərrüfatların mövcud olduğunu isbatlayan xeyli sayda tarixi fakt var ki, bunlardan da biri qədim dövrdən qalan Govurarx suvarma sistemidir. Bu qədim suvarma sistemi, onun mürəkkəb və çoxşaxəli forması Muğanda əkinçilik təsərrüfatının hədsiz inkişaf etdiyini, əhalinin əsas məşğuliyyətini təşkil etdiyini göstərir. Govurarx sisteminin unikallığı təsərrüfatın inkişaf miqyası ilə yanaşı, həm də burada əmək titanlarının yaşadığını, onların ağır zəhmət hesabına əmək xarüqələri yaratdığını göstərir.

Bu sistemin o dövr üçün nə qədər mükəmməl və həyati əhəmiyyət kəsb etdiyini aydın təsəvvür etmək üçün təkcə bir faktı xatırlatmaq kifayətdir. XIII əsrdə Çingiz xanın hərbi qüvvələri Azərbaycana hücum əsnasında Muğandakı təsərrüfatları, eləcə də Govurarx sistemini dağıdır. XIV əsrdə öz hərbi qələbələri və ilə dünyanı heyrətləndirən Əmir Teymur Muğandakı bu suvarma sistemi ilə tanış olan zaman onun qeyri-adi orijinallığından heyrətlənmiş, Muğan düzü üçün həyati əhəmiyyət kəsb edən bu sistemin bərpasını əmr etmişdir. Məhz Teymurləngin bu əmrindən sonra Govurarx 1368-ci ildə bərpa edilir.

Hazırda Sabirabad və Saatlı bölgəsində Govurarxın bəzi hissələri uzaq tarixin yadigarları kimi qorunub saxlanılmaqda, mühafizə edilməkdədir.

 

Muğan cəngavərləri “qəhvəyi taun”x9d və erməni faşizminə qarşı...

 

Antik dövrlərdən igidlər, cəngavərlər yurdu  olan Muğan Qarabağ müharibəsində də öz qəhrəmanları, qormaz döyüşçüləri ilə diqqət çəkmiş, tarix yazmışdır. Müharibə zamanı Saatlı yurdundan  xeyli sayda döyüşçü hücum və müdafiə əməliyyatlarında aktiv iştirak etmiş, 116 şəhid soydaşımız qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdir. 1995-ci ilin mart olaylarında həlak olan Hüseynov Elşən İbrahim oğlu isə Milli Qəhrəma adına layiq görülmüşdür.

Muğan torpağı 1989-cu ildə Orta Asiyadan didərgin salınan Axıska türklərinə də qucaq açmış, onların bir hissəsi Saatlı rayonu ərazisində məskunlaşmışdır. 

II Dünya müharibəsi zamanı faşist Almaniyasının timsalında “qəhvəyi taun”x9dla mübarizədə də öz döyüşçülərinin cəsurluğu ilə seçilən Saatlıdan 1600 nəfər ordu sıralarına qatılmış, onlardan 533 nəfər hərbi əməliyyatların gedişində həlak olmuşdur.

Bu gün də Muğan diyarının minlərlə gənci Azərbaycan Silahlı Qüvvələrində xidmət keçməkdə, vətənimizi suverenliyini, ərazi bütövlüyünü mərdliklə qorumaqdadır.

 

Muğan sevgisi Azərbaycan ədəbiyyatında...

 

Muğanın barlı-bərəkətli düzləri, Muğan insanının əməksevərliyi, yüksək yaradıcılıq ruhu yalnız tarix səhifələrində, maddi-mədəniyyət nümunələrinin timsalında əbədiləşməmiş, həm də Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına yol tapmışdır. Muğan haqqında yazılan poeziya nümunələrindən biri Azərbaycanın məşhur şairlərindən Səməd Vurğunun 1948-1949-cu illərdə qələmə aldığı “Muğan”x9d poemasıdır. Hansı ki, şair bu poemada Muğan düzünün rəngarəng təbiətini, insan və təbiətin harmoniyasını parlaq poetik boyalarla canlı bir şəkildə təsvir edir:

De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?

 

Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran”x9d.

 

Azərbaycanın görkəmli şairlərindən Məmməd Arazın “Muğanın şikayəti”x9d şeiri də Muğan təbiətinin gözəlliyindən, eləcə də bu təbiətin qorunmasının zəruriliyindən bəhs edir:


“Bu düzləri düz keçin,
Haraysız, səssiz keçin.
Şirvanda ov gəzməyin,
Mili tüfəngsiz keçin:
    Ceyran azalıb,
    Yaman azalıb!

Güllə səsi gəldimi
Güllə tək süzüb gedər.
Bir şer sətri kimi
Çöllərdən küsüb gedər...
    Ceyran azalıb,
    Yaman azalıb!”x9d

 

Mərhum yazıçı Rafiq Tağının “Muğam tərəflər”x9d hekayəsində də Muğan təbiətinin əsrarəngizliyindən sevgi ilə bəhs edilir:

Muğan tərəflərin zəmiləri yamyaşıl vaxtlarında sarımtıla çalır, sapsarı vaxtlarında ”“ yaşılımtıla. Yaşılına qoyun-quzu daraşır, sarısına ”“ quşlar.
Yayda istidən peçə dönər, içində də alovu ”“ qızıl ilanları”x9d.

Muğan, onun ecazkar təbiəti ilə bağlı Azərbaycan ədəbiyyatında şeir, hekayə nümunələri kifayət qədər çoxdur. 2010-cu ildə AYB Muğan Bölməsinin “Muğanın səsi”x9d adlı şeirlər toplusu nəşr olunub ki, həmin topluda Muğan bölgəsində yaşayan 60 nəfər qələm adamının yaradıcılıq nümunəsi yer alıb. Hansı ki, bu nümunələr arasında da doğma diyarın gözəlliklərinə həsr edilən şeirlər az deyil.

 

Qədim Muğanın bu günümüzə və gələcəyimə tutduğu işıq...

 

Qeyd etdiyimiz kimi, qədim Muğan əhalisinin əsas məşğuliyyət növlərindən biri əkinçilik olub. Ərazinin Kür və Araz çayı ilə əhatələnməsi, su ehtiyatının bolluğu, relyefin düzlüyü, torpağın hədsiz məhsuldarlığı və s. kimi amillər burada əkinçilik təsərrüfatının inkişafı üçün ideal imkanlar yaradır. Sanki təbiət özü yaratdığı bu imkanlarla insanları torpağa daim yaxın olmağa, onu əkib-becərməyə “vadar edir”x9d. Hansı ki, təbiətin bu təhrikedici səsi bu gün də yetərincə aydın şəkildə eşidilməkdədir.

Minillər bundan öncə olduğu kimi, bu gün də Muğan ərazisində, bu qədim torpağın qoynunda yerləşən rayonlarda, eləcə də Saatlı torpağında əkinçiliyin inkişaf etdirilməsi bir zərurət olaraq özünü göstərir. Qeyri-neft sektorunun inkişafı siyasəti fonunda bu sahəyə diqqətin artırılması getdikcə daha çox aktuallıq qazanır.

Artıq bu zərurətlə bağlı dövlət səviyyəsində bir sıra konkret addımlar atılıb ki, bunların bir çoxu məhz prezident İlham Əliyevin təşəbbüsü əsnasında reallaşıb.

11 may 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə iki milyon manat vəsaitin ayrılması buna nümunədir. 16 iyul 2013-cü ildə isə ölkə başçısının digər bir sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinə 3,5 milyon manat vəsait ayrıldı ki, bu vəsaitin də qədim Muğan yurdunun sosial-iqtisadi inkişafında böyük rolu oldu.

 

Görülməsi gərəkən daha bir iş: “Sehirli xalçalar”x9dın xilas əməliyyatı...

 

Bu gün qədim Muğanla bağlı bərpasını, inkişafını gözləyən tarixi ənənələrdən biri də xalçaçılıq sektorudur.

Uzun əsrlər boyu öz xalçaları ilə yalnız Azərbaycan və qonşu dövlətlərdə deyil, bütün dünyada böyük şöhrət tapan Muğan xalçaları haqqında tarixçilər, xalçaçılıq sənətinin mütəxəssisləri qiymətli fikirlər söyləmiş, rəylər bildirmişdir.  X əsrdə qələmə alınan “Hüdud-ul-aləm”x9d əsərində Muğanda toxunan xovlu, və xovsuz xalçaların qeyri-adiliyindən, misilsizliyindən sevə-sevə bəhs edilir. Muğan xalçalarının dünyanın bir çox ölkələrinə ixrac edildiyi, bu xalçalara tələbatın hər zaman yüksək olduğu da tarixi mənbələrdən bu günümüzə gəlib çatan məlumatlar sırasındadır.

“Quşlu", "Səlyan", "Çuxanlu", "Şıx Salahlı", "Səlyan Xiləsi", "Çiçəkli Muğan", "Qaradonlu", "Şahsevən"və s. adlarda toxunan, müxtəlif forma və kompozisiyalara malik Muğan xalçalarının bir sıra növləri zamanla unudulmuş, tarixin qaranlıqlarında itib-batmışdır. Bu gün Muğan xalçaçılıq sənətinin inkişafı, unudulan qədim xalça növlərinin bərpası, Muğan diyarının xalçaçılıq şöhrətinin geriyə qaytarılması olduqca vacibdir. Bu, həm də Azərbaycan mədəniyyəti, sənətkarlığının tərəqqisi yolunda atılan bir töhfə olar.

 

Seymur Əliyev

 

Məqalə Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz”x9d mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin