"İclaslarda bir mən, bir də Xanlar Vəliyev pencəksiz olurduq"

Hazırda oxunan: "İclaslarda bir mən, bir də Xanlar Vəliyev pencəksiz olurduq"

136395
"Rövşən Əliyevin Səfər Əbiyevlə dartışmağa, mübahisə etməyə başlaması Surət Hüseynova xoş gəlmədi və əsəbi şəkildə Rövşən Əliyevi yerinə oturmağa göstəriş verdi"

"Müşavirə gedən zaman kinoteatrın səhnəsinə, birbaşa Surət Hüseynovun  yanına Əlikram Hümbətov daxil oldu"

Moderator.az bir müddətdir ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/136078.html


...Zirzəmidə xeyli xarici jurnalist vardı. Nadir dedi ki, bərk atışma olan kimi bunlar gəlib bizim zirzəmiyə girirlər. Jurnalistin biri iki daşın arasında əlimdəki avtomatı çəkir, italyan dilində nəsə soruşurdu. Sürücüm yaxınlaşıb: İlham müəllim, qaranlıq düşməmiş bəlkə gedək, dedi.
 
Yola düşdük. On gün keçəcək,  23 iyulda Ağdam düşmən əlinə keçəcək. Məni balalarımın canına and verib yola salan Nadir Əliyev qəhrəmancasına həlak olacaq, iki körpə balasının gözləri yaşlı qalacaq. Ağdamın Əlağalı kəndindən olan Nadirə ölümündən sonra Milli Qəhrəman adı veriləcək. 

Şuşa Qarabağın ürəyi, Ağdam vuran əliydi. Müharibədən əvvəl də beləydi. Qarabağ müharibəsində də ən çox şəhid verən Ağdam oldu. Tələbəlik illərinin bir xatirəsini bölüşmək istəyirəm. Qaydaya görə universitetdə təhsil başa çatanda  oğlanları 3 aylıq “sbora”x9d, hərbi toplantıya ”“ Pirikişkülə aparırdılar. Bizim bölük hüquq fakultəsilə bir yerdəydi. Şənbə günü Bakıya getmək üçün komandir şərt kəsdi ki, həyəti təmizləsək icazə verəcək. Təmizliyi tez bitirib getmək istəyirdik ki, hərbi hissənin əsgərləri, 15-20 nəfərlik bir dəstə yanımızdan keçib bizi lağa qoyub,  gülməyə başladılar. Əsgərlərin hamısı erməniydi, əlimizdəki əsgər bellərini (lopatka) çəkib bunların üstünə gedəndə, ermənilər də bellərini əlinə alıb üstümüzə gəldilər. Sayımız faktiki bərabər idi. Ermənilərdən biri qabağa çıxıb: çoxlu qan tökməkdənsə başçılarımz dalaşsın, sizdən də, bizdən də bir nəfər. Bizdən Aşot vuruşacaq-dedi. Söz erməninin ağzından qurtaran kimi ağdamlı Natiq Ağamirov qabağa çıxıb: bizdən də mən-dedi. Natiq boyda özündən hündür olan ermənini iki dəqiqəyə ağız-burnunu qanla doldurub yerə yıxanda təklifi verən erməni araya girib, davanın bitdiyini dedi. Bölükdə cüssəli oğlanlar vardı, amma Natiqin içindəki ağdamlı dəli-doluluğu onu hamıdan tez qərar verib qabağa çıxarmışdı. Bu dünya indi Azərbaycanla Ermənistanı da baş-başa buraxsa Ermənistanın ağız-burnunu qısa zamanda dağıdar bu millət. Yenə də elə qabaqda ağdamlı döyüşçülər olar. Yeri gəlmişkən, Natiq Ağamirov indi Moskvada “Vəkillər Gildiyası”x9d nın sədridi.
 
Səhəri Şəmkirdə işə çıxanda sürücümün anası yanıma gəldi. Ağlamsınmış dedi:
-İlham müəllim, mənim aman-zaman bir oğlum var. Dünən o gəlib, səhərə qədər yuxusunda sayaqlayıb. Yaman qorxub. Xahiş edirəm, onu bir də müharibə olan yerə aparmayın. Lazımdısa işdən çıxarın, ayrı adam götürün, amma oğlumu bir də aparmayın.
Mən sürücümün anasını sakitləşdirib, bir daha cəbhə bölgəsinə onu aparmayacağımı  bildirdim.
On gündən sonra sürücü yanıma gəlib dedi ki, işdən çıxıram. Səbəb kimi qonşusunun Samux rayonuna prokuror təyin olunduğunu və sürücü kimi onu işə götürdüyünü dedi. Səbəb həm o deyən idi, həm də qorxmağı. Ürəkdən razılığımı bildirdim.
Burda hadisələri xronologiya baxımından qabaqlamaq istəyirəm. Heç bir il çəkmədi ki, Samux rayonunun yeni təyin olunan prokuroru - Nazim müəllimi sürücüsü ilə birlikdə qətlə yetirdilər. Bu, döyüş bölgəsinə getməkdən çəkinən, sakit həyat arzulayan mənim keçmiş sürücümün faciəli sonu idi. Ölümün harda gələcəyi bəlli olmaz...
                                                           
Şəmkirin icra başçısının dəyişəcəyi gözlənilən idi. İyulun sonunda Aslan Aslanovu ədliyyə naziri İlyas İsmayılov rayona təqdim etdi. Mən təqdimat mərasiminə dəvət olunmamışdım. Qaydaya görə mütləq çağrılmalıydım. Mən də təqdimatdan sonra  yeni başçı ilə görüşə getmədim, fikirləşdim ki, dəvət edəndə gedərəm. Təxminən beş gün keçmişdi, kabinetdəydim, başçının telefonu zəng çaldı. Dəstəyi qaldırıb: eşidirəm ”“dedim. Aslan Aslanov: - Bu kimdi, bura haradı? Sanki uşaq bilmədiyi düyməni basmışdı. Təbii ki, Aslanov hara zəng etdiyini bilirdi və özünü o yerə qoymurdu. Mən:
-MTN rayon bölməsidi. Eşidirəm.
-Ooo.., İlham müəllim, səsinizi eşidək, balam, rayona yeni başçı gəlib, amma gəlib görüşmürsünüz?
-Məni Sizin təqdimat mərasiminə çağırmamışdılar. Fikirləşdim ki, yəqin Siz istəmirsiniz.
-İlham müəllim, gəlin görüşək, Sizi dəvət etməməkləri mənim günahım deyil, gəlin, gözləyirəm Sizi.


Aslan Aslanovla görüşdük. İlk təəssüratım məni sonralar da aldatmadı. Bu adam kobud, təkəbbürlü, ən əsası savad dairəsi çox məhdud  biriydi. Yayın ən isti vaxtında idarə, təşkilat rəhbərlərinə kostyum geyməyə məcbur edirdi. Yayda keçirilən iclaslarda bir mən, bir də rayon prokurorunu əvəz edən  müavin Xanlar Vəliyev ( indi respublikanın hərbi prokurorudu) pencəksiz olurduq. İclas salonuna girəndə tər iyindən baş çatlayırdı. Xanlar  Vəliyev Aslanovla yaxın idi, bir dəfə də iclasdan sonra yanına girib bu kostyum söhbətini qurtarmağı dedi.
Əbülfəz Elçibəyə inamsızlıq referendumuna hazırlıq gedirdi. Bakıdan Müslüm İmanov da Şəmkirə təhkim olunmuşdu. Zəyəm kəndində referendumun gedişinə mən nəzarət edirdim. Referendumdan əvvəl Surət Hüseynov respublika müşavirəsi təyin etdi.
 

Ağdamın işğalı təzə bitmişdi, Dağlıq Qarabağ ətrafı  başqa rayonlarının da başını təhlükə almışdı. Avqustun ortaları  idi. Surət Hüseynov bütün rayonların icra başçılarını, hüquq mühafizə orqanlarının rəhbərlərini, Milli Ordunun rəhbər heyətini Gəncəyə topladı. Gecə saatlarında “Bakı”x9d kinoteatrının binasında respublika müşavirəsi keçirildi. Surət Hüseynov bu toplantıyla güc nümayiş etdirirdi. Bu toplantıyla ölkəyə, onun rəhbərinə açıq demək istəyirdi ki, istədiyim vaxt hamını istədiyim yerə yığa bilərəm. Müşavirədə əsasən hərbçilər - Səfər Əbiyev, indi xatırlamadığım hərbi hissə komandiri, hərbi prokuror Rövşən Əliyev çıxışlar etdi. Məlum oldu ki, Cəbrayıl, Füzuli rayonları da   düşmən əlinə keçmək üzrədi. Rövşən Əliyev Səfər Əbiyevlə dartışmağa, mübahisə etməyə başladı. Bu Surət Hüseynova xoş gəlmədi və əsəbi şəkildə Rövşən Əliyevi yerinə oturmağa göstəriş verdi. Müşavirə gedən zaman hamının təəccübünə səbəb olan hadisə baş verdi. Kinoteatrın səhnəsinə, birbaşa Surət Hüseynovun  yanına Əlikram Hümbətov daxil oldu. Əlikram Hümbətov artıq Talış Muğan Respublikasını elan etmişdi. Bura necə gəlib çıxıb, kim dəvət edib? Cavab məlum idi, bizi kim dəvət etmişdisə .., o. Müşavirədə pıçıltılar uğultuya keçirdi. İlk ayağa durub etiraz edən Goranboy icra başçısını əvəz edən Ağa Əkbərov oldu. Yerlərdən onu dəstəkləyən səslər eşidiləndə S.Hüseynov vəziyyətin gərginləşdiyini hiss edib müşavirəni bitirdi. Səhərisi gün Heydər Əliyev Ağa Əkbərovu Goranboy rayonuna başçı təyin etdi. Hər şey nəzarətdə idi...

                                                             
Beləcə, ölkədə nüfuz savaşı böyüdükcə düşmən Qarabağ torpaqlarını dayanmadan işğal edirdi. Füzuli, Cəbrayıl bir-birinin ardınca işğal olundu. Ağdamın işğalından sonra bu rayonların da işğal olunacağı gözlənilən idi. Ölkədə hakimiyyət davası gedirdi. Elçibəyə inamsızlıq referendumundan sonra prezident seçkiləri təyin olundu. Seçkilərə hazırlıq dövründə Qubadlı da işğal olundu. Zəngilan bir ada kimi qalsa da onun da taleyi həll olunmuş görsənirdi. 
    

Bu arada dövlət katibi Lalə Şövkət Hacıyeva Şəmkirə gəldi. Aslan Aslanov cəmi bir ay Lalə xanımın köməkçisi işləmişdi, yaxşı münasibətləri vardı. Helikopterlə gələn Lalə xanımı qarşılamağa yenə məni dəvət etmədilər. Lalə xanımın ayaqları altında qurban kəsən A.Aslanov məndən dövlət katibinə şikayət edir ki, o cəbhəçıdi, cəbhənin kadrıdı, Sizi  qarşılamağa belə gəlməyib. Xəbər mənə elə həmin gün çatdı. Münasibətlər başçı ilə hər gün gərginləşirdi. Bu arada Aslanov rayon bankını yoxlatdırmaq göstərişini verdi. Bankın müdiri yanıma gəlib başçının banka təsadüfü bir adamı ”“rayon istehlak cəmiyyətinin  mühasibini göndərdiyini dedi. Bu qanun pozuntusu idi. MTN tərəfindən xüsusi icazəsi olmayan şəxsin bankı yoxlamaq ixtiyarı yox idi. Bank işçilərinin əksəriyyəti MTN-in  yoxlamasından keçəndən sonra  orda fəaliyyət göstərməyə buraxılırdılar. Bir də rayon bankını Mərkəzi Bankın işçiləri yoxlaya bilərdilər. Mərkəzi Bankın nümayəndəsi ilə bankın müdiri iki dəfə yanımda olandan sonra mən xəbərdar etdim ki, “xüsusi icazəsi”x9d olmayan şəxsin bank sənədləri ilə tanış olması mümkün deyil.

Həftənin birinci günü idi, səhər əməkdaşlarla əməliyyat müşavirəsi keçirirdim. Başçının telefonu zəng çaldı. Salamsız, kalamsız:
-Sən dur gəl yanıma, mənə izahat ver görüm, mənim komissiyamı niyə banka buraxmırsan?
-Hara zəng vurmusan?
 Bir az duruxub:
-Bura KQB deyil?
Səsimi ucaltdım:
-Bəli, bura KQB-di, biz hərbi təşkilatıq və yadında saxla ki, mən nazirimdən başqa heç kimə izahat vermirəm. Sənin Miti kişinin də (Rayon istehlak cəmiyyətinin mühasibinin adı Miti idi) bankı yoxlamağa ixtiyarı yoxdu. Qanun yol vermir.
Aslanov da səsini ucaltdı:
-Yox, sən gəlib mənə izahat verəcəksən ki...
Sözünü yarımçıq kəsib:
-Səni qandırmaq çətindi, ( bir az da sərt demişdim) hünərindi bir də bura zəng edəsən-deyib dəstəyi asdım.
Əməkdaşımızın biri:
-Ay müəllim,  niyə elə sərt cavab verdiniz, axı bir yerdə işləyəcəksiniz.
-Tapdıq, bu gün mənim üstümə qışqıran, sabah bu təşkilatı, sizi tapdalamaq həvəsinə düşəcək. Bunu yerində oturtmasaq işimiz çətin olacaq. Mən tezliklə gedəcəm, amma Siz qalacaqsınız. O ən azı təşkilata hörmət etməyə məcbur olacaq.

Oktyabrda məzuniyyətə çıxdım. Nazirliyə gəlib kadr idarəsinin rəisi Xaliq İsgəndərovla görüşəndə İsgəndərov nazirin mənim haqqımda sərt danışdığını söyləyib, məzuniyyətin sonunda gəlməyimi tapşırdı. İki həftədən sonra kadra gələndə sərəncama götürüldüyümü dedilər. Halımı da pozmadım. İki gündən sonra kadrdan çağırdılar. İki rayondan birini seçməyimi istədilər- ya Qəbələ, ya Göyçay. Göyçaya razılıq verdim. Həmin gün əmrlə Göyçay rayon bölməsinə rəis vəzifəsinə təyin olundum. Şəmkirə qayıdıb sənədləri, xidməti avtomobili təhvil verdim. Nəriman İmranovun Şəmkirə gələcəyi, yeni rəisi  təqdim edəcəyi məlum oldu. Əslən ermənistanlı olan yeni rəisin təqaüdə çıxmasına az qalmışdı və heç bir perspektivi də gözlənilmirdi. Bu adam məndən sonra Xanlar rayonuna kurator təyin olunmuşdu. Hərdən xanlarlılarla görüşəndə mənə şikayət edirdilər, xüsusilə də orqan işçiləri:
-İlham müəllim, Sizdə olan səmimiyyət, camaata münasibət, rayonun işinə can yandırmaq sizi əvəz edəndə yoxdu.
Bir dəfə isə mənim cəlb etdiyim agent Şəmkirə yanıma gəlib ondan şikayət etdi:
-İlham müəllim, bu adama deyin, mənimlə küçənin ortasında görüşməsin, məni tez-tez iş yerimdən zəng vurub soruşmasın. Məndən şübhələnirlər.
Konsperasiya bizim işin əlifbasıdı, buna əməl etmək şərtdi...
   
Şəmkirdə rəis olduğu müddətdə Aslanov tərəfindən lağ yeri, şit zarafat obyektinə çevrilmişdi. Rayonun yeni prokuroru mənimlə yaxın idi. Bir dəfə Gəncədə görüşəndə dedi ki, ”x9dRəis bir qalın qovluq gətirdi Aslanın kabinetinə, üstünə “liternoe delo”x9d yazılmışdı. Ordan sənin rayon haqqında, konkret Aslan Aslanov haqqında yazdıqlarını Aslana oxuyurdu. Biz ”“ (polis rəisi ilə prokuror) məəttəl qalmışdıq, MTN ”“ də belə etmək olmaz axı.”x9d  Kənar adamlar məxfi sənədlərin hansısa icra başçısına yaltaqlanmaq adı altında açıqlanmasının mümkünsüzlüyünü başa düşürdülər, MTN ”“ in bölmə rəisinin isə “anlamaq problemi”x9d varmış.
 
Nəiman İmranovu Şəmkirlə Gəncənin sərhəddində qarşıladım. A.Aslanov da bir kənarda gözləyirdi. İmranovu qarşılayıb Şəmkirə gəldik. Aslanovla nazir icra hakimiyyətinə qalxdılar. Nazir mənə bölməyə getməyi, orda gözləməyi tapşırdı. İmranov bölməyə Aslanovla bərabər gəldi. Aslanovun üzündə bir qalib ifadəsi  vardı. Nazir kollektivə  yeni  rəisi təqdim edəndən sonra  mənim Göyçay rayon bölməsinə rəis təyin edildiyimi deyəndə Aslanovu sanki elektrik vurdu. Özünü saxlaya bilməyib: İlham müəllimi, uje rəis qoymusunuz, Nəriman müəllim? Nazir başı ilə təsdiqləyəndən sonra Aslanov ayağa qalxıb əlini mənə uzatdı: -Təbrik edirəm, İlham müəllim. Göyçay da yaxşı rayondu, mən brosdu (prosto demək istəyən bu adam sonralar televiziyada çıxış edəndə də “brosdu”x9d deyirdi) bilmirdim, bir də təbrik edirəm.
Bu saxta bir təbrik idi, Aslanov pərt olmuşdu...
                                                  
Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin