Belə çıxır ki, Mərkəzi Bank özbaşınalıq edir -İDDİA

Hazırda oxunan: Belə çıxır ki, Mərkəzi Bank özbaşınalıq edir -İDDİA

116003
Xəbər verdiyimiz kimi Mərkəzi Bank dünən qərar verərək valyutadəyişmə məntəqələrinin lisenziyasını ləğv edib. Bu qərardan sonra valyutadəyişmə məntəqələrinin bağlanması labüd olub. Maraqlıdır, Mərkəzi Bankın bu qərarı nə dərəcədə doğrudur? 

Moderator.az-a açıqlama verən Mərkəzi Bankın Qanunvericilik şöbəsinin keçmiş rəisi, vəkil Əkrəm Həsənov qərarı şərh verib:

"Rəsmi qərar yoxdur. Ola da bilməzdi. Çünki Mərkəzi Bank "topdan" bütün valyutadəyişmə məntəqələrini bağlaya bilməz. Bu, qanunsuzdur. Belə ki, 6 yanvarda Mərkəzi Bankın təsdiq etdiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”x9dnın yeni redaksiyası qüvvəyə minib. Həmin Qaydaların 7.1-ci bəndində deyilir: "Mübadilə şöbəsi ayrıca binada və ya binanın küçəyə çıxışı olan əlahiddə hissəsində yerləşdirilə bilər. Binanın daxilinə çıxışı olan mübadilə şöbələri yalnız qapalı tipli iri ticarət və əyləncə mərkəzlərində, yarmarkalarda, mehmanxanalarda, vağzallarda, limanlarda, poçt idarələrində açılır". İndi nə oldu ki, sözügedən obyektlərdə mübadilə şöbələri ola bilməz? Həmin Qaydaların 6.1-ci bəndinə əsasən mübadilə şöbəsinə verilmiş icazə Mərkəzi Bank tərəfindən aşağıdakı əsaslardan biri olduqda ləğv edilir:

1) mübadilə şöbəsinin ləğv edilməsi barədə bankın müraciəti olduqda;
2) mübadilə şöbəsinin açılmasına icazə almaq üçün təqdim edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;
3) bank lisenziyası ləğv edildikdə və ya banka qarşı tətbiq olunmuş təshih tədbirləri çərçivəsində fəaliyyətdə olan mübadilə şöbəsinin fəaliyyətinə xitam verilməsi barədə sərəncam verildikdə;
4) mübadilə şöbəsi açılmasına icazə verildikdən sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud şöbənin altı aydan çox müddət ərzində fəaliyyətinin dayandırıldığı müəyyən edildikdə;
5) mübadilə şöbəsinin əsasnaməsində nəzərdə tutulmayan əməliyyatlar və xidmətlər həyata keçirildikdə;
6) mübadilə şöbəsinin fəaliyyətində bu Qaydaların tələbləri təqvim ili ərzində iki dəfədən artıq pozulduqda.

Yəni birdən-birə bütün mübadilə şöbələri üzrə sözügedən əsaslar yarandı? Yaranmadısa, belə çıxır ki, Mərkəzi Bank özbaşınalıq edir. Əvvəla, ona görə ki, qanunvericiliyə zidd olaraq sahibkarlıq subyektinin obyektini bağlayır. Daha sonra, yaxınlarda lisenziya verib almaq səlahiyyəti Prezident tərəfindən Sənaye və İqtisadiyyat Nazirliyinə verilib. Mərkəzi Bank hazırda belə səlahiyyəti yoxdur.

Məsələnin hüquqi tərəfini kənara qoysaq və iqtisadi mahiyyətinə varsaq, belə çıxır ki, əslində Mərkəzi Bank valyutadəyişmənin leqal yollarını azaldır və qara bazar üçün şərait yaradır. Əlbəttə, Mərkəzi Bank deyəcək ki, xeyr, əslində guya valyuta ajiotajinın qarşısını alır. Amma necə? Məgər mübadilə şöbələri də bankların qurumu deyilmi? Formal olaraq qurumudur. Amma reallıqda belə deyil, onlar bank rəhbərləri ilə qeyri-rəsmi işbirliyi qurmuş sahibkarlara mənsubdur və Mərkəzi Bank illər boyu buna göz yumub. İndi isə birdən ayılıb deyir ki, bağlayıram sizi. Buradan həmçinin o bəlli olur ki, Mərkəzi Bank bazarı kifayət qədər dollarla təmin edə bilmir. Səbəb də ikisindən biridir: ya elan etdiyi qədər dolları yoxdur, ya da elan etdiyindən artıq manat buraxıb dövriyyəyə. Hər bir halda burada hüquq-mühafizə orqanları ciddi araşdırma aparmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin